Nazirlik tələbələrin köçürülmə şərtlərini açıqladı

  10 Avqust 2016    Oxunub : 1682
Nazirlik tələbələrin köçürülmə şərtlərini açıqladı
Bu gün Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan Transfer.edu.az elektron portalının təqdimatı ilə bağlı press-brifinq keçirilib.
AzVision.az xəbər verir ki, bundan sonra təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək.

Təqdimatda çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, portalın yaradılması bakalavriat səviyyəsində ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır və mərkəzləşdirilmiş qaydada aparılacaq.

Belə ki, transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi ali təhsil müəssisəsini seçmək imkanına malik olacaq. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirəcək. Köçürülmənin elektron qaydada həyata keçirilməsi üçün ali təhsil müəssisəsində illər üzrə hər bir ixtisasa dair boş olan yerlər barədə məlumatlar elektron portalda yerləşdiriləcək.

Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.

C.Valehov bildirib ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənədlərin qəbulu cari ilin 10 avqust–5 sentyabr tarixlərində aparılacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: