120 min pulu mənimsənilən alim: `Bankda da pulum batıb`

120 min pulu mənimsənilən alim: `Bankda da pulum batıb`
  12 May 2016    Oxunub:6791
Xəbər verdiyimiz kimi, Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib. Nərimanov rayon Polis İdarəsinə Bakı şəhər sakini,1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub.

Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A. Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb, 120 min manat pulunu alıblar.

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Adil Təhmazov başına gələn hadisə ilə bağlı AzVision.az-a açıqlama verib.

O, pullarını mənimsəyən Suliddin və Hakim adlı şəxsləri əvvəlcədən tanıdığını bildirib: “Onlar xeyli müddətdir ki, mənim pullumu mənimsəyiblər. Onlara verdiyim 120 min manat satdığım evin pulu idi. Bir müddət əvvəl evimi satmışdım. Həmin pulla övladlarımın gələcəyi üçün müəyyən işlər görəcəkdim. Suliddin və Hakimi əvvəlcədən tanıyırdım. Onlar həmin pulla mənim üçün iş görəcəkdilər. Dələduz olduqlarını bilməzdim. Dəfələrlə onların evinə gedib, pullumu istəmişəm. Yalandan pulu qaytaracaqlarını deyirdilər. Vaxtilə bankda da pulum batmışdı”.

Adil Təhmazov hazırda səhhətində ciddi problemlərin olduğunu deyib: “İndi vəziyyətim heç də yaxşı deyil. Səhhətimdə ciddi problemlər var. Beş-altı il olar ki, damar əməliyyatı keçirmişəm. Pullarımı qaytarsalar, yenidən əməliyyat olunacağam”.

Qeyd edək ki, Adil Salah oğlu Təhməzov 08 dekabr 1943-cü ildə Ağdam rayonunun II Yüzbaşılı kəndində anadan olub. İlk təhsilini əsası Cabbar bəy Vəlibəyov tərəfindən qoyulmuş I Baharlı kənd məktəbində alıb, 1960-cı ildə Xındırıstan kənd orta məktəbini bitirib. O, 1960-1965 illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-riyaziyyat fakültəsində ali təhsil alıb.

Adil Təhməzov hazırda Azərbaycanın tanınmış riyaziyyatçı alimidir. O, 35 elmi məqalə və dərs vəsaitinin müəllifidir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti