Elm | Komplekslərimizlə necə bacaraq?

  18 İyul 2013    Oxunub : 12695
Elm | Komplekslərimizlə necə bacaraq?
Yəqin ki, siz də çox insan olan yerdə özünüzü narahat, gərgin hiss etmisiniz. Kütlə qarşısında, tanımadığınız adamların yanında fikrinizi deməkdən çəkinmisiniz. Bu kimi hallar bir çox adamın başına gəlir. Bəzən kütlə daxilində elə düşünürük ki, hər kəs bizə baxır, bizim səhvlərimizi üzə çıxarmağa çalışır. Bütün bu fikirlər bizdə komplekslərin yaranmasına səbəb olur.
Bəzən özünü digərlərindən daha üstün, fərqli, əlçatmaz tutan, bəzən isə əksinə, özünü başqalarından aşağı, dəyərsiz hiss edən, daim özünü başqaları ilə müqayisə edən insanlarla rastlaşmısınız. Bu tipli insanları kompleksli insanlar adlandırmaq olar.

Bir insanda kompleks müvəffəqiyyətsizlik yaşadığında, təcrübəsiz olduğu bir vəziyyətlə qarşılaşdığında ortaya çıxır. Problemin psixoloji mahiyyətinə aydınlıq gətirmək üçün etibarlı mənbə hesab olunan psixoloji lüğətə müraciət edək.

Həmin lüğətdə, kompleks - insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqqında səhv təsəvvürləri, onların şişirdilməsi kimi təsnif olunur. Bu da insanda dərin, çox vaxt ətrafdakı insanlardan gizlədilən narahatçılıqlara gətirib çıxarır.

Ümumiyyətlə, kompleks - bir növ psixoloji narahatlıqdır. Bir məsələni də qeyd edək ki, kompleks sözü elmə psixoanalizdən gəlib. İlk dəfə kompleks sözünə Z.Freydin və K.Q. Yunqun əsərlərində rast gəlinib. Yunq komplekslərin varlığını “Sərbəst assosiasiyalar” metodunu tətbiq edərkən aşkarlamışdı. Bu metodda – tətbiq edən, yəni psixoloq tətqiq olunana, yəni pasientə davamlı sözlər deyir, pasient isə bu sözlərin qarşılığında beyninə ilk gələn sözü deməlidir. Yunq bu metodu tətbiq edərkən belə bir situasiya ilə rastlaşır ki, bəzən pasientlər “qarşılıq” sözü deməkdə gecikirlər. Özlərindən soruşduqda isə bu gecikmənin səbəbini açıqlaya bilmirlər. Ona görə də Yunq belə bir qərara gəldi ki, insanın beynində şüurdan kənar, bir – birilə əlaqəli duyğular, düşüncələr qrupu vardır ki, bu qruplara da o, kompleks adı verdi.

Ziqmund Freyd isə “şüursuzluq”la əlaqələndirdi. Freydə görə, “şüursuzluq instinktlər, affektlər, emosiyalar, ehtiraslardan və onların birləşməsi nəticəsində yaranan emosional qruplar – komplekslərdən ibarətdir. Komplekslər insanın şüuraltında yaranır, sonra isə daha da inkişaf edir. Bunun nəticəsində isə, biz çox zaman kompleklərimizi dərk edə bilmirik.

İnsanların həyatında önəmli yer tutan komplekslər - yad situasiya ilə qarşılaşdığında daha çox özünü büruzə verir. Kompleks insanların yaşına, təhsil səviyyəsinə, həyat standartına, qadın, kişi olduğuna görə də dəyişir. Gündəlik həyatda özünü digərlərindən aşırı dərəcədə üstün hesab edən (və ya əksinə), özünü lazımsız yerə müdafiə edən, cəmiyyəti özünə düşmənmiş kimi qəbul edən, özünü daim günahlandıran, cinsi münasibətlərdə problemləri olan insanları kompleksli insanlar hesab etmək olar.

Üstünlük kompleksinə sahib insanların daxilində özlərinə olan inam hissi çox aşağı olur. Lakin, daim özlərini özünəinamlı kimi göstərirlər. Aşağılıq kompleksi olan insanlar bacara biləcəyi işi belə etməkdən çəkinirlər. Lakin, üstünlük kompleksinə sahib insanlar isə öhdəsindən gələ bilməyəcəkləri işi belə etməyə cəhd edirlər. Və bu cəhdləri uğurla nəticələnsə, onlarda özünə inam hissi formalaşmağa başlayır. Psixoloq Yunq bu situasiyanı nəzərdə tutaraq elə fikir irəli sürmüşdü. Məşhur psixoloq K.Q.Yunq qeyd edirdi ki, “kompleks hər zaman insana mənfi nəticələr vermir. Bəzən komplekslər insanın böyük uğurlara çatmasını təmin edə bilər”.

Bir sıra tətqiqatçılar, o cümlədən görkəmli psixatr Z.Freyd belə fikirləşir ki, komplekslərin yaranmasında əsas səbəb uşaqlıqda yaşanmış psixi travmalardır. Uşaqlıqda keçirilən travmalar gələcəkdə həmin uşağın psixikasında müəyyən izlər qoyur ki, bu da komplekslərə gətirib çıxarır. Bəzən ailələr uşaqlara həddindən artıq qayğı, sevgi göstərirlər, daim uşaqlarını digərlərinin yanında tərifləyirlər. Ailədə az qayğı, sevgi görən uşaqların özünəinamı aşağı olur. Bu da gələcəkdə aşağılıq kompleksinə səbəb olur. Aşağılıq kompleksi deyəndə ağlımıza ilk olaraq Alfred Adlerin komplekslər haqqında irəli sürdüyü fikirlər yada düşür. Adlerə görə, aşağılıq hissi bir çox psixoloji sıxıntıların təməlində durur. Ona görə, insanlarda bütün komplekslər natamamlıq kompleksindən qaynaqlanır. Buna əsasən də, O, yaranan komplesləri 3 tipə ayırır.

- Ailədə həddindən artıq sevgi görmüş uşaqlarda yaranan komplekslər;
- Ailədə yetərincə sevgi, qayğı görməyən uşaqlarda yaranan komplekslər;
- Fiziki qüsuru olan uşaqlarda yaranan komplekslər.

Bunların hər birini ayrı-ayrılıqda təhlil etsək, ailədə yetərincə sevgi görməyən uşaqlarda aşağılıq hissinin yarandığını görə bilərik. Bu da uşaqların özünə inamı aşağı olur, özünü digərlərindən aşağı, dəyərsiz görməyə başlayır. Gələcəkdə bacara biləcəyi işləri belə etməkdən çəkinir.

Aşağılıq kompleksi – insanın özünü digərlərindən yetərsiz olduğunu düşünməsi hissidir. Belə adamların çevrəsi ilə arası çox da yaxşı olmur. Onlar daim özlərini isbatlamağa, təsdiq etməyə çalışırlar. Ünsiyyətə girməkdə çətinlik çəkirlər, çox zaman özlərinə qapalı olurlar. Ailədə həddindən artıq sevgi görən uşaqlarda isə özünü digərlərindən üstün tutma hissi – üstünlük kompleksi yaranacaq.

Üstünlük kompleksi – özünün digərlərindən daha özəl, daha əlçatmaz, daha fərqli olduğunu aşırı dərəcədə düşünməsi hissidir. Bu tip insanlar özlərini cəmiyyətdən şüurlu şəkildə təcrid edir, tək olmağa meyilli olurlar. Çox insanlarla ünsiyyətə girmirlər. Çünki həmin insanları özlərinə uyğun bilmirlər. Digərlərindən üstün olduğunu həddindən artıq düşünmə hissi getdikcə eqoistliyə çevrilir, tənhalığa gətirib çıxarır və bəzəndə insanların depressiyaya düşməsinə səbəb olur. Bu kompleks bəzən ətrafdakıların həmin insanın müsbət xüsusiyyətlərini daim göz önünə gətirməsi, tərifləməsi nəticəsində də yarana bilər.



Fiziki cəhətdən qüsurlu olan insanlarda natamamlıq kompleksi olur. Uşaqlarda müəyyən yaş həddi var ki, onlar özlərini dərk etməyə başlayırlar. Bu həddən sonra yaranan hər hansı fiziki qüsur həmin uşaqda bu kompleksə gətirib çıxaracaq. Anadangəlmə fiziki qüsur olan insanlarda bu kompleks olur. Lakin, anadangəlmə olduğu üçün uşaqlar üçün ağır travma olmur. Onlar olduğu vəziyyətlə bir növ barışmış olurlar. Lakin, yeniyetməlik dövründə özünü büruzə verə bilər.

Komplekslərin necə meydana gəlməsi haqqında Yunq daha əvvəl Freyd ilə razılaşsa da, sonralar, bu fikirlərlə kifayətlənmədi. Yunq insan varlığında uşaqlıq həyatından daha dərin bir faktın ola biləcəyini düşünmüş və araşdırma aparmışdır. Araşdırmaları nəticəsində O, şüurdan kənar düşüncələrin tərifini vermişdi.

Ümumiyyətlə, komplekslər daha çox özünü yeniyetməlik dövründə göstərir. Bu dönəmdə insan bəzi problemləri böyüdərək kompleks halına gətirir. Məsələn, boy, çəki, xarici görünüş və s. bunları kompleksə gətirib çıxaracaq qədər böyüdürlər. Amma müəyyən müddət keçdikdən sonra onların əslində o qədər də böyüdülməsi lazım gəlmədiyini görürlər.

Freyd psixoseksual nəzəriyyəsinə əsaslanaraq komplekslərin izahını vermişdi. Onun fikrincə uşaqlar 3-6 yaş arası öz cinsiyyətlərini dərk edirlər. Freydin nəzəriyyəsinə əsasən bu yaş müddətinə qədər həm oğlan, həm də qız uşaqlarının ana-ataya münasibəti eyni dərəcədə olur. Lakin, 3-6 yaş arası bu münasibət müəyyən dərəcədə dəyişir. Belə ki, oğlan uşaqları daha çox analarına meyilli olurlar, anasını atasından qısqanırlar, ataya qarşı gizli aqressiya duyurlar. Qızlarda isə əksinə, atalarına daha çox meyilli olurlar, atasını anasıdan qısqanırlar, ana ilə rəqabətə girirlər.

Freyd oğlanlarda bu kompleksi Edip kompleksi, qızlarda isə Elektra kompleksi adlandırdı. Bu komplekslər 6 yaşdan sonra unudulur. Ancaq Edip kompleksi güclü olan oğlanlar gələcəkdə anasına oxşar, anasının xüsusiyyətlərini daşıyan qızla ailə qurmağa, Elektra kompleksi güclü olan qızlar isə əksinə, atasına oxşar, onun xüsusiyyətlərini daşıyan oğlanla ailə həyatı qurmağa üstünlük verirlər. Bu müddət ərzində valideynlər həmin uşaqlara nəzarət etməlidirlər. Bəzən bunu valideynlər anormal hal kimi qəbul edib bəzi cəzalar verirlər. Bu gələcəkdə uşağın psixikasında ciddi problemlər yarada bilər.

Əksəriyyət psixoloji problemlərin həlli yolunda vacib olduğu kimi, komplekslərdən də azad olmaq üçün insan ilk növbədə kompleksi olduğunu qəbul etməlidir. Qəbul etdikdən sonra problemin həll olunması üçün onun üzərinə getməlidir, bir növ kompleksi ilə daim mübarizədə olmalıdır. Probleminin üstünə getməklə o problemdən azad olmaq olar. Əgər biz aşağılıq kompleksinə baxsaq, bu kompleksə sahib olan insanlarda özünə inamın aşağı olduğunu görə bilərik. Bunun üçün də ilk növbədə özünə inamı artırmaq lazımdır. İlk öncə həmin şəxs öz bacarıqlarını, qabiliyyətlərini, potensialını kəşf edib,özünü tanımalıdır. Buna uyğun da qarşısına bacara biləcəyi, kiçik, qısamüddətli hədəflər qoymalıdır. Bu hədəflərə çatdıqdan sonra, uğur əldə etdikdən sonra onda artıq özünə inam hissi formalaşacaq. Və çevrənin də təsiri ilə (çevrədəki insanlar ona uğur qazandığını hiss etdirsə) özünü qiymətləndirmə arta bilər.

Üstünlük kompleksinin də kökünə baxsaq, orda da insanın özünə olan inamının aşağı olduğunu asanlıqla görə bilərik. Sadəcə olaraq, həmin insanlar özlərini digərlərinin yanında özünəinamlı göstərirlər. Bunun üçün yaxın ətrafındakı insanlar ona verməsi lazım olan reaksiyanı verməlidirlər ki, həmin şəxs özündə bu kompleksin olduğunu hiss etsin.

Ən əsası, insanlar bir şeyi qəbu etməlidirlər ki, yer üzərindəki bütün insanlar, insani dəyər baxımından bərabərdirlər. Buna inanılsa, şüuraltına yatsa bu fikir, insanlar özlərini insani dəyər baxımından bərabər görsə nə aşağılıq kompleksini, nə də üstünlük kompleksini yaşamağa ehtiyac qalmaz. Əgər anadangəlmə fiziki qüsurlardan qaynaqlanan bir kompleks varsa, o zaman bunun anadangəlmə olduğunu, dəyişdirə bilməyəcəyini qəbul etməlidir. Özünün digər istedadlarını ortaya çıxarıb, onların fərqində olub, o yöndə işlər görməlidir. O işlər görməklə insan öz kompleksini kompensasiya edə bilər.

Özünüzdən əmin olmağınız lazım olan anlarda özünüzü çox yaxşı hiss etdiyiniz bir anı, hadisəni xatırlayın. O anları və hisslərinizi təkrar-təkrar xatırlayın və yaşayın. İcazə verin, bədəniniz o xoşbəxtlik hormonlarını qəbul etsin. Bildiyimiz kimi, xoşbəxtlik hormonu adlanan – endorfin hormonu baş beyində sintez olunur. Bu hormon insanın bütün həyatına (emosiya, immunitet, stresse qarşı, yaraların sağalmasına və s.) təsir edir. Onun sintez olunmasını iradi şəkildə də idarə etmək olar. Bunun da ən sadə yolu səbəbsiz yerə gülməkdir. Üzdə təbəssüm yaratmaq vasitəsilə onun sintezinə nail olmaq olar. Özünüzü xoşbəxt hiss etsəniz, daha az utanacaqsınız, özünüzü daha cəsarətli və güclü hiss edəcəksiniz. Bundan əlavə, insan özünə təlqin etməklə, probleminin üstünə getməklə də ondan qurtula bilər. Həyata barışıq olmaq, fikrini, fəaliyyətini başqa yerə yönləndirmək lazımdır. Çünki, düşüncələr bizim üzərimizdə böyük qüvvəyə sahibdirlər.

Sevda Cəlilzadə
AzVision.az üçün

Teqlər: