Metsamor əleyhinə Beynəlxalq QHT Koalisiyası yaradılmalıdır

Metsamor əleyhinə Beynəlxalq QHT Koalisiyası yaradılmalıdır
  20 May 2016    Oxunub:8161
"Son günlərdə bir qrup blogger tərəfindən başlanılan #stopMetsamor kampaniyası uğurla davam etdirilir. Bu təkcə ekoloji məsələ deyil, hər kəsin həyatı və sağlamlığı üçün real təhlükə mənbəyidir. Azərbaycan tərəfinin başladığı bu kampaniya bəşəriyyət, insanlıq, təhlükəsizlik adına çox vacibdir".
Bunu mətbuata açıqlamasında ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, QHT-lər bu kampaniyada da həmişə olduğu kimi aktivlik nümayiş etdirməlidirlər: "Hesab edirəm ki, AES-lə bağlı beynəlxalq təşkilatların verdiyi bütün ekspert rəyləri, hesabatlar toplanmalıdır. Mütəxəssislər deyirlər ki, hər hansı nasazlıq hətta Çernobıl faciəsindən də dəhşətli qəzaya səbəb ola bilər. Bu tək Azərbaycanın işi olmamalıdır. QHT-lərdən, ictimai aktivlərdən, media nümayəndələrindən ibarət "Anti-Metsamor beynəlxalq şəbəkə, ictimai hərəkat yaradılmalıdır". İlk növbədə Emənistanın digər qonşuları bu prosesə qoşulmalıdırlar. Bundan sonra qeyd etdiyim bynəlxalq şəbəkə böyüyərək digər ölkələri əhatələməlidir. MAGATE-yə rəsmi müraciətlər olunmalıdır".

Millət vəkili sonra deyib: "Bildiyiniz kimi ayrı-ayrı dövlətlər bu stansiyanın fəaliyyətini dayandırmağa çağırış etməkdənsə, gələcək fəaliyyəti üçün kredit ayırır, digər formada dəstəkləyirlər. Bu, yanlış yanaşmadır. Belə layihələrin dəstəklənməsi təhlükənin miqyasını və sürətini artırır. AES-in nüvə tullantıları Kür-Araz vasitəsilə Xəzərə tökülür və bu böyük təbii fəlakətin göstəricisidir. Xəzərin ekosisteminin pozulması isə digər regionlara da öz təsirini göstərəcək. Təklif edirəm ki, ilk növbədə QHT-lər aktivlik göstərsinlər".

A.Quliyev qeyd edib ki, ayrı-ayrı vətəndaşlarımız sosial şəbəkələrdən istifadə etməklə bu işə dəstək olmalıdırlar: "Bu kampaniyanı beynəlxalq kampaniyaya çevirmək lazımdır. Müxtəlif insan haqları təşkilatlarının, ekoloji qurumların diqqətini bu fəaliyyətə cəlb etmək lazımdır. Təbii ki, tərəfimizdən müəyyən təşəbbüs olacaq. Yaxşı olar ki, ilkin mərhələdə bu fəlakətlə üz-üzə olan ölkələrin - Gürcüstan, Türkiyə, Azərbaycan və İran QHT-lərindən ibarət "Metsamor AES əleyhinə Beynəlxalq QHT Koalisiyası" yaradılsın və bura sonralar digər ölkələr və qurumlar da cəlb edilsin. Ermənistan QHT-ləri də bu koalisiyada iştirak etsə, özləri üçün ən real təhlükə mənbəyinin qarşısının alınması işinə töhfə vermiş olarlar".

AzVision.az


Teqlər:  





Xəbər lenti