23 ildir təsbeh yığan azərbaycanlı aşpaz - VİDEO

23 ildir təsbeh yığan azərbaycanlı aşpaz - VİDEO
  06 İyun 2016    Oxunub:15638
“Kimsə məndən təsbeh hədiyyə istəyəndə vermirəm”
AzVision.az maraqlı peşə sahibləri ilə silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz Yasən Bədəlovdur.

65 yaşı olan Y.Bədəlov uzun müddət baş aşpaz kimi çalışıb. 1992-ci ildə keçirdiyi yol qəzasından sonra meylini təsbeh yığmağa salıb. Hazırda onun kolleksiyasında 412 təsbeh var.

Y.Bədəlov bildirib ki, ömür vəfa edərsə, təsbehlərin sayını 500-ə çatdıracaq və bundan sonra onları tanışlara, qohumlara hədiyyə kimi paylayacaq.

“1992-ci ilə qədər baş aşpaz kimi işləmişəm. Yol qəzası keçirəndən sonra işləyə bilmədim. 2001-ci ildə ailəmə birlikdə İsrailə köçməyə qərar verdim. 15 il orada yaşadıq. Bir il olar ki, yenidən Azərbaycana gəlmişik.



Qəzadan sonra təsbehə marağım yarandı. 1993-cü ildən indiyə kimi təsbeh yığıram. Hazırda 412 təsbehim var. Çoxu alınmadır. Hədiyyə verilənlər də var. Ən bahalı təsbehlərimi qızım alıb.

Mənim kolleksiyamda 40-50 manatlıq təsbeh də görə bilərsiniz. Onların çoxunu İsraildə ərəblərdən almışam”.

Y.Bədəlovun kolleksiyasında həbsxanada hazırlanmış təsbehlərə də rast gəlmək olar.

“Bu təsbehləri 25-30 manata sifarişlə almışam. Çoxusu təbii sümükdən hazırlanıb. Elə təsbeh var ki, onları İsraildə ərəblərlə dəyişmişəm. Bəziləri Gürcüstandan hədiyyə gətirilib. Kolleksiyamda təbii dəniz daşlarından hazırlanan təsbehlər də var”.

Təsbeh yığmağa hobbi kimi baxan müsahibizimin arzusu təsbehlərinin sayını 500-ə çatdırmaqdır.

“Kolleksiyamda Azərbaycan bayrağının rəngində təsbehlər də var. Təsbeh çevirməyi xoşlayıram. Səhər birini, axşam isə digərini götürürəm. Hər rəngdə, hər formada təsbehim var. Sözün açığı, kimsə məndən təsbeh hədiyyə istəyəndə vermirəm. Söz vermişəm ki, təsbehlərin sayı 500 olsun, ondan sonra dost-tanışa hədiyyə edəcəyəm.

Elələri də var ki, içinə həşərtalar, milçək, ağcaqanad qoyulub. Evanet daşından olan təsbehləri daha çox sevirəm. Məkkədən gətizdirmişəm.



Təsbehlərə evdəkilərin toxunmasına icazə vermirəm. Hətta tozunu belə özü silirəm. Bəzən elə olub ki, nəvələrim dağıdıb, təzədən düzəltmişəm.

Yeznəm dedi ki, Avropa Yay Oyunları zamanı təsbehləri turistlərə sataq. İcazə vermədim. Məqsədim onların sayını 500-ə çatdırmaqdır. Anam da təsbeh çevirərdi. Kolleksiyamda onun da təsbehlərini saxlayıram.

Əvvəllər siqaret çəkirdim. Siqareti atandan sonra təsbehə meylim daha da artıb. Kəhrəbadan olan təsbehləri bəzən əllərin hərəkəti üçün, masaj kimi də istifadə etmək olar”.



Şahanə Rəhimli
Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti