Radikal dindarlara qarşı necə mübarizə aparılır?

Radikal dindarlara qarşı necə mübarizə aparılır?
  21 İyun 2016    Oxunub:1728
Azərbaycanda dini radikal qruplara qarşı mübarizədə 3 istiqamət müəyyən edilib.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, birinci istiqamət qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır:

“Buraya Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar qanun pozuntusuna yol verən radikallaşmış dini qrupların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atırlar”.

M.Qurbanlı bildirib ki, bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə geniş tədbirlər həyata keçirir: “Digər istiqamət isə iqtisadiyyat sahəsi ilə bağlıdır. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu yolverilməzdir.

Üçüncü istiqamət ideoloji təbliğat yoludur. Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, kütləvi informasiya vasitələri, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir”.

Komitə sədri bildirib ki, indiyədək dini maarifləndirmə və dini radikalizmlə mübarizə çərçivəsində Müdafiə, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə tədbirlər planı imzalanıb və icra edilib.

Azərbaycanda dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilib və onların həllində müsbət nəticələr əldə olunub deyən M.Qurbanlı bildirib ki, dövlət-din münasibətlərini tənzimləyən hökumət üzvü statusunda mərkəzi icra hakimiyyəti orqanı MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanda yaradılıb.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  





Xəbər lenti