AMEA-da struktur dəyişikliyi - 10 min pul veriləcək

AMEA-da struktur dəyişikliyi - 10 min pul veriləcək
  20 Aprel 2016    Oxunub:3574
Tarix İnstitutuna Azərbaycan tarixinin yeni nəşrinə hazırlıq işlərinin başlanılması, Zəngəzur, Göyçə, İrəvan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan və başqa ərazilərin tarixinin araşdırılmasının daha da genişləndirilməsi, Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımların daha dərindən tədqiqi üçün xarici ölkə arxivlərindən sənədlərin ölkəmizə gətirilməsi işinin davam etdirilməsi və digər məsələlər barədə tapşırıqlar verilib.

AzVision.az xəbər verir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

Rəyasət Heyətinin iclasında baxılan mühüm məsələlərdən biri də AMEA-nın Aqrar Elmlər Bölməsinin Biologiya və Tibb Elmləri Bölməsinə birləşdirilməsi ilə bağlı olub. Tədbirdə akademik Akif Əlizadə multidissiplinar yanaşmaların prioritet elmi metod kimi qəbul olunduğu müasir şəraitdə biologiya və aqrar elmlər sahəsində aparılan tədqiqatların biri-birindən fərqli, iki ayrı bölmə tərkibində həyata keçirilməsinin bir sıra hallarda araşdırmaların pərakəndəliyinə, elmi koordinasiyanın lazımi səviyyədə həyata keçirilə bilməməsinə, kadr potensialının qeyri-effektiv istifadəsinə səbəb olduğunu qeyd edib.

Qeyd olunan problemlərin aradan qaldırılması, həmçinin aqrar və biologiya elmləri sahəsində intellektual potensialın səfərbər olunması, tədqiqatlarda multidissiplinarlığın təmin edilməsi, elmi idarəetmədə çevikliyin artırılması və idarəetmə xərclərinin azaldılması məqsədilə Aqrar Elmlər Bölməsinin və onun tərkibinə daxil olan elmi-tədqiqat müəssisələrinin Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə birləşdirilməsi məqsədəuyğun hesab edilib. Həmçinin AMEA-nın Nizamnaməsinə müvafiq olaraq, məsələ ilə bağlı AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması qərara alınıb.

Bundan əlavə, AMEA-nın İctimai Elmlər Bölməsinin də strukturunda bəzi dəyişikliklər edilib. AMEA-da hüquq sahəsində elmi-tədqiqatların müasir tələblər səviyyəsində təşkili və hüquqi araşdırmaların dövlət idarəçiliyində daha səmərəli iştirakının təmin edilməsi məqsədilə Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri AMEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun tərkibinə verilib. Qərara əsasən, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu Fəlsəfə İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu isə Hüquq İnstitutu adlandırılıb.

Tədbirdə AMEA Rəyasət Heyətinin nəzdində yeni yaradılmış Fənlərarası Analitik Elmi Mərkəzin fəaliyyətini təmin etmək məqsədilə onun Əsasnaməsi, strukturu və ştat tərkibi təsdiq edilib. Mərkəzin rəhbərliyinə qərarın icrasından irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sonra AMEA-nın illik Ümumi yığıncağının keçirilməsi məsələsinə baxılıb. Tədbirin bu il aprel ayının 29-da keçirilməsi qərara alınıb və gündəliyi təsdiq edilib. Həmçinin Ümumi yığıncağın təşkili ilə bağlı aidiyyati struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Tədbirdə müzakirə olunan növbəti məsələ AMEA-nın elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Rasim Əliquliyev bildirib ki, Akademiyanın elmi müəssisələrinin əksəriyyətində direktorların səlahiyyət müddəti başa çatıb. Akademik qeyd edib ki, AMEA-nın Nizamnaməsi, elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnaməyə uyğun olaraq həmin müəssisələrdə direktor seçkilərinin keçirilməsi zərurəti yaranıb.

Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, seçkilər "AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunacaq.

İclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri də elan edilib. Adları çəkilən alimlərin medalla təltif olunmaları və namizədlərə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edilib. Qərara əsasən, qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafında misilsiz xidmətlərinə görə Lütfi Zadə, Azərbaycanda qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsində nailiyyətlərinə, həmçinin üçcildlik “Cərrahi əməliyyatların atlası” kitabının hazırlanmasında xidmətlərinə görə isə akademik Böyükkişi Ağayev Akademiyanın bu mükafatına layiq görülüb.

Tədbirdə həmçinin AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatlara layiq görülmüş namizədlərinin də adları açıqlanıb. Akademik Firudin Haşımzadənin AMEA-nın Nəsirəddin Tusi adına, akademik Siddiqə Məmmədovanın AMEA-nın Həsən bəy Zərdabi adına, professor Firəngiz Əlizadənin AMEA-nın Akademik Üzeyir Hacıbəyli adına və akademik Adilə Namazovanın AMEA-nın Akademik Mirəsədulla Mirqasımov adına mükafatları ilə təltif olunması haqqında qərar qəbul edilib.

Bundan başqa, AMEA-nın müxbir üzvü Fəzilə Səmədova AMEA-nın Akademik Yusif Məmmədəliyev adına mükafatı, akademik Pərviz Məmmədov AMEA-nın Akademik Musa Əliyev adına mükafatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı ilə təltif olunub.

Daha sonra AMEA-nın bir sıra institutlarında struktur dəyişikliklərinin edilməsi məsələsi müzakirə edilib. AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda, Neft-Kimya Prosesləri İnstitutunda, Genetik Ehtiyatlar İnstitutunda və akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Təhsil şöbəsinin, Geologiya və Geofizika İnstitutunda isə Təhsil və elmi kadrların hazırlanması və Seysmostratiqrafiya şöbələrinin yaradılması və strukturunda qismən dəyişiklik edilməsi haqqında qərarlar verilib. Həmçinin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Beynəlxalq əlaqələr şöbəsinin, Folklor İnstitutunda Azsaylı xalqların folkloru şöbəsinin yaradılması və Genetik Ehtiyatlar İnstitutunun “Texniki, yem və dərman bitkiləri” şöbəsinin adının dəyişdirilərək Texniki və yem bitkiləri şöbəsi adlandırılması qərara alınıb. Bundan başqa digər qərarla Milli Azərbaycan Tarixi Muzeyinin strukturunda qismən dəyişiklik edilib.

İclasda AMEA Botanika İnstitutunun strukturunda nadir növ populyasiyalarının, bitki qrupları və ekosistemlərin qorunması probleminin həllinə yönəldilən Ekosistemlərin fitososiologiyası adlı multidissiplinar laboratoriyanın yaradılması barədə qərar qəbul edilib. Laboratoriyanın Əsasnaməsi və ştat tərkibi təsdiq olunub.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, fəlsəfə doktoru Elman Yusifov AMEA-nın Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Digər qərarla texnika üzrə fəlsəfə doktoru Kamal Kərimov AMEA-nın “Aşqar” Təcrübi İstehsalı ilə Xüsusi Texnoloji Bürosunun direktoru, Natiq Mürsəlov isə Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi vəzifələrinə təyin olunublar.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti