`Aprel döyüşləri dövlətimizin gücünü göstərdi` - Mədət Quliyev

`Aprel döyüşləri dövlətimizin gücünü göstərdi` - Mədət Quliyev
  15 İyun 2016    Oxunub:2726
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda elmi-praktik konfrans keçirilib.
DTX-nin İctimai əlaqə şöbəsindən AzVision.az-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstəsi qoyublar. Sonra Akademiyanın akt zalında öz işinə başlayan elmi-praktik konfransda Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.

Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını, o cümlədən Akademiyanın müəllimlərini, dinləyiciləri və kursantları, eləcə də təhlükəsizlik orqanlarının veteranlarını təbrik edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev çıxışında bildirib ki, müasir tariximizdə 15 İyun xalqımızın taleyini, onun gələcəyini müəyyənləşdirən çox əlamətdar bir gündür. Çağdaş yaddaşımızın ən mürəkkəb və ağrılı bir dövründə xalqın təkidli tələbi ilə Ulu öndərin Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövlətimizi siyasi iflasdan, Vətənimizi parçalanmaqdan, respublikamızı yenidən əsarət altına düşməkdən xilas etdi. Ümummilli Lider Heydər Əliyev deyirdi: "müstəqilliyi əldə etmək böyük nailiyyətdir, lakin onu qoruyub-saxlamaq, yaşatmaq daha çətin və şərəflidir". Təcrübəli, uzaqgörən və müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı, əslində böyük, ulu bir millətin oyanışı, özünəqayıdışı, ən başlıcası - Qurtuluşu idi. Biz fəxr edirik ki, Heydər Əliyev epoxasının müasirləri və onun məktəbinin yetirmələriyik. Bu həm böyük iftixar, həm də yüksək məsuliyyət deməkdir. Bütün fəaliyyətimiz Ümummilli Liderin ideyaları üzərində qurulmalıdır.

General-leytenant Mədət Quliyev qeyd edib ki, möhtərəm Prezidentimiz Zati-aliləri cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorun¬ması və möhkəmləndirilməsi siyasi xəttini layiqincə davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Dövlət başçısı möhtərəm İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, ümumxalq məhəbbəti belə deməyə əsas verir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır. Möhtərəm Prezidentimizin düşünülmüş, praqmatik, müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, özünün 25 illik müstəqilliyini qeyd etməyə hazırlaşan Vətənimizin siyasi-iqtisadi nüfuzu dünyada ildən-ilə artır.

Bu ilin aprel ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin rəhbərliyi ilə düşmənin təxribatlarının qarşısının layiqincə alınması, Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi yüksək döyüş əzmi, həyata keçirdiyi ixtisaslı hərbi əməliyyatlar və əldə edilmiş qələbə bir daha dövlətimizin qüdrətini, gücünü bariz şəkildə nümayiş etdirdi.

General-leytenant Mədət Quliyev çıxışının sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin öz Ali Baş Komandanının müstəqil və güclü Azərbaycan naminə, dövlət maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasət xəttinin uğurla həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcəyini bildirdi və konfansın işinə uğurlar arzuladı.

Tədbirdə Akademiyanın müəllimləri, dinləyici və kursantları, həmçinin Ümummilli Lider Heydər Əliyevin şanlı məktəbinin yetirmələri olan veteranlar Azərbaycanın bu gününün və gələcəyinin təməli - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məruzə ilə çıxış edərək bildirdilər ki, 1993-cü ilin 15 iyun günü öz müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan Respublikasının taleyində mühüm mərhələnin başlanğıcı, dönüş nöqtəsidir. Dahi rəhbərimiz Heydər Əliyevin gərgin zəhməti, möhkəm siyasi iradə və zəngin idarəetmə təcrübəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqı vətəndaş müharibəsi uçurumuna yuvarlanmaq, xaos və iqtisadi böhran girdabına düşmək, müstəqilliyini yenidən itirmək təhlükəsindən qurtularaq, müasir, demokratik dövlət quruculuğu, hərtərəfli inkişaf yoluna qədəm qoydu. Böyük düha sahibi olan Heydər Əliyev xalqını işıqlı gələcəyə, müasir, sivil və demokratik cəmiyyət quruculuğuna doğru apararaq, dövlətimizi yeni dünya düzənində söz və mövqe sahibinə çevirməyə nail oldu, hazırda regionun lider dövləti olan Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Qeyd olundu ki, bu gün Heydər Əliyevin azərbaycançılıq irsi etibarlı əllərdədir. Müstəqil Azərbaycan Respublikası Ulu öndərin göstərdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Bütün bunlar Ulu öndərin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq inamla həyata keçirilən müasirləşmə və yeniləşmə xəttinin möhtəşəm təntənəsidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti