`Vizanın verilməsi 3 gün ərzində həyata keçiriləcək` - İnam Kərimov

`Vizanın verilməsi 3 gün ərzində həyata keçiriləcək` -  İnam Kərimov
  02 İyun 2016    Oxunub:3498
"ASAN viza sisteminin təsis edilməsi barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Xarici vətəndaşlar, turistlər Azərbaycana gəlmək istədikləri təqdirdə "ASAN viza" portalına müraciət edəcəklər".

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, portalda bütün sənədlər, zəruri informasiyalar təqdim ediləcək və vizanı həmin portaldan elektron formada, e-maillərinə təqdim edilməklə almaq mümkün olacaq: "Yəni heç bir dövlət və özəl quruma müraciət etmədən onlayn qaydada vizanı əldə edəcəklər".

İ.Kərimov bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək:

"Siyahısı müəyyən edilən ölkələrin vətəndaşlarına elektron viza veriləcək. Əlbəttə, digər viza alma prosedurları öz qüvvəsində qalır. Vizanın verilməsi 3 gün ərzində həyata keçiriləcək və bu prosesə Xarici İşlər Nazirliyi tərəfindən diqqət yetiriləcək. Çox qısa müddət ərzində bu il ərzində, bu aylarda elektron viza tətbiq ediləcək".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir.

“ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim olunmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti