“Metsamor” region üçün böyük təhlükədir - İlham Əliyev (VİDEO)

“Metsamor” region üçün böyük təhlükədir - İlham Əliyev (VİDEO)
  23 May 2016    Oxunub:12459
“Azərbaycanın 20 faiz torpağı erməni işğalçıları tərəfindən işğal olunub. İşğal nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün var”.

AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı bildirib.

Ölkə başçısı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilən soyqırımdan danışıb. Bildirib ki, bu soyqırımı dünyanın 10 ölkəsi tərəfindən tanınıb.

“Ermənistan tərəfi Azərbaycana 2016-cı ilin aprelində də təcavüzü davam etdirib.Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb, mindən çox evə zərər dəyib. Ermənistan ordusu qadağan olunmuş bombalar, silahlardan istifadə edib. Bütün bunlar sənədləşdirilib və beynəlxalq qurumlara çatdırılıb. Buna cavab olaraq Azərbaycan tərəfi uğurlu əks-hücuma keçib və uğurlu hərbi əməliyyat keçirib. Yalnız bundan sonra Ermənistan tərəfi dinc əhaliyə qarşı hücumları dayandırıb. Bütün bunlara baxmayaraq Ermənistan tərəfi BMT-nin qəbul etdiyi qətnamələrə əməl etmir. Başqa vaxt qətnamələr dərhal icra olunur, amma bu 4 qətnamə kağız üzərində qalıb”.



İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Ermənistanda yerləşən “Metsamor” AES region üçün böyük təhlükədir.

“Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı - “çirkli bomba”sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”.

Prezident, həmçinin vurğulayıb ki, Azərbaycan Ermənistanın işğalı nəticəsində yaranan humanitar böhranın öhdəsindən uğurla gəlib.

“Biz qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması üçün 6 milyard ABŞ dollarından çox vəsait xərcləmişik. Son 12 ildə qaçqın və köçkünlər arasında yoxsulluq səviyyəsi 75%-dən 12%-ə, ümumilikdə isə Azərbaycanda yoxsulluq səviyyəsi 50%-dən 5 faizə düşüb. Biz bundan sonra da BMT-lə əməkdaşlığımızı davam etdirəcəyik”.



Qeyd edək ki, mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti öz işinə başlayıb.

Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti