`Formula-1` tamaşaçılarını Bulvarda nə gözləyir? – REPORTAJ

  13 İyun 2016    Oxunub : 12808
`Formula-1` tamaşaçılarını Bulvarda nə gözləyir? – REPORTAJ
“Formula-1” Avropa Qran-Prisinin Bakıda keçirilməsi üçün görülən hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Yarışları izləmək üçün xeyli sayda qonaq, tanınmış idmançı və ulduz müğənnilərin paytaxtımıza gəlişi gözlənilir.

Bakının beynəlxalq yarışların yüksək səviyyətdə təşkili üçün kifayət qədər təcürübəsi var. Belə ki, ötən illər ərzində paytaxtımız “Eurovision” musiqi yarışması və Birinci Avropa Oyunlarına ev sahibliyi edib. Nəticədə Bakının adı beynəlxalq yarışların təşkili üçün ən uyğurlu şəhərlər sırasında yer alıb.

“Formula-1”-ə baxmaq üçün gələcək xarici qonaqları və paytaxt sakinlərinin vaxtlarını daha gözəl və əyləncəli keçirmələri üçün təşkilatçılar tərəfindən xüsusi proqramlar nəzərdə tutulub.

Bakının gəzməli yerləri” deyilən zaman ağlımıza ilk olaraq Bulvar gəlir. Bu füsünkar məkan hələ Bakıda keçirilən “Eurovision” musiqi yarışı, Birinci Avropa Oyunları zamanı bütün dünyanın diqqətini özünə cəlb edib. Bakı Bulvarı bu dəfə də Formula tamaşaçılarını sözün yaxşı mənasına təəcübləndirməyi hədəfləyib.

Bakı Şəhər Halqasının sərt dəmir karkaslarının arxasında yerləşən Möhtəşəm Bakı Bulvarı “Formula-1” Avropa Qran-Prisinin bilet sahiblərinə cümə axşamı 16 İyundan başlayacaq dörd günlük bir bayram əyləncəsi vəd edir. Belə ki, həmin tarixdə axşam saat 14:00-da Azneft meydanından Dəniz Vağzalına qədər bütün Dənizkənarı Bulvar boyu uzanan əyləncə zonaları fəaliyyətə başlayacaq. Bakı Şəhər Halqası isə 17-19 iyun tarixləri arası, yəni cümə günündən bazar gününədək saat 10:00-dan etibarən ictimaiyyətə açıq olacaq.



Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai AzVision.az- a bildirdi ki, 16 İyun tarixində Ferrari, Mercedes, Red Bull və Toro Rosso kimi “Formula-1” komandalarının məşhur pilotlarının ilk avtoqraf sessiyaları keçiriləcək. “Formula-1” şəhərciyinin səhnəsində təşkil olunacaq bu avtoqraf sessiyaları saat 16:50-də başlayacaq. Qran-Pri həftəsonunun hər bir günündə müxtəlif komandalar Formula-1 Şəhərciyinə baş çəkəcək. Tamaşaçıların sevimli komandaları ilə görüşü üçün məkana erkən gəlmələri məsləhət görürük.

İstənilən tribunaya bileti olan azarkeşlər üçün təşkil olunacaq Pit Yolu Gəzintisi zamanı Formula-1 aləminə daha da yaxınlaşmaq mümkün olacaq. Saat 18:30-dan 20:30-dək davam edən gəzinti zamanı qonaqlar bütün Pit Yolunu keçərək, komandaların yarışa hazırlığına şahidlik edəcək və pit-stop əməliyyatlarını öz gözləri ilə görə biləcəklər. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Şəhərciyində Abşeron tribunasının yanında olacaq.



Nigar Arpadarai həmçinin qeyd edib ki, dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams həftəsonu Dənizkənarı Bulvar ərazisində qurulmuş səhnələrdə çıxış edəcəklər. 17 İyun cümə günü axşam saatlarında Kris Braun, şənbə günü Enrike İqlesias bazar axşamı Farel Vilyams kimi dünya ulduzları öz ifaları ilə qonaqlara unudulmaz anlar yaşadacaqlar.

Həmçinin həftəsonunda Bakı Bulvarını ziyarət edən hər bir qonaq yalnız Formula-1 ilə deyil, yerli mədəniyyət ilə də tanış olmaq imkanı əldə edəcəklər. Belə ki, iyunun 17-dən etibarən Azərbaycan Mədəniyyəti Guşəsi fəaliyyətə başlayacaq və burada qonaqlar Azərbaycanın tarixi sənətkarlıq və ticarət ənənələrinin sirrləri, o cümlədən, xalçaçılıq, şüşə üzərində nəqqaşlıq, qurama sənəti, dulusçuluq, şəbəkə, çekanka, taxta üzərində oyma, miniatür musiqi alətlərinın hazırlanması, araqçın və çarıq hazırlanması, naxış tikmə və kələğayı boyama ilə tanış ola biləcəklər. Həmçinin milli şirniyyat növlərini və məşhur Azərbaycan çayını da dadmaq mümkün olacaq.

16-19 İyun tarixlərində bilet sahibləri Bulvarda quraşdırılmış xüsusi qalereyada Formula-1 tarixi ilə tanış ola biləcəklər. Qran-Pri Qalereyası yarışların 60 ildən çox tarixini əks etdirən 100 möhtəşəm şəkli özündə birləşdirəcək.



Bakı Bulvarının ərazisində uşaqların əyləncəsi üçün də bütün şərait yaradılır. Yarışın ən balaca qonaqları üçün xüsusi kiçik sürücülük məktəbi təşkil edilir . Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Onlar həm də xüsusi uşaq kartinqində bir-biri ilə yarışmaq şansına sahib olacaqlar.

Bundan əlavə, Bulvar ərazisində yarış azarkeşləri üçün Canlı İstedad Şousu da nümayiş olunacaq.

Belə ki, Qran-Prinin hər bir qonağı yarış simulyatorlarında gücünü sınayaraq, özünü əsl Formula 1 pilotu kimi hiss edə biləcək. Bundan əlavə, fəal istirahəti sevənlər Hava Turbini, Dırmanma Divarı və Batut kimi attraksionlarda əylənə biləcək və eyni zamanda burada peşəkar idmançıların məharətli çıxışlarını izləyə biləcəklər.

Yarış günləri ərzində əyləncə məkanlarında Güzgü Adamlar, Spandy Andy, Ağacayaq, Titan Robot kimi müxtəlif səyyar məzhəkəçi aktyorların iştirakı tamaşaçıların əyləncəsinə rəng qatacaq. Küçə rəssamları isə tamaşaçıları asfalt üzərində çəkdikləri üçölçülü illüziya incəsənət nümunələri ilə heyrətləndirəcək.

Bakı Bulvarında Ekstremal idman növlərini sevənlər üçün də sürpriz hazırlanır. Belə ki, təcrübəli motosikletçilər böyük ölçülü dəmir kürənin içərisində azarkeşlər üçün motosikletlərlə mürəkkəb nömrələr göstərəcəklər. Bundan əlavə, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlər öz məharətlərini nümayiş etdirəcək.



Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi Elmir Bağırov isə AzVision.az-a açıqlamasında Dənizkənarı Milli Parkın ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı oynadığı mühüm roldan söhbət açdı:

- Bakı Bulvarı 1999-cu ildən etibarən Dənizkənarı Milli Park statusu sahib olub. Məhz bu səbəbdən də Dənizkənarı Milli Park Bakıda təşkil olunan beynəlxalq səviyyəli tədbirlər zamanı xüsusi rola malikdir. “Eurovision”, Birinci Avropa Oyunları zamanı da Bakı Bulvarında xarici turistlərin gəzmələri, vaxtlarını daha səmərələri və əyləncəli keçirmələri üçün mühüm işlər görülmüşdü. Həmçinin Formula Qran Prisi üçün də Bakı Bulvarında yüksək səviyydə hazılıq işləri görülür. “Azneft” meydanından, Bakı Dəniz Vağzalına qədər olan ərazi Formula 1 əyləncə məkanı adlanır. Yarışların keçiriləcəyi 17-19 iyun tarixlərində həmin ərazidən əyləncə məkanı kimi istifadə olunacaq. Yalnız Bileti olan qonaqlar oradakı bütün əyləncə xidmətlərindən yararlana biləcəklər.



Formula bir yarışları zamanı da biz öz Dəniz Kənarı Parkımızı dünyaya nümayiş etdirəcəyik. Çünki o, Azərbaycanın turizm potensilanının uğurlu bir göstəricisidir. Eyni zamanda Formula 1 yarışları çərçivəsində biz xalqımızın qonaqpərvərliyini, tolerantlığını da dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq.

Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsi həmçinin Bakı Bulvarının bağlanacağı ilə bağlı şəhər sakinləri arasında gəzən söz-söhbətə də aydınlıq gətirdi:
- 16 iyun saat 16:00-dan “Azneft” meydanından Dəniz Vağzalına qədər olan bulvar ərazisinə girişə məhdudiyyət tətbiq olunacaq. Belə ki, həmin əraziyə yalnız yarışlara bileti olanlar və əməliyyat komitəsinin vəsiqəsi olan şəxslər daxil ola biləcəklər. 20 iyun saat günorta saat 12 tamamdan etibarən qeyd etdiyimiz ərazilər də bütün insanlar üçün açılacaq. Qeyd etdiyimiz tarixlərdə Ağ Şəhər Bulvarı və Yeni Bulvar, Bayraq Meydanı əraziləri isə camaatın istifadəsi üçün tam açıq olacaq.







Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az

Foto


Teqlər: