AŞPA-dakı deputatımız Metsamor məsələsini qaldırdı

AŞPA-dakı deputatımız Metsamor məsələsini qaldırdı
  21 İyun 2016    Oxunub:4753
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov qurumun yay sessiyası çərçivəsində sərbəst debatlarda çıxış edərək Ermənistanda yerləşən, dünyada ən köhnə nüvə texnologiyası ilə inşa edilən və ən təhlükəli stansiyalardan olan Metsamor Atom Elektrik Stansiyasının minlərlə insanın həyatına təhlükə olmasını parlamentarilərin diqqətinə çatdırıb.

O, bu məsələnin dəfələrlə AŞPA–nın müxtəlif strukturlarında qaldırılmasına baxmayaraq, heç bir nəticə əldə olunmadığına və onun Assambleyanın diqqətini çəkmədiyinə təəssüfünü bildirib. Bəşəriyyətə, təbiətə qarşı olan bu etinasızlığın nəticələrinin acınacaqlı ola biləcəyi vurğulanıb.

Qeyd edilib ki, cari ilin aprel ayında Gürcüstan tərəfi 200 milyon dollar dəyərində radioaktiv materialların qaçaqmalçılıq və qanunsuz satışına cəhd edən iki erməni əsilli şəxsi saxlayıb. V.Hüseynov erməni deputatın və keçmiş baş nazirin ölkənin nüvə silahı olması haqqında təhdidlərini xatırladıb.

Azərbaycanlı deputat aprel ayında qoşunların təmas xəttində baş vermiş gərginliklərdən danışaraq erməni silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə qarşı ağ fosforlu mərmidən istifadə etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dünyada ən köhnə texnologiyalarla inşa edilmiş Metsamor stansiyasının zəlzələ zonasında yerləşməsi təkcə Ermənistan əhalisi üçün deyil, bütün region ölkələri üçün təhlükəlidir. Avropa İttifaqı Ermənistanı dəfələrlə bu stansiyanı bağlamağa çağırıb.

Milli Məclisin deputatı AŞPA-nı bu məsələyə diqqət yetirməyə, vaxtı keçmiş Metsamor stansiyasının bağlanmasına, beləliklə, yeni fəlakətin qarşısını almağa, insan hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi üçün hərəkət etməyə səsləyib (AzərTac).


Teqlər:  





Xəbər lenti