Qiymətlər `əl yandırır`: `Varlıların vecinə də deyil…` (REPORTAJ)

  22 İyun 2016    Oxunub : 4759
Qiymətlər `əl yandırır`: `Varlıların vecinə də deyil…` (REPORTAJ)
Son günlər paytaxt bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətində süni bahalaşma müşahidə olunur. Əsasən meyvə-tərəvəzin qiymətinin gözlənilmədən qalxması alıcıların narazılığına səbəb olub.

Rəsmi qurumları isə bu məlumatları təkzib edərək qiymətlərin bahalaşmadığını bildirir.

AzVision.az-ın əməkdaşları Bakının “Təzə bazar” kimi tanınan ticarət mərkəzinə baş çəkərək qiymətlərlə maraqlanıb.

Bazarda yerli və xarici olmaqla müxtəlif növ meyvələrə rast gəlmək olar. Qiymət də fərqlidir. Satıcılar qiymətlərin ötən həftə ilə müqayisədə qalxdığını etiraf ediblər. Bildiriblər ki, bahalaşma onlardan aslı deyil, məhsulların topdansatış qiymətləri qalxıb.

Uzun illərdir meyvə satan Arif Nəbiyevin dediyinə görə, bazarda ən ucuz gilası 5 manata tapmaq olar. Növünə görə gilasların qiyməti 5 manatdan 8, 10 manatadək dəyişir.

Ümumi qiymətlər belədir:

-Armud: 6-8 manat
- Ərik: 6-10 manat
-Çiyələk, malina: 5-10 manat
-Alça: 4-7 manat

Satıcı Rasim Mustafayev isə qiymət artımın olmadığını deyib.

“Bazarda kefiyyətinə görə seçmə meyvələr satılır. Buna görə də qiymətlər fərqlidir. Bizim müştərilərimiz əsasən imkanlı şəxslərdir. Onlar qəpik-quruş söhbəti eləmirlər. Pullarını verib, ən yaxşı məhsulları alırlar”.



Digər bir satıcı isə qiymət bahalaşmasının son günlər hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqəli olduğunu bildirib.


“Son günlər hava şəraiti pis olduğundan məhsulun yetişməsi bir az gecikdi. Bu səbədən də gələn məhsulların qiyməti qalxdı Məsələn, siz buradan pomidoru 1 manat 50 qəpikdən başlamış 2-3 manata qədər ala bilərsiniz. Digər tərəvəzlər haqqında da eyni şeyi demək olar, badımcanı növündən aslı olaraq 1-3 manat arası almaq mümkündür. Xiyar 70 qəpiyə, kələmin kiloqramı isə 50 qəpikdir”.



Satıcının sözlərinə görə, kartofun qiyməti 70 qəpikdən başlayır. Bazarda yerli katrof İran katrofu ilə müqayisədə bir qədər baha satılır.

“Qiymətlər müştərilərin cibinə görə deyil. Biz özümüz də qiymətlər baha olduğundan doyunca alıb, yeyə bilmirik. Əvvəl xiyarı 30 qəpiyə alırdıqsa, indi 50 qəpiyə alırıq. Məcburuq onu 70 qəpiyə sataq”.

Satıcılar bildirirlər ki, qiymətlərin bahalaşması bazarda alıcı qıtlığına səbəb olub.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Teqlər: