ASAN Könüllülərinin `Həmrəylik Düşərgəsi` başlayır

ASAN Könüllülərinin `Həmrəylik Düşərgəsi` başlayır
  19 İyul 2016    Oxunub:1473
ASAN Könüllüləri Təşkilatı “Həmrəylik düşərgəsi” layihəsi həyata keçirir.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə iyulun 20-dən 25-dək Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda baş tutacaq “Həmrəylik düşərgəsi” layihəsində bir sıra sosial aksiya və tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində 6 gün müddətində hərbi qaydalar üzrə yaşayış tərzi, vətənpərvərlik ruhunda səhər yürüşü-idmanı və səhər yeməyi planlaşdırılır.

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları düşərgənin açılış tədbirini təntənəli şəkildə həyata keçirəcəklər. DSX-ın Hərbi Orkestrinin ifasında dövlət himni səsləndiriləcək və düşərgə açıq elan ediləcək.

Düşərgənin açılış mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, eyni zamanda “Həmrəylik Düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından Azercellin prezidenti Vahid Mürsəliyev çıxış edəcək.

Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaq. Düşərgə zamanı həmçinin, dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, DSX “Həmrəylik Düşərgəsi”nin keçiriləcəyi Lahıc qəsəbəsi ərazisində çadırlar və yeməkxanalar qurub.

PAŞA Sığorta, Baku Media Center, Xəzər TV, YARAT Friends, Azersun, Corella boyaları, Azercell, Sağlam Ailə, Azərbaycan Fotoqraflar Birliyi, Vertical Group, ALT Group, SHARP, AZ CAKE, Səba, P&G, Favorit marketlər şəbəkəsi, Coca-Cola, Vertikal Qrup layihəyə maddi formada deyil, sosial məsuliyyət çərçivəsində öz məhsulları ilə dəstək veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti