`Körpələr işığın kəsilməsinə görə ölməyib`- Baş həkim

`Körpələr işığın kəsilməsinə görə ölməyib`- Baş həkim
  21 İyun 2016    Oxunub:6949
“Xəstəxanada yeni dünyaya gələn üçəmlərdən ikisinin ölümünə işığın kəsilməsi səbəb olmayıb”.
Bu sözləri AzVision.az-a açıqlamasında Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Səlimov deyib.

O qeyd edib ki, körpələr vaxtından əvvəl, 31-ci həftədə dünyaya gəliblər. “Əslində belə vəziyyətdə olan ana Bakıda Perinatal Mərkəzdə yerləşdirilməli idi. Amma ana axşam sancı ilə bizə gəldi və doğuş reallaşdı. Üçəm oğlan dünyaya gəldi. Bütün səylərə baxmayaraq, üçəmlərdən 2-si gecə saat 1-də öldü. Bir körpənin vəziyyəti ağır olaraq qalır”.

Baş həkim qeyd edib ki, bütün səylərə rəğmən iki körpənin həyatını xilas etmək mümkün olmayıb.

“Körpələr vaxtından əvvəl doğulduğü üçün çəkiləri az idi. Biri 1100 qram, digərləri isə 1200 qram. Qeyd olunduğu kimi onların ölümünə işığın kəsilməsi səbəb olmayıb. Körpələr gecə saat 1-də ölüb, işıqlar isə təmirlə əlaqədar 2-nin yarısı kəsilib”.

Qeyd edək ki, Salyanın Mərkəzi Xəstəxanasında 21 yaşlı Mirzabitə İlham qızı Abdullayevanın ötən gecə dünyaya gətirdiyi üçəmdən ikisi ölüb. Ailə üzvlərinin verdiyi məlumata görə, doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti