Süfrə sularına qadağa qoyuldu

Süfrə sularına qadağa qoyuldu
  18 İyul 2013    Oxunub:1170
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi 7 ünvanında fəaliyyət göstərən "Caucasus 1" MMC-yə "1" əmtəə nişanlı qazlı və qazsız mineral müalicəvi süfrə sularının istehsalı və satışı qadağan edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, Komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi 7 ünvanında fəaliyyət göstərən "Caucasus 1" MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, normativ sənəd AZS 216-2006 (b.4.1.1) standartının tələblərinə zidd olaraq müəssisənin müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatı, istehsal olunan suların təhlükəsizlik göstəricilərinin yoxlandığını təsdiq edən sertifikatları, habelə suyun kimyəvi analizləri əsasında təbii mineral suyun minerallaşma dərəcəsi, qrupu, tipi, təyinatı, müalicəvi məqsədlərlə istifadə edilməsinə dair göstərişlər haqqında Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun müvafiq rəyi mövcud deyil. İstehsal olunan suyun mənbəyi Gədəbəy rayonu ərazisində olan Ər Dağı bulağı bildirilsə də, bunu təsdiq edən sənədlər təqdim olunmayıb. Həmçinin müəssisədə suların müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur, sınaqların aparılması üçün akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanmayıb.

Məhsulun markalanmasında bir sıra nöqsanların olduğu da müəyyən olunub. Belə ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun müvafiq rəyi olmadığından etiketlərin üzərində qeyd olunan minerallaşma dərəcəsi, qrupu, tipi, təyinatı, müalicəvi məqsədlərlə istifadə edilməsi üzrə göstərişlər və normativ sənədlər üzrə tələb olunan digər məlumatlar əsassız göstərilib.

Eyni zamanda etiketlərin üzərində istehsalçı müəssisə "Caucas 1" MMC ilə yanaşı "Metropolitan Holdinq" qeyd olunub.
Habelə etiketdə mövcud standart AZS 216-2006 ilə yanaşı AZS 009-94 də göstərilir ki, bu da "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələblərinə ziddir.

İstehsalda istismar olunan 11 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur ki, bu da "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci və 11.4-cü maddələrinə və ГОСТ 8.513-84 standartının tələblərinə ziddir.

Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.12 maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib, "Caucasus 1" MMC-yə "1" əmtəə nişanlı qazlı və qazsız mineral müalicəvi süfrə sularının istehsalı və satışı qadağan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti