Azərbaycana turist axını gözlənilir

Azərbaycana turist axını gözlənilir
  12 İyun 2016    Oxunub:4082
“Manatın məznnəsinin dəyişməsi ölkəyə gələn turistlərin sayında artıma səbəb olur”.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. O qeyd edib ki, Azərbaycana xarici valyuta ilə gələn turistlər üçün otellər, restoranlardakı qiymətlər əlverişlidir.

“Xarici turstlər üçün Azərbaycandakı qiymətlər əlverişlidir. Çünki əvvəllər 1 dollar 78 qəpik idisə, indi 1,50 manatdır. Düzdür, hazırda ölkəmizdə keçiriləcək “Formual -1”lə əlaqədar otellərin qiymətlərinin artması barədə məlumatlar yayılır. Bu normaldır. Dünya praktikası göstərir ki, belə tədbirlər keçiriləndə otellər qiymətlərini dərhal qaldırır. Bu otel həyatı üçün normal praktikadır.

Məsələn, Fransada Avropa Çempionatı keçirilir. 100 avroluq otellər 300 avro olub. Yəni indi otellərin qiymətlərinin bahalaşması müvəqqətidir. Sonradan vəziyyət dəyişəcək və əvvəlki qiynmətlər bərpa olacaq”.

N.Bağırov qeyd edib ki, bu yay Azərbaycana indiyə qədər müşahidə edilməyəcək qədər turist gələcək: “Bundan sonra Azərbaycana daha çox turistin gəlməyi gözlənilir. Cənab Prezident tərəfindən vizanın sadələşdirilməsi, vizanın hava limanında alınması, “ASAN Viza”nın açılması turistlərin sayının artmasına səbəb olacaq”.



Assosiasiya sədrinin sözlərinə görə, əvvəllər Azırbaycanda turizm qiymətləri qonşu ölkələrlə müqayisədə baha idisə, hazırda vəziyyət fərqlidir.

“Bizdə otellərin qiyməti qonşu ölkələrlə müqayisədə ucuzdur. Manatın məzənnəsinin dəyişməsindən sonra otellərin 90 faizi qiyməti qaldırmayıb. Bunların əksəriyyəti brend otellərdir. Qalanları isə 10 faiz qiyməti qaldırıb”.

N.Bağırov bu gün Azərbaycanda 2,3 ulduzlu otellərin az olmasından söz açıb. Onun sözlərinə görə, belə otellərin sayının artırılması vacibdir: “Həmin otellərin də öz müştəriləri var. Belə otellərin açılmasına və turistləri ölkəmizə cəlb etməyə ehtiyac var. Onu da qeyd edim ki, dolların bahalaşması Azərbaycanda xaricə gedən turistlərin sayında azalmaya səbəb olub. Lakin qonşu ölkələr, Türkiyə və Gürcüstan istiqamətində azalma müşahidə edilmir”.

Nahid Bağırov eyni zamanda qeyd edib ki, Azərbaycanda turizm şirkətlərinin fəaliyyətində mühüm dəyişikliklər edilib.

“Azərbaycanda 300 turist şirkəti fəaliyyət göstərir. Bunların 90 faizi getmə turizmlə məşğuldur. Lakin bu gün vəziyyət dəyişib. Artıq həmin turist şirkətləri ölkəyə turist gətirməklə məşğul olurlar”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti