Vizaların ASANlaşması: Turizm üçün `yaşıl işıq` yandırıldı

Vizaların ASANlaşması: Turizm üçün `yaşıl işıq` yandırıldı
  03 İyun 2016    Oxunub:5647
Xəbər verdiyimiz kimi, iyunun 1-də Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir.

“ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim olunmalıdır.

Beləliklə siyahısı müəyyən ediləcək ölkələrin vətəndaşlarına elektron vizanın verilməsi 3 gün ərzində həyata keçiriləcək və bu prosesə Xarici İşlər Nazirliyi tərəfindən diqqət yetiriləcək.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Xarici vətəndaşlar, turistlər Azərbaycana gəlmək istədikləri təqdirdə "ASAN viza" portalına müraciət edəcəklər.



Onun sözlərinə görə, portalda bütün sənədlər, zəruri informasiyalar təqdim ediləcək və vizanı həmin portaldan elektron formada, e-maillərinə təqdim edilməklə almaq mümkün olacaq: "Yəni heç bir dövlət və özəl quruma müraciət etmədən onlayn qaydada vizanı əldə edəcəklər.

Siyahısı müəyyən edilən ölkələrin vətəndaşlarına elektron viza veriləcək. Əlbəttə, digər viza alma prosedurları öz qüvvəsində qalır. Vizanın verilməsi 3 gün ərzində həyata keçiriləcək və bu prosesə Xarici İşlər Nazirliyi tərəfindən diqqət yetiriləcək. Çox qısa müddət ərzində bu il ərzində, bu aylarda elektron viza tətbiq ediləcək".

Vizanın verilməsi prosesinin sadələşdirilməsi ölkə turizminin inkişafına necə təsir edəcək?

Turizm üzrə ekspert Bahadur Bilalov AzVision.az-a bildirib ki, vizaların ASANlaşması mühüm addımdır. Turist axınını təmin etmək üçün viza sistemini, ölkəyə girişi sadələşdirmək lazım idi.

Ekspertin fikrincə, Azərbaycana gəlmək istəyən turistlər üçün viza alınması prosesləri çətin idi və bu prosedurlar xeyli vaxt aparırdı.



“Cənab prezident İlham Əliyevin imzaladığı fərmanla bu məsələ çox böyük formada sadələşdirilmiş qaydaya salınır. Fərmanda qeyd olunduğu kimi istənilən xarici ölkə vətəndaşı Azərbaycana gəlmək üçün “ASAN Viza” sisteminə daxil olamqla tələb olunan məlumatları daxil etməklə müraciət edəcək. 3 gün ərzində həmin turistə cavab veriləcək. Buna qədər bir sıra turizm şirkətləri, Azərbaycanın xarici ölkələrdəki konsulluqları var idi ki, vizanı gəlir mənbəyinə çevirmişdilər. Bu fərmandan sonra istənilən əcnəbi vətəndaş Azərbaycana gəlmək üçün heç bir çətinliklə üzləşməyəcək və çox asan formada vizanı alacaq. Bu da ölkəyə turist axınının əsas səbəblərindən biri olacaq”.

B.Bilalov qeyd edib ki, turist axınını təmin etmək üçün kompleks yanaşma lazımdır: “Belə ki, tək vizanın sadələşdirilməsi o demək deyil ki, sabah kütləvi turist axını baş verəcək. Bunun üçün eyni zamanda otel və istirahət mərkəzləri öz qiymətlərinə yenidən nəzər salmalıdır. Ölkə prezidenti çıxışlarında dəfələrlə bu məsələni vurğulayıb. Təəssüf olsun ki, qonşu Gürcüstanla müqayisədə bizim otellərin və istirahət mərkəzlərinin qiymətləri çox yüksəkdir. Bu baxımdan qiymətlərə yenidən baxmaq lazımdır”.



Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, son zamanlar verilən sərəncamlar, fərmanlar turizm üçün “yaşıl işıq” yandırıb.

AzTa sədrinin müşaviri qeyd edib ki, yeni fərman turistlərin viza alması üçün daha rahat şərait yaradacaq: “Həmçinin bununla ölkəmizə turist axını artacaq. Son zamanlar Avropada baş verən müxtəlif hadisələrlə əlaqədar insanlar turizm üçün daha çox sabit ölkələrə üz tuturlar. Azərbaycan belə ölkələrdən biridir. Bu turist axını üçün mühüm amildir. Ümid edirik ki, viza sisteminin sadələşdirilməsi, bu cür yaranan maneələrin aradan qaldırılması ölkəmizə turist axınının artmasına səbəb olacaq. Həmçinin bütün bunlarla yanaşı turizmin müxtəlif növlərini inkişaf etdirməliyik ki, daha çox turist ölkəmizə səfər etsin. Daha çox dəniz turizmini inkişaf etdirmək olar. Belə ki, Xəzər dənizinin resuslarından istifadə etməklə dəniz çimərliyini xeyli inkişaf etdirmək olar. Həmçinin ölkəmizin digər təbii coğrafi potensialından istifadə etməklə ölkəyə daha çox turist gətirməliyik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti