Saatları Muğana köklənmiş Saatlı

Saatları Muğana köklənmiş Saatlı
  15 May 2016    Oxunub:4563
Baxışları üfüqlərin
tərs üzünü oxuyardı.
Nəğməsində Kür harayı,
Nəfəsində Muğan duzu.
Ömrü boyu oxuduğu kitab idi

Muğan düzü.

Əslində Muğan düzü haqqında çox məlumatlı olmasam da Məmməd Arazın bu misralarını oxuyandan sonra ceyranlar oylağı haqqında təsəvvürümdə ömrü boyu oxunulası kitab canlandı. Oxuya-oxuya qutara bilmədiyim Muğan düzü haqqında məqalələr, kitablar, təbiət təsvirləri o qədər boldur ki, onları oxumağa, kəşf etməyə bir ömür bəs etməz. Yayda dağların qarı seyrələndə, Aranda torpaq sac kimi qızır. Yaylaqda çiçəklər açanda, Muğan düzü təzə bişmiş təndir çörəyi ətri verir. Muğanın təbiəti barədə orta əsr yazılı mənbələrində xeyli məlumat olsa da səyyah, şair və tarixçilərin hər biri bu çölü özünəməxsus şəkildə təsvir edib.

Həmdullah Qəzvini “Hüzhət əl-Qülüb” əsərinin dördüncü bölməsini Muğan və Arran əyalətlərinin təsvirinə həsr edib. O yazır: “Bu əyalətlərin havası isti və nəmişlidir. Əyalət Şirvan və Xəzər dənizi ilə sərhədlənir. Payızda Savalan dağları görünməz olanda bütün ərazidə ot quruyur (dirmanə) və zəhərli olur. Yazda onun zəhərliyi aradan qalxır.Savalan göründüyü vaxt otlaq tamamilə təhlükəsiz olur.”

H.Z. Şirvani Muğan barədə daha ətraflı yazır: “Muğan məşhur bir vilayətdir. Qədim şəhərləri və böyük nahiyələri vardır. Beşinci iqlimdən hesab olunur. Ab-havası xoş və gözəldir. Şimaldan onun sərhədi Şirvandır. Cənubdan Cənubi Azərbaycanla, şərq tərəfdən Talış, qərbdən Gürcüstanla sərhədlənir. Zəhərli otları çoxdur. Mal-qaranı onun zəhəri öldürür. Baharda otların zəhəri azalır. Deyirlər oranı Muğan adlı bir adam bina etmişdir. Bəziləri isə deyirlər ki, oranı müğlər və möbüdlər abad eləmişlər. Uzaqdan gələn adamlarla mehribandırlar. Qızılbaş tayfasından şahsevənlər o ölkədə çoxdur”.

Təsadüfi deyil ki, Muğan düzünün ikinci adı “Ceyranlar çölü” kimi də tanınır. Bu çöl hər zaman ceyranları ilə məşhur olub. Hələ qədim zamanlarda belə mahir ovçular, cəngavərlər bu ərazidə ceyran ovlayıb və bu, onların sevimli hobbilərindən biri olub. Ceyranların ovlanması isə bu heyvanların çox az sayda qalması və nəslinin kəsilməsi təhlükəsini yaradıb. Buna görə də artıq uzun illərdir ki, ceyranların ovlanması qadağan olunub və onların mühafizəsi dövlət səviyyəsində qorunur. Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi olan Saatlı rayonu da Muğan düzünün mərkəzində yerləşəndiyindən bu rayonu da ceyranlar məskəni sayılır.

“Saatlı” etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranıb. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan Saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Saatlıların bir qismi Qazax zonasında, 1795-1798-ci illərdə isə bir hissəsi Qarabağda məskunlaşmışdılar. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin-Saatlı tayfasının etnik adıdır. Rayon ərazisində qədim dövrə aid yaşayış məntəqələrinin olduğu sübüt edilib. Rayonun Araz çayının bol suyu hissəsində yerləşməsi bu ərazidə əhalinin məskunlaşmasına, əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalarına əlverişli şərait yaradıb. Saatlı rayonunun hazırkı Cəfərxan kəndində hələ XX əsrin əvvəllərində yaradılmış təcrübə stansiyası, sonralar “Muğan-təcrübə meliorasiya stansiyası” adını almış məntəqənin Muğan düzündə torpaqların şorlaşmasının qarşısının alınmasında, meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında böyük rolu olub. Xüsusən XX əsrin 50-ci illərindən sonra bu stansiyanın fəaliyyəti genişlənərək bölgədə əsl elmi bazaya çevrilib. Görkəmli tədqiqatçı alimlərimiz C. Ə. Əliyev, S. X. Hüseynzadə, V. P. Valabuyev və digərləri uzun illər həmin Cəfərxan Muğan-təcrübə meliorasiya stansiyasında səmərəli elmi tədqiqat işləri aparıblar.

Saatlının bir rayon kimi təşkili İkinci Dünya Müharibəsi illərinə təsadüf edir. Yeni yaradılan rayon olmasına baxmayaraq 1941-1945-ci illərdə Saatlıdan 1600 nəfər cəbhəyə göndərilir və onlar 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalarda şərəflə döyüşürlər. Yeni yaradılan rayon ilk şəhidlərini də məhz Böyük Vətən Müharibəsində verir. Cəbhəyə gedən 1600 nəfərdən 533 nəfəri həlak olur.

1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulub azərbaycanlı əhalinin xeyli hissəsi, 1953-cü ildə Mərkəzi Komitənin xüsusi göstərişi ilə İranla sərhəd ərazidən köçürülən Cəlilabad rayonunun 7 kəndinin əhalisi, 1958-1959 və 1989-cu illərdə Orta Asiya respublikalarından Axıska türkləri, 1988-1989-cu ildə başlanan Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qərbi Azərbaycandan dədə-baba torpaqlarından didərgin salınan soydaşlarımızın müəyyən hissəsi Saatlı rayonunda məskunlaşıblar. Saatlı 1943-cü ildən rayon statusu aldıqdan sonra iyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərib. Lakin sonra 1963-cü ildə ləğv edilərək qonşu Sabirabad rayonunun tərkibinə qatılıb. 1965-ci ildən yenidən müstəqil rayon kimi fəaliyyətini davam etdirir.

Ermənistanın respublikamıza təcavüzü nəticəsində başlanan müharibədə Saatlı rayonunun gəncləri də qəhrəmancasına döyüşüblər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə Saatlı 116 nəfər şəhid verib. 1995-ci ilin mart hadisələrində igidcəsinə həlak olmuş Hüseynov Elşən İbrahim oğlu qəhrəmanlığına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan Respublikasının digər bölgələri kimi Saatlı rayonunun da sosial-iqtisadi və mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi 1970-ci ildən sonra başlanılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə 3 dəfə – 1974, 1976 və 1980-ci ildə, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə isə 1998-ci ildə Saatlı rayonunda olmuş, rayonun iqtisadiyyatının dirçəldilməsi, əhalinin həyat səviyyəsinin və rifah halının yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini vermişdir.
XX əsrin 70-80-ci illərdə Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, 450 yerlik mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisələr, 32 mənzilli beşmərtəbəli 2 yaşayış binası, ikimərtəbəli univermaq, universam, bir sıra idarə və müəssisələr üçün yeni inzibati binalar, pambıq təmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək rayon əhalisinin istifadəsinə verilmiş, çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılıb. Müstəqillik illərində rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb. Həmin illərdə Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came" məscidi, 2030 yerlik 8 yeni məktəb binası, 750 yerlik iki şadlıq sarayı, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər" parkı, "Muğan" və "Fəvvarələr" parkları, 5 yeni həkim məntəqəsi, stadion, idman meydançaları, quşçuluq broyler fabriki, çoxsaylı sosial obyektlər və özəl istehsalat müəssisələri tikilərək əhalinin istifadəsinə verilib.

2004-cü ildə Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan meydanda böyük öndər Heydər Əliyevin əzəmətli büstü qoyularaq abidə kompleksi ucaldılıb.
Son illər rayonun inkişafı, soail-iqtisadi irəlləyişi də gözdən qaçmır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı (2004-2008-ci illər) Azərbaycanın inkişafına təkan verib.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən yeni torpaqlar əkin dövriyyəsinə cəlb edilir. Bununla bağlı Saatlıda da müəyyən işlər görülüb. Rayonun qış otlaqları “MKT-İK” MMC-nin “Saatlı İnnovasiya” filialına uzunmüddətli icarəyə verilib. Hazırda təyinatı dəyişdirilmiş 3335 hektar ərazidə kollektor-drenaj şəbəkəsi qurulub, su kanalları çəkilib, şlüzlər quraşdırılıb. 2014-cü ildə kollektor-drenaj şəbəkəsində 324,94 kilometr məsafədə 949,57 min kubmetr sahə lildən təmizlənib. Ümumi uzunluğu 662 kilometr olan suvarma kanallarında 1722 min kubmetr lildən təmizləmə işləri aparılıb, 172 hidrotexniki qurğu, 10 istehsalat binası, 30 hidropost və 10 nasos stansiyası cari təmir edilib. Aşağı Muğan Kanalının 9-cu və 26-cı kilometrində səviyyə qaldıran qurğular əsaslı təmir edilib, yanında xidməti bina tikilib.
Bir sözlə, vaxtilə ayaq basdıqda şoranlaşan torpaqlarda çatlar yaranan həmin düz indi bol- bəhrəli Muğan düzünə çevrilib. Muğanın vuran ürəyi Saatlıda isə saatın əqrəbləri irəlilədikcə, o da inkişafını dəqiqəbədəqiqə irəlilədir.

Gültəkin Ələsgər

“Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin “Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”


Teqlər:





Xəbər lenti