Tarixi görüş: Azərbaycan uduşda, Ermənistan isə...

  09 Avqust 2016    Oxunub : 3010
Tarixi görüş: Azərbaycan uduşda, Ermənistan isə...
Ötən gün Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib. Toplantıda ölkələr arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Sonda isə dövlət başçılarının Bəyannaməsi imzalanıb.

Şübhəsiz ki, bu toplantı Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük dvidentlər gətirir. Ancaq, Bakı zirvə toplantısının əsas məqsədi "Şimal-Cənub" nəqliyyat dəhlizinin inşasının ən qısa zamanda başa çatdırılması ilə bağlı idi ki, üçü ölkənin prezidenti bu məsələdə də razılığa gəliblər.




Prezidentlərin zirvə toplantısının əhəmiyyətindən danışan millət vəkili Rasim Musabəyov bildirdi ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin Bakı görüşü üçtərəfli əməkdaşlığın başlanğıcıdır: “Nəzərə alsaq ki, İran və Rusiya Azərbaycanın böyük qonşularıdır, belə bir əməkdaşlıq həm geopolitik baxımdan Azərbaycanın mövqelərini gücləndirir, həm də iqtisadi sferada böyük qazanc vəd edir. Şimal-Cənub dəhlizi, Xəzərdə böyük energetik layihələrin birgə gerçəkləşməsi, mövcud kəmərlərin birgə istifadəsi, bölgədə sabitlik, terrorun qarşısının alınması əməkdaşlıq tələb edir ki, bu əməkdaşlıq sayəsində Azərbaycanın maraqları da təmin olunur, mövqeyi möhkəmlənir”.



Millət vəkili Asim Mollazadə isə bildirib ki, İran, Rusiya və Azərbaycan prezidentlərinin Bakıda baş tutan zirvə toplantısı Azərbaycanın qonşuları ilə münasibətlərini daha da gücləndirir: “Yəni, “Şimal-Cənub” dəhlizi Azərbaycanı bölgənin çox mühüm ölkəsinə çevirir. Azərbaycanda enerji məhsullarının daşınması üçün mövcud olan boru kəmərləri Rusiya və İran tərəfindən istifadə olunsa, bu bölgədə çox mühüm layihələrin reallaşdırılması üçün əsas yaradır. Bununla yanaşı Azərbaycan Şərq-Qərb dəhlizi istiqamətində müvafiq sistem formalaşdırıb. Bunun isə həm Rusiya, həm də İran üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, bu istiqamətdə olan razılaşmlar gələcəkdə nəqliyyatdan gələn gəlirlərlə Azərbaycan iqtisadiyyatına öz töhfəsini göstərəcək”.

Təbii ki, meqalayihənin reallaşması və işlək olması üçün regionda davamlı stabilliyin olması zəruri şərtdir. Yəni, regionda təhlükəsizlik məsələsi yenidən ön plana çıxır. Bir sözlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi var olduqca regionda təhlükəsizlik problemi qalmaqda davam edəcək.

A.Mollazadənin sözlərinə görə, bu münasibətlər İran və Rusiya üçün bölgədə stabilliyi yaratmaq üçün ciddi amilə çevrilib: “Ümid edirəm ki, hər iki ölkənin Ermənistana təsiri münaqişənin həllində aparıcı rol oynaya bilər. Ona görə də münaqişənin həlli üçün İran və Rusiyanın maraqlarından irəli gələn müvafiq addımlar gözləyirik. Hazırda Ermənistan bölgədə gedən proseslərdən tam təcrid olunub. Ermənistan öz siyasətində dəyişiklik etməsə, elə hərbi baza kimi qalmaqda davam edəcək”.



R.Musabəyov isə bildirib ki, Ermənistan öz siyasəti ilə dalana dirənmiş bir dövlət və münaqişənin həllində konstruktiv mövqeyə gəlməyincə, onun bu əməkdaşlıqdan fayda götürməsi qeyri-mümkündür. Millət vəkilinin sözlərinə görə, Ermənistan qonşuları ilə münasibətləri düzəltməyənə qədər bölgədə reallaşdırılan layihələrdən kənarda qalmağa məhkum olacaq.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: