Azərbaycanın Binəli Yıldırımdan gözləntiləri - ŞƏRH

Azərbaycanın Binəli Yıldırımdan gözləntiləri - ŞƏRH
  23 May 2016    Oxunub:4419
Ötən gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı keçirilib. Partiyanın fövqəladə qurultayında Binəli Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.
Mövcud qanunvericiliyə əsasən hakim partiyanın sədri həm də Türkiyənin baş naziri vəzifəsini icra edəcək.

Davudoğlu-Yıldırım əvəzləməsi Türkiyənin xarici siyasətinə nə kimi dəyişkliklər gətirəcək?

Azərbaycanın yeni baş nazirdən gözləntiləri nədən ibarətdir?



Millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, Binəli Yıldırım Türkiyənin xarici siyasətində müəyyən korrektələr edəcək: “Türkiyənin xarci siyasətinə sabiq baş nazir Əhməd Davudoğlunun çox böyük təsiri olub. Davudoğlunun “Stateji dərinlik” əsərində Türkiyənin xarici siyasətinin bir sıra istiqamətləri ilə bağlı nəzəri mülahizələri öz əksini tapmışdı. Xarici işlər naziri olduqdan sonra isə nəzəri mülahizələrin praktiki tətbiqi reallaşmışdı. Lakin hadisələrin sonrakı inkişafı göstərdi ki, nəzəriyyədə bir çox məsələlər özünün dəqiq təhlilini tapsa da, bəzən praktikada uyğunsuzluq yaranır. Bu nöqteyi-nəzərdən Türkiyənin “qonşularla sıfır problem” ideyası təəssüf ki, baş tutmadı. Şübhəsiz ki, Türkiyənin xarici siyasətində müəyyən korrektələr edəcəyi istisna deyil. Türkiyə regionda ən güclü dövlətdir və belə olan təqdirdə formalaşmış xarici siyasət kursu, strateji hədəfləri var. Amma, yeni baş nazirin həmin strateji xətt qorunub saxlanmaqla müəyyən taktiki gedişlər irəli sürəcəyi istisna deyil”.

Bununla belə E.Nəsirov qeyd edib ki, Türkiyədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq Azərbaycan və Türkiyənin bir-biri üçün əhəmiyyəti öz aktuallığını qoruyub saxlayır: “Ölkələrimiz arasındakı əlaqələrin çox ciddi əsasları var. Hesab edirəm ki, yeni baş nazirin dövründə həmin əlaqələrin inkişaf xətti qorunub saxlanılacaq. Nəzər alsaq ki, yeni baş nazirin özü hakim Ədalət və İnkişaf Partiyasındandır. Ona görə də Türkiyənin xarici siyasətində elə bir ciddi dəyişkiliyin olması gözlənilmir. Yeni baş nazirin xarici siyasətə müəyyən taktiki düzəlişlər, yeniliklər gətirməsi proqnozlaşdırılır. Bu konteksdə Rusiya və İsraillə münasibətlərin nizama salınması həmin taktiki yanaşmalar içərisində xüsusi yer tuta bilər”.



Millət vəkili Fəzail Ağamalı bildirib ki, Türkiyədə kimin baş nazir olmasından asılı olmayaraq, Azərbaycanla münasibətlərdə hər hansı bir dəyişiklik gözlənilmir: “Bu iki xalq və dövlət arasında uzun illərdən bəri formalaşan, dəyişilməsi mümkün olmayan dostluq, qardaşlıq münasibətləri var. Bu baxımdan Türkiyədə yeni baş nazirin hakimiyyətə gətirilməsi Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı mənfi təsir göstərə bilməz. Ölkənin siyasətini müəyyənləşdirən prezident Rəcəb Tayyib Ərdoğandır. Onun Azərbaycana münasibəti çox yüksək səviyyədədir. Xalqlarımızın iradəsinə söykənərək iki ölkə arasındakı münasibətlər getdikcə daha da möhkəmlənir”.

F.Ağamalının sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərində mənfi proseslərin inkişafına xidmət edəcək cəsarəti daşıyan hər hansı bir baş nazir olacaqsa, o türk xalqının iradəsi ilə üz-üzə dayanmış olar: “Türkiyədə müxalifətdə və hakimiyyətdə olmasından asılı olmayaraq bütün siyasətçilər Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə inkişafında hər zaman maraqlı olublar”.

Deputat hesab edir ki, Türkiyədə yeni baş nazirin təyin olunması bu ölkənin xarici siyasətinə təsir göstərməyəcək: “Ölkənin daxili və xarici siyasətinin baş memarı Rəcəb Tayyib Ərdoğandır. Baş nazir onun illərlə yanında olan, özünün də söylədiyi kimi yaxın silahdaşlarından biridir. Ərdoğanın müəyyən etdiyi xarici siyasət kursuna uyğun olaraq baş nazir səlahiyyətləri daxilində fəaliyyətini davam etdirəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti