Mehriban Əliyeva bir sıra görüşlər keçirdi

Mehriban Əliyeva bir sıra görüşlər keçirdi
  26 Aprel 2016    Oxunub:1679
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşüb.
Qazaxıstan parlamenti Senatının sədrini ölkəmizdə salamlayan Azərbaycanın birinci xanımı Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd edib. Bildirib ki, belə mötəbər tədbirin ölkəmizdə baş tutması Azərbaycanın sivilizasiyalararası dialoq sahəsində fəaliyyətinə verilən dəyərin nəticəsidir.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aprelin 26-da daha bir görüşü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi ilə olub.

Qonağı Azərbaycanda görməkdən məmnun olduğunu deyən Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” kimi aktual mövzuya həsr edildiyini vurğulayıb və tədbirdə iştirak etdiyinə görə Şeyxə Lubna Al Qassimiyə minnətdarlığını bildirib.
“Xalqınıza dərin hörmətimi çatdırıram”, - deyən birinci xanım Mehriban Əliyeva ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb.

Şeyxə Lubna Al Qassimi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakın onun üçün şərəf olduğunu, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirib.

Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olan Mehriban Əliyeva paytaxtımızda keçirilən Forumda iştirak etdiklərinə görə qonaqlara təşəkkür edib. Bugünkü müzakirələrdə dünya üçün əhəmiyyət kəsb edən mövzuların diqqət mərkəzində olduğunu deyən birinci xanım Mehriban Əliyeva əminliyini bildirib ki, bu Forum dünyanı narahat edən məsələlərin həlli istiqamətində vacib platforma olacaq və mövcud problemlərin aradan qaldırılması üçün mexanizmlərin tapılmasına kömək edəcək.

Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətində Azərbaycanın yeni dostlarını da görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında bütün sahələrdə qurulan əməkdaşlığın dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti