Dini radikalizmlə bağlı tədbir keçirilib

Dini radikalizmlə bağlı tədbir keçirilib
  02 İyun 2016    Oxunub:2315
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Quba rayonu Təngəaltı kəndi “Seyidlər” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” adlı layihə çərçivəsində Quba rayonunun Afurca kəndində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə, “Seyidlər” məscidi dini icmasının sədri İdris Sultanov, icra başçısının Təngəaltı kəndi üzrə nümayəndəsi Rütəm Rzayev, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə icma sədri İdris Sultanov açaraq bildirib ki, həyata keçirilən layihənin əsas məqsədi xalqımızın min illərlə qoruyub saxladığı adət - ənənələri yeni nəsillərə ötürmək üçün təbliğat aparmaqdır. İcma sədri, eyni zamanda cəmiyyətdə dini radikalizmlə mübarizədə dindarların əhəmiyyətini vurğulayıb.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək dövlətin dindarlara qayğısından danışıb. O qeyd edib ki, Prezidentin Sərəncamı ilə ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı ayrılıb və həmin vəsait hesabına regionlarda maarifləndirmə tədbirləri uğurla həyata keçirilir.

Daha sonra çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə bildirib ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində, məzhəblər arasında ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub.

Natiq çıxışı zamanı dini radikalizmlə mübarizə tədbirlərinə də toxunaraq vurğulayıb ki, son zamanlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizmlə mübarizə tədbirlərini daha da gücləndirib. Bu sahədə din xadimlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü xatırladan Dövlət Komitəsinin əməkdaşı qeyd edib ki, din xadimləri gənc nəslin doğru tərbiyə olunmasında, dinin düzgün təbliğ edilməsində, dini radikalizmlə mübarizədə daha fəal olmalıdırlar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti