Necdet Ünüvar: `Bundestaq Xocalı soyqırımını görməzdən gəlir` - EKSKLÜZİV

Necdet Ünüvar: `Bundestaq Xocalı soyqırımını görməzdən gəlir` - EKSKLÜZİV
  07 İyun 2016    Oxunub:3249
”Bundestaqın qondarma “erməni soyqırımı”nı tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etməsi Türkiyə ilə Almaniya arasında əlaqələrə zərər vurdu”

Bunu AzVision.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Necdet Ünüvar bildirib.

Onun sözlərinə görə, Bundestaqın qəbul etdiyi qərarın hüquqi qiyməti yoxdur: “Türkiyə bu qərarı tanımır, yox sayır. Türkiyə üçün bu qərar əhəmiyyətsizdir. Almaniyanın II Dünya müharibəsində bütün dünyanın gözü qarşısında etnik və dini azlıqlara, xüsusən də yəhudilərə qarşı törətdiyi cinayət soyqırımdır. Bunu təsdiq edən şahidlər və sənədlər mövcuddur. Bunu görmədilər. Bütün dünya Xocalı soyqırımına şahidlik etdiyi halda Almaniya Bundestaqı bu faciəni görməzdən gəlir”,

Necdet Ünüvar qeyd edib ki, Bundestaqın qəbul etdiyi qərarın arxasında siyasi məqsədlər dayanır: “Ümidvaram ki, siyasi düşüncələrlə alınan bu qərar almanlar tərəfindən geri çəkiləcək. Qərar təkcə iki ölkə arasında mövcud olan münasibətləri zədələməyib. Eyni zamanda Almaniyada yaşayan həmyerlilərimizin narahatçılığına səbəb olub”.

Ünuvar əlavə edib ki, 1915-ci il hadisələrini araşdırmaq tarixçilərin işidir: “Belə bir qərarı siyasətçilər və parlamentarilər deyil, tarixçilər verməlidir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi biz bütün arxivlərimizi açmaya hazırıq. Bu iddiaların aydınlaşmasını canı könüldən istəyirik. Almanlara tövsiyə edirəm ki, parlamentdə qərar qəbul etmək yerinə işi tarixçilərə buraxıb, arxivlərin təhlil oluna biləcəyi bir mühitin formalaşmasına zəmin hazırlasınlar. Bu addım dostluğa yaraşan bir hərəkət olar”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti