Azərbaycanda 5 uşaq ehtiyatsızlıqdan ölüb - RƏSMİ

Azərbaycanda 5 uşaq ehtiyatsızlıqdan ölüb - RƏSMİ
  13 İyul 2016    Oxunub:2128
Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı səbəbindən azyaşlı övladlarının nəzarətsiz olmaları nəticəsində yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.

AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Rəsmi məlumatda bildirilib ki, mayın 12-də paytaxtın Nizami rayonunda 3 yaşlı İsa Vəliyevin, mayın 28-də 3 yaşlı Jalə İbrahimovanın, iyunun 28-də Binəqədi rayonunda 2 yaşlı İmran Quliyevin, iyulun 3-də 5 yaşlı Nadir Xəlilovun və iyulun 10-da Pirallahı rayonunda 2 yaşlı Arzu Abışzadənin yaşadıqları çoxmərtəbəli mənzillərin eyvan və pəncərələrindən yıxılaraq vəfat etmələri faktları qeydə alınıb.

Aidiyyəti rayon prokurorluğu və polis orqanları əməkdaşları tərəfindən hadisə yerlərinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Qeyd olunan faktlar üzrə müvafiq rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işləri başlanmış və istintaq aparılır.

Ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edirik.

AzVision.az




Teqlər:  





Xəbər lenti