Qarabağın Bakı cəbhəsi

Qarabağın Bakı cəbhəsi
  07 Aprel 2016    Oxunub:12981
Ruğu Rügzö
Səfərbərlik gözləyən ehtiyatda olan Baş Əsgər
AzVision.az üçün


(“–BU İŞLƏRİN AXIRI NECƏ OLACAQ?” – soruşanlar üçün 1 aprel, 2016-cı il tarixində başlamış II Qarabağ Müharibəsinin I Qarabağ Müharibəsilə müqayisəsi və arxa cəbhənin vəziyyəti barədə XRONİKA-TƏHLİL)

Son 5 ildə Cəbhədə gərginlik və hərəkətlilik ən böyük fazasına keçmişdi:

— Bu faza ilk dəfə 2012-ci ilin aprel ayından başladı. O zamanlar özüm cəbhədə xidmətdə idim. ABŞ dövlət katibi Hillari Klintonun regiona – Azərbaycana və Ermənistana səfərləri var idi. Səfəröncəsi Azərbaycan Xüsusi Təyinatlıları cəbhənin müxtəlif istiqamətlərinə cəm olunub əməliyyata hazırlaşırdı. Həmin əməliyyatlar baş tutdu və cəbhənin dərinliklərini yarıb düşmən mövqelərinin arxasına qədər irəlilədi XTD-çilərimiz. Ola bilərdi ki, ermənilərin Klintonun səfəri zamanı təxribatlar törədəcəyi haqda kəşfiyyat məlumatları əldə edilmişdi. Doğrudan da, atəşkəs dəfələrlə və şiddətli şəkildə pozulmağa başladı. ABŞ-ın dövlət katibi ermənilərin dinc durmadıqlarını əyani şəkildə gördü. Onu da qeyd edim ki, uzun aradan sonra nisbətən arxa xətdə olan səngərlərimizin bərpası və təmizlənməsi, döyüş mövqelərinin qaydaya salınması da elə onda başlamışdı. Bu, müharibə hazırlığının ilk müjdəsi idi.

— Fazanın 2-ci dalğası 5 iyun, 2012-ci ildə gəldi. Erməni kəşfiyyatçılarının mövqelərimizə basqın cəhdləri və şəhid verməyimiz (səhv etmirəmsə, Qazax istiqamətində) cəbhə bölgəsini həyəcan vəziyyətinə gətirdi. Ehtiyat MAT-lar (Motoatıcı Tabor) postlara qaldırıldı, postlar gücləndirildi, əlavə silah-sursat aparıldı. Bu proses avqustun ortalarına qədər çəkdi – 2 aydan çox davam etdi. Vəziyyət o qədər gərgin idi ki, ehtiyat taborda olmağımıza baxmayaraq biz belə “polnı-forma” (tam formalı) yatıb dururduq ki, hər an həyəcan siqnalı gələ bilər, vaxtında tabordan postlara qalxa bilək.

— Fazanın 3-cü dalğası - 1 sentyabrda Ramil Səfərovun ekstradisiyası ilə başladı. R.Səfərovun azad edilməsi erməniləri möhkəm qıcıqlandırdığı üçün təmas xətti boyunca təxribatlara cəhd edib geri oturduldular. Bu mənim xidmətdə son ayım idi. Ən geci elə bu vaxt artıq tərxis haqda fərmanımız çıxmalı idi. Ancaq çıxmadı, güman ki, elə bu hadisələrin təsiri ilə. Ta ki, 1 oktyabr tərxisetmə gününə 6 gün qalmışa qədər intizarda qaldıq – 24 sentyabrda – çox gec verildi fərman.

— Sonrakı illərdə də cəbhədə vəziyət dəfələrlə xeyli gərginləşdi. Bunlardan ən yaddaqalanı 2014-cü ilin avqust hadisələri idi. Həmin dövrdə də bir sıra kəndlərin azad edildiyi xəbərləri gəlir, lakin MN bu barədə rəsmi informasiya vermirdi. Həmin dövrdə mən özüm dövlət işlərində çalışır və dövlətdə olan yüksəkrütbəli məmurlardan gələn xəbərlərə əsasən bilirdim ki, doğrudan da, azad edilmiş bəzi ərazilər, kəndlər var. Ancaq bilirsiniz ki, həmin hadisələrdən sonra hansısa ərazinin əldə olunması bu günə qədər deyilmədi və prinsipcə, böyük ehtimalla belə çıxır ki, geosiyasi vəziyyətin əlverişsiz olması ucbatından qoşunlarımız azad edilən ərazilərdən geri çəkildi.

— 2015-ci ildə də dəfələrlə düşmənin təmas xəttində təxribat cəhdlərinin qarşısı alındı, şəhidlərimiz oldu və düşmənə artıqlaması ilə tələfat verildi.

— 2016-cı il də göz qabağındadır. 1994-cü ildən davam edən 22 illik atəşkəs dönəmində bu günlərdə yaşadığımız hadisələr müharibənin ən kəskin halıdır.

Bir şeyin altını cızmaq istəyirəm. 2012-ci ildən bu yana son 5 ildə baş verən hadisələrin hər birini atəşkəs dövründə özünəqədərki hadisələrin pik həddi adlandırırıq və bu temp yüksələn xətlə inkişaf etməyə davam edir. 1 apreldən başlayan hərbi əməliyyatlar isə artıq özünəqədərki hərbi əməliyyatların ən yüksək nöqtəsidir.

Hazırda, 5 aprel saat 12-dən qoşunlarımız əməliyyatları dayandırıb, möhkəmlənmə işləri aparır. Bura daxil etmək olar – ərazidə postlar qurulmasını, mina ehtimalına görə təmizləmə, istifadə edilmiş silah-sursatın rezervlə əvəzlənərək yerinin doldurulması, qida ehtiyatının gətirilməsi, yüngül və ağır artilleriyanın, qradların, raketlərin, topların yenisi (mərmi ehtiyatları ilə təminat) ilə döyüşə hazırlanması, canlı qüvvəyə istirahətin verilməsi, 4 gün yarım sürən kəskin və sürətli irəliləyişdən sonra hərbçilərin gücünü bərpa etməsi üçün şərait yaradılması.

Nəzərə alın ki, siz, adicə, bulvarı bu başdan o başa 2-3 km gəzəndə ayaqlarınız yorğunluqdan qırılır. İndi düşünün ki, əsgər tam döyüş vəziyyətində, silah-sursatla on kilometlərlə məsafəni necə qət edir: iki qat qalın və ağır qış səhra geyimi, (yay səhra geyiminə ən yaxşı halda 15 apreldə keçiləcək) polad dəbilqə, 6-8 kiloya qədər çatan əşya çantası, avtomat, xəzinələr, patron, süngü-bıçaq, əlavə silah-sursat, rezerv yeşikləri, qida qutuları (payok), qoşun növündən asılı olaraq daşınan silah hissələri.

Məsələn, adicə yüngül artilleriyaya aid olan və MAT tərkibində və ya əlahiddə şəkildə vuruşan BM 82 mm tabor minaatanları 3 hissəyə bölünür və təxmini hər hissəsi 19-20 kq təşkil edir ki, manqadakı hər əsgər bunun bir parçasını daşıyır. Hər əsgərin ortalama 60-70 kilo öz çəkisi olsa, üzərindəki bilyodan (pijama) tutmuş çiynindəki avtomata qədər bütün yüklərinin də, bəlkə, bir 50 kq çəkisi olur. 1 sentneri keçdik. Nəzərə alsaq ki, yaz aylarıdır və havalar yağıntılı keçir, yer palçıqdır və palçıqda, özü də ağır yüklə hərəkət etmək daha ağır və çətin başa gəlir, onda başa düşərsiz əsgər nə qədər yorulur. Elə o qədər yük altında, o qədər ağırlıqla, başının üstündən güllə uça-uça, top atıla-atıla hərəkət etmək, saqqız kimi yapışan palçıqdan çəkməni dartıb qaldırmaq xeyli ləngidir əsgəri.

Əməliyyatlara fasilə verməyin siyasi səbəbləri istisna deyil və ölkəyə səfər edən ATƏT-in Minsk qrupu həmsədrlərindən tutmuş, Medvedev və Lavrovun səfərlərinə qədər bunu izah edir. Bunu mən də başa düşürəm. Ancaq istənilən halda bu fasilə ordumuza özünü toparlamağa, sərf olunmuş gücünü bərpa etməyə vaxt qazandırır. İndi biriniz çıxıb deyəcəksiz ki, bəs onda erməni də vaxt qazanır, o da gücünü bərpa edir də. Ancaq baxın: erməni bu 5 günlük müharibədə nəyə qadir olduğunu göstərdi – 22 il idi də, oturmuşdular, dincəlirdilər, nə oldu?.. Ona görə də, bu dinlənmə əsas elə ordumuza xeyir gətirir. Əsgər özünü toparlamamış komandir qabağa verib, potensial şəhid sayını daha da yüksəltsin? Biri var, hücuma gedəndə 3 əsgər vurulsun, biri də var, 13 əsgər. Döyüş onsuz da, itkisiz, yaralısız mümkün deyil – yaxşı olar ki, heç kim özündən Amerika kəşf etməsin.

Münaqişənin atəşkəs dövründəki son 5 illik fazasını belə yüngülvari yada salanda şahidi olmuş oluruq ki, doğrudan da, illər keçdikcə, danışıqlar uzandıqca təmas xəttində temperatur yüksəlir və hər dəfəsində ordumuz qarşı tərəfə daha ciddi zərbələr vurur və hətta 22 illik mövqeləri geridə qoyub, irəli hücuma keçir, əraziləri işğaldan azad edir. Bu sarıdan bir məqamı da izah edim.

Yüksəkliklərin alınması, təpələrin alınması sizə elə-belə şey gəlməsin. Bu barədə boş danışan adamlar ya hərb həyatının üzünü doğal olaraq görməmiş qızlardır, ya da mülki həyatda patriotluq edən fərarilər. Bir yüksəklik ələ keçiriləndə kilometrlərcə ərazi sənin nəzarətinə düşür. İstədiyin vaxt düşmənin başına od ələyə bilirsən. İkinci isə, o yüksəkliyi ələ keçirməklə düşmənin orada nəzarətinə son qoyursan ki, oradan oturub sənin təmas xəttindən arxadakı ərazilərini güllə-baran eləməsin. Üçüncüsü isə, əgər “iki təpəyə görə...” söhbətinizdə haqlısınızsa, yüksəkliklər əhəmiyyətsizdirsə, onda niyə düşmən həmin mövqelər əlindən çıxan kimi özünü cırmağa başladı ki, Azərbaycan geri çəkilsin, biz də qayıdaq oturaq öz mövqelərimizdə? Bu sualın cavabını həmin yüksəklikləri əhəmiyyətsiz sayan şəxslərdən kim verə bilər?

Nə üçün bu ana qədər ermənilər hələ də həmin nöqtələrdə mövqelərini bərpa etmək üçün ard-arda hücuma keçirlər? Sizin dediyiniz qədər əhəmiyyətsizdirsə, bu ermənilər niyə həmin postları qaytarmaqda israrçıdır? Kim səngərdə, cəbhədə olubsa, bilir, səngərlər həmişə ərazidəki ən yüksək hissələrdə qazılır. İstəyir piyada qüvvələr olsun, istəyir artilleriya, istəyir də ZRAB postları (əsgərlər arasında “zirab” deyilir – Zenit Raket Artilleriya Batareyası – briqadaların əlahiddə batareyasıdır və MAT-lardan ayrıca və daha yüksəkdə olan ərazilərdə mövqe tutur. Ona görə də istənilən halda o yüksəkliklərin tutulması və uğrunda itki verməyimiz heç də əhəmiyyətsiz deyil. İndi o yüksəklikləri ələ almağımıza görə ətraf ərazilərin kəndləri uzun kilometrlər boyunca düşmən gülləsindən uzaqda olacaq. Hələ həmin yüksəkliklər uğrunda bundan əvvəlki döyüşlər haqda oxusanız, 1994-cü ildə uğur qazana bilməməyimizi, mövqeləri itirdiyimizi xatırlasanız, başa düşərsiniz ki, bundan əvvəl də o yüksəkliklər uğrunda qan tökülüb və indi o qanlar yerini tutdu.

Tutulmuş rayonlar haqda birbaşa mənbələrdən alınan xəbərlər var. Özüm bu xəbərləri almayana qədər heç də asan-asan güvənmədim. İndi məsələ bundadır ki, dövlət baba niyə rəsmi elan etmir? Nəyi gözləyir? Doğrudur, burada hərbi əməliyyatların mümkün qədər səs-küysüz aparılması – səssiz müharibə taktikası ola bilər. Ancaq torpaq azad ediriksə, bunu erməni də, arxasına sığındığı qüvvələr də zatən, bilir. Lakin başqa ehtimallar da olduğu ortadadır. Məsələn, açıq bir versiyaya görə, bizim dövlət RF rəsmilərinin Azərbaycana səfərlərini gözləyirlər. Bu səfərlərdə məsələnin siyasi taleyi həll ediləcək, bundan sonrakı addımlar dəqiqləşdiriləcək və ya korreksiya olunacaq.

Əgər hazırda tamam lehimizə görünən geosiyasi proseslərdə ciddi dəyişikliklər getsə, qoşunları geriyə çəkmək dövlət üçün rahat olacaq. Niyə? Düşünün ki, Bakıdan rəsmi bəyanat verirlər ki, məsələn, Füzulini aldıq və o tərəfdən RF gəlib başqa milli maraqlarımızı təhdid edərək qoşunları geri çəkməyə təzyiq edir. Bu halda geri addım atmaq arxa cəbhədə vəziyyəti daha da qarışdırar: eyforiya vəziyyətində olan mülki əhali sürəkli mitinq və etirazlara qalxar ki, bu da cəbhədə vəziyyət gərgin olduğu bir vaxtda dövlət üçün heç də arzulanan bir şey sayılmaz. Çünki dövlət çox yaxşı görür ictimai rəy birdən-birə necə dəyişib. Bu barədə sonra. Ona görə də azad edilmiş qalan ərazilərin rəsmi elan edilməməsi narahatlıq yaratmaqda heç də nagəhan deyil. Aşağı saqqal, yuxarı bığ.

Bütün bunları aydın edəndən sonra, əslində, nə baş verdiyini bir az daha yaxşı anlamaq üçün ön cəbhəyə yox, məhz arxa cəbhəyə baxmaq lazımdır. Arxa cəbhədə gedən proseslər ön cəbhədə olacaq dəyişikliklərin indikatorudur. Azərbaycanda Qarabağla bağlı məsələlərin xarici siyasətin tərkib hissəsi kimi daha çox inzibati üsullarla yönləndirildiyini gəlin özümüzdən gizlətməyək. 22 ildən sonra ölkənin ictimai rəyində birdən-birə Qarabağ bum`u yaşanır. Bu “booom” qəflətən haradan meydana çıxdı, necə yönləndirilir? – bax bu sualları qoymaq lazımdır vəziyyəti aydın dərk etmək üçün. Bunun üçün isə əvvəlcə, 90-larla 10-ların komparativ analizi vacibdir. Yəni I Qarabağ müharibəsi (BQM) ilə II Qarabağ (İQM) müharibəsinin müqayisəli təhlili.

1) BQM-də Azərbaycanda hərbi-siyasi vəziyyət xaotik idi; İQM-də isə stabillik və inkişaf dövrüdür.

2) BQM-də ölkə iqtisadiyyatı iflas etmiş, blokadaya alınmış vəziyyətdə idi, beynəlxalq vəziyyəti heç ürəkaçan deyildi; İQM-də isə əvvəlki dövrdən qat-qat irəlidədir – problemlərə rəğmən.

3) BQM-də mərkəzi ordu idarəetməsi yox idi, əlinə silah götürən ya yağmalamağa gedir, ya da qiyam edirdi, könüllülər və yerli təşkilatlanmalar aparırdı vuruşmanı. Pərakəndə savaşırdıq. Silah-sursat çatışmırdı. Prezident devirmək modda idi. İQM-də isə vahid ordu idarəetməsi, mərkəzçilik var. Əsgər boşalmış kəndlər və ya düşmənin qoyub qaçdıqlarını yağmalamağa yox, hərbi birləşmələri dağıtmağa konsantre olub. Silah-sursat ən yüksək səviyyədə təmin olunub, əsgərin geyimindən yeməyinə qədər ehtiyacları komandanlıq tərəfindən ödənilir. Vahid komandanlıq əməliyyatları əlaqəli və kəşfiyyat xidmətinin məlumatları əsasında düzənləyir, ordunun bölmələri, ayrı-ayrı mövqelərdəki briqadalar arasında məlumat dövriyəsi var.

4) BQM-də canını dişinə tutub vuruşurdular, arxa cəbhədə ölkə ağır vəziyyətdə idi, vuruşmaq çarəsizliklə müşaiət edilirdi. İQM-də isə əsgər nə üçün vuruşduğunu bilir, ümidsiz deyil – ruh yüksəkliyi var. Əsgər bilir ki, o güclü bir ordunun qulluqçusudur və arxasında böyük entuziazm keçirən xalq var.

5) BQM-də ordudan yayınır, könüllülükdən yan cızır, saxta sənədlərlə müharibədən uzaq dururdular – çünki belə şəraitdə vuruşmağa çoxunun ümidi yox idi – real olaraq. İQM-də isə gözlənilənin və deyilənlərin əksinə, hamı birdən-birə cəbhəyə getməyə hazırdır, böyük bir çoxluq könüllüdür, kişili-qadınlı hamı səfərbərlik əmri gözləyir. Çünki insanlar 90-larla indinin fərqini və istənilən halda xeyli güclü olduğumuzu anlayırlar. Hətta xaricdə oxuyan gənclər də, deyir, “2 gün qabaqdan xəbər verin, biletimizi alaq”. Maraqlıdır ki, bu günə qədər sırf ordudan yayınmaq xatirinə xaricdə oxumağa gedənlər var idisə, bu gün xaricdə rahatını pozub, hətta işini-gücünü atıb gəlmək istəyən gənclər var. (Razıyam ki, BQM-də də bu cür hallar olub, ancaq demək istədiyim budur ki, İQM-də bunun olacağına heç kim ehtimal verməzdi)

6) BQM-də rayonların, kəndlərin alınması barədə saxta xəbərlər dolaşırdısa, İQM-də, əksinə, azad edilməsi barədə xəbərlər dolaşır. Şaiə belə olsa, bu Mirşahinin də qeyd etdiyi kimi xalqın pozitivə kökləndiyini göstərir. Yəni, bu şaiələr əslində xalqın ordudan gözləntisinin nə olduğunu izah edir. Yalan, saxta, fırıldaq deyib keçməyək – alt qatına baxaq. “Niyə ordumuz geri çəkildi!” yox, “Ordumuz filan rayonu tutdu?” – sualını verək özümüzə.

7) BQM-də mülki əhali köç edir, baş götürüb qaçırdı. İQM-də isə insanlar olduğu yerdən tərpənmir, çünki orduya güvənir. Qızğın döyüşlər zamanı bugünlərdə bəzi kəndlərin əhalisi isə ordunun özü tərəfindən və sadəcə, təhlükəsizlik məqsədilə evakuasiya edilib, ətraf ərazilərə yerləşdirilmişdi. Geri qaytarıldılar.

8) BQM-də müharibə könüllülərin və yerli özünümüdafiə batalyonlarının ümidinə qalmışdı, orta yaşlı adamlar vuruşurdu. İndi isə heç bir səfərbərlik edilmədən, arxadakı əlavə qüvvələr əməliyyatlara cəlb edilmədən, ön xətdəki 18-20 yaşlı gənclərin (əsas etibarilə) gücü ilə xeyli irəliləyiş edib, düşmənə çox ağır zərbələr endirmişik.

9) BQM-də mənim bildiyim qədər yalnız piyada qoşunları və ağır artilleriya istifadə edilmişdi. Sovet dağılandan sonra əmlakı bölünərkən aviasiya vasitələri qəsdən xarab və ya əhəmiyyətli detalları ayrılmış şəkildə verilmişdi bizə. Zərbə helikopterləri, döyüş vertolyotları, qırıcı və bombardamançı təyyarələr o dövrdə istifadə edilməmiş və yaxud da, ümumiyyətlə yox idi. İQM-də isə dost İsrailin satdığı əhəmiyyətli silahlarla arsenalımızı gücləndirmiş və ən müasir texnika və silahları əlimizə cəm etmişik. Dövrə uyğun olaraq PUA-larımız, hətta kamikadze PUA-larımız var. Sovetdənqalma T-72 tanklarını belə İsrailin köməyi ilə modernizasiya edib gecə döyüşlərinə hazırlamışıq. Aviasiya qüvvəmiz də necə lazımdırsa, var.

10) BQM-də biz savaşa qəfil yaxalanmışdıq. Ansızın bir zamanda ermənilər baş qaldırmışdı. İQM-də isə biz 20 ildən çoxdur ki müharibə vəziyyətindəyik və hər baxımdan hazırlıqlıyıq, boş dayanmamışıq. Həm hərbi müstəvidə həm daxili, həm xarici siyasətdə möhkəm mövqelər əldə etmişik. Ermənistan isə tam əksinə.

11) BQM-də Sovet yeni dağılmış, biz də uçqunları altında qalmışdıq. İQM-də isə siyasi nüfuzu və möhkəm kanalları, dəstəyi olan dövlətik. BQM-də Ermənistana açıq şəkildə hərbi müstəvidə RF kömək edirdisə, bu gün RF həmin açıq hərbi dəstəyi Qarabağda (!) Ermənistana verə bilmir. BQM-də Türkiyə hərbi əməliyyatlarda bizə dövlət səviyyəsində kömək etməmiş, hətta 20 Yanvar hadisələrinə rəsmi səviyyədə sükut ilə reaksiya vermişdisə, bu gün ən yaxın müttəfiqimizdir.

Bu punktları xeyli uzatmaq olar. Ancaq zənnimcə bunlar kifayətdir.

ARXA CƏBHƏDƏ NƏ BAŞ VERDİ?

Qarabağ Azərbaycanın cəbhəsidir, Bakı isə Qarabağın. Qarabağın taleyi Bişkek protokolu imzalanan gündən səngərdə yox, Bakıda həllini gözləyirdi. Atəşkəs Bakını cəbhənin cəbhəsi, Qarabağın birinci komanda-qərargah məntəqəsi etdi. Atəşkəs dövründə saysız hesabsız danışıqlar, səfərlər, qətnamələr, bəyanatlar, tonlarla kağız-kuğuz, acı bağırsaq kimi uzanan diplomatiya bizi hövsələdən saldı. Axırda sadə vətəndaş əlini Qarabağdan çəkib ümidini üzdü. Atəşkəsin 22-ci ilində isə birdən-birə arxa cəbhə fəallaşmağa və öz fəallığı ilə də ön cəbhəni irəli çəkməyə başladı. Bəs necə oldu ki, ön cəbhə üçün düyməni basıb irəli əmrini verdilər?

Axı ən azından, sadəcə, müdafiə də oluna bilərdik – 22 ildir olunduğumuz kimi. Bununla bağlı məsələlərin ən düzgün cavabı dövlət böyüklərinin kabinetində, ən azından isə professional siyasətşünasların şərhindədir. Aydın məsələdir ki, bölgədəki geosiyasi vəziyyətdə gedən əhəmiyyətli və ciddi dəyişikliklər – Türkiyə ilə Rusiyanın münasibətlərinin pisləşməsi, İranın Qərblə barışığı, Gürcüstanın Avropa ilə bir addım da yaxınlaşması (viza), Çindən gələn ticarət yollarının Azərbaycan üzərindən keçməsi, Suriyada vətəndaş müharibəsinin və terrorla savaşın səngiməməsi, RF-nin də Suriyadan çıxmağa məcbur qalması və s. yerləşdiyi strateji mövqe və güc balansının qorunması baxımdan Azərbaycanın əhəmiyyətini Rusiya üçün daha da artırdı.

Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Tamam başqa coğrafi koordinatlarda və tamam başqa siyasi parametrlərə malik olan bir ölkədir. Azərbaycanla toqquşmaq, onsuz da, Türkiyə ilə olan münasibətləri daha da kəskinləşdirər, digər tərəfdən Qərblə zatən yaxınlaşmaqda olan İran İslam Respublikası ilə quru yol bağlantısını əldən çıxarta bilər – bunu 6 aprel tarixində Bakıda RF Xarici İşlər Naziri S.Lavrov ilə görüşdə Azərbaycan prezidenti çox diplomatik bir şəkildə çatdırdı, hansı ki, mətbuat bu sitatın üstünə çox da düşmədi. Sitat: “Azərbaycan dünyada yeganə ölkədir ki, eyni zamanda, həm Rusiya, həm də İranla həmsərhəddir”. Bu bir cümlə Azərbaycanın dəyəri barədə Rusiya üçün kifayət qədər ciddi mesaj idi.

Bir az kobud olsa da, bu siyasi prosesləri müasir siyasi elmin gender yanaşması ilə analiz edəcəm: Azərbaycan bu regionda öz parametr və çəkisinə görə derjavalara münasibətdə qadın rolundadır. Derjavalar – RF və Qərb isə kişi. Normalda, hər bir oğlan çalışır ki, qızın xoşuna gəlsin və qız məhz ona “hə” desin. Zira, qadın “hə” deməyincə onun sənin yanında yer alması müşkül məsələdir. Nə zəmanə elə zəmanə deyil, nə də “qız” elə qız deyil ki, basıb maşına qaçırasan. Deməli, məsələni diplomatiya ilə çözmək və daha çox vədlər vermək yolu ilə həll etmək olar.
Çox maraqlıdır, bizim “qız” isə bildirir ki, mən feministəm, ərə getmək fikrim də yoxdur, gedib kimin üçünsə “bozbaş” bişirən də deyiləm, mən özüm beş dənə oğlandan artığam, öz əlim – öz başım: mən gedirəm özüm üçün “karyera qurmağa” (mikrorayon tikməyə) – bu isə dövlətimizin suverenliyi və müstəqil xarici siyasət yürütmək söhbətinin loru dildə izahıdır. Bu “feminizm” Qərbə də “yox” deməkdir, Rusiyaya da. Bax bunun adına isə müasir Azərbaycan siyasətində balanslaşdırılmış xarici siyasət deyilir. İndi həmin o balanslaşdırılmış xarici siyasətin nəmənə şey olduğunu anladıqdan sonra baxaq görək cəbhənin cəbhəsində – Bakıda və digər bölgələrdə nə baş verir?

1. Əvvəlcə cəbhədən ruh yüksəkliyi yaradan və ermənilərə tələfat verməyimizlə bağlı rəsmi xəbərlər gəldi. – bu əvvəllər də olurdu.

2. Ardınca həm rəsmi, həm cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlardan ağır artilleriyanın işə düşməsi barədə məlumatlar verildi – bu yeni idi, əvvəllər ermənilər mülki əhalini, sadəcə, avtomat və pulemyotlardan atəşə tuturdular.

3. Sosial şəbəkələrdəki azərbaycanlılar hadisələri fəal şəkildə izləməyə və yaymağa başladılar. Anbaan xəbərlər yayıldı.

4. Və birdən möcüzəvi şəkildə telekanallarımız cəbhə bölgəsində peyda oldular. Başqa vaxt cəbhədə atışma gedəndə, qan töküləndə adicə informasiya proqramlarında belə üstünə çox düşməyən və əvvəlki oxşar alovlanmalara laqeyd yanaşan televiziyalarımız, müxbirlərimiz ilahidən vəhy almış kimi dəfə-daraqlarını yığıb cəbhəyə yola düşdülər. Hətta iş o yerə çatdı ki, Mirşahin də 20 ildən sonra Çingiz Mustafayevi xatırladan voryonka gödəkçəni əyninə keçirib top atəşləri altında ön xəttə gedib çıxdı. Vahid Mustafayev də ondan geri qalmayıb, kameranı əlinə aldı. (Düzdür, yanında operatorun özünü çəkən başqa bir operator da var idi...) Simvollardan biri isə o idi ki, Çingizin oğlu Fuad bu dəfə atasının yolunu davam etdirib çəkiliş aparırdı. Ortaya sual çıxır: 2012-də, 2014-də, lap elə 2015-də bu komanda harada idi? Fuadı qoyuram qırağa, cavan oğlandır. Bəs Mirşahin? Bəs Vahid? Belə çıxır ki, əslində, hər şey dövlətə qabaqcadan məlum idi, nostaljik olaraq ANS başda olmaqla, digər telekanal və reportyorları cəbhə bölgəsinə səfərbər edən qüvvə də elə dövlətin ta kəndisi idi. Məqsəd isə BQM-dən tanış olan mənzərəni yaradıb insanları hərəkətə gətirməkdən ibarət idi.

5. Paralel şəkildə sosial şəbəkələrdə də Qarabağ bum`u yaşanırdı. (indi də yaşanır) İnsanlar profillərinə dövlət bayrağımızın şəklini qoydular. Təkcə bu proqramlardan yalnız birində bu ana qədər (6.4.2016, axşam saatları) 101.000-dən artıq Facebook istifadəçisi öz profil şəklini Azərbaycan bayrağı ilə bəzəyib. Müqayisə üçün deyim ki, erməni bayrağında bu göstərici vur-tut 20.000-dir, yəni 5 dəfə az və ya bizim cəmi bir günümüzdəki qədər. Bu özü Azərbaycanda hərbi-psixoloji vəziyyətin nə qədər yüksək səviyyəyə qalxdığını və Qarabağa köklənmiş halda olduğunu, ermənilərin isə əksinə yaşadıqları frusturasiyanı – qorxunu izah edir. Yoxsa təbliğatda hamıdan öndə olan ermənilərin belə passivliyini başqa necə açıqlamaq olar?

6. Sosial şəbəkələrdə digər məqam isə o idi ki, əyləncə səhifələrindən tutmuş yüzminlik səhifələrə qədər hər bir səhifə yalnız müharibə və döyüşlərin gedişatı ilə bağlı xəbərlər paylaşır, hər kəs sövq-təbii müharibəyə köklənirdi. İctimai rəyin yönləndirilməsində əvəzsiz bir resurs olan sosial şəbəkələr burada da təbii yolla Qarabağ bumunu böyüdüb internetdən kənardakı qalan 8 milyona çatdırdılar. Əvvəllər də bu var idi, ancaq bəs onda niyə aşağıda qeyd edəcəyim mitinqlər olmurdu? Çünki dövlət dəstəyi yox idi.

7. İşlər bununla da bitmədi, KİV – həmişə əllərindən dad vurulan, vətəndaşlar tərəfindən xain, satqın elan edilən televiziyalarımız da əsgər şinelini çiyinlərinə keçirtib, efirin tematikasını dəyişdilər. Kanallarımızda müharibə filmləri, döyüş ruhunu yüksəldən kinolar, verilişlərdə Qarabağ müzakirələri, ordunun vəziyyəti, həm TV, həm radio efir məkanında vətənpərvər mahnılar qulaq deşdi. Allahın Zauru müharibədən danışırdı bu gün. Rəqsanə və Tolik isə əyninə hərbi uniforma keçirib ön cəbhəyə yollandılar. Necə oldu ki, bu qədər özəl KİV rəhbərləri əvvəlki illərdən fərqli olaraq indi efir məkanlarını müharibəyə həsr etdilər? Hətta bu gün radiolardan birinin efirində xanım bəstəkarlarımızdan birinin Qarabağla bağlı təzə (!) yazdığı və eksklüziv səsləndirilən bir musiqi parçası yayımlandı. Sual verirəm: necə oldu, bu mahnının 4 günə sözü də yazıldı, musiqisi də bəstələndi, məşqi də edildi, üstəlik səsyazması da?

8. “ASAN” Xidmət “Əsgərə Məktub” layihəsi başlatdı. “ASAN” dövlət qurumudur, icra orqanıdır, ictimai təşkilat deyil. Əgər bir dövlət qurumunda bir addım atılırsa, bu, 100/100 aydın məsələdir ki, subordinasiya əsasında yuxarıdan verilən tapşırıq və vəzifədir. Aha, kələfin ucu görsəndi: deməli, KİV-lərin efir məkanından tutmuş, cəbhədəki çəkilişlərə, təhlükəli canlı yayımlara, eləcə də dövlət qurumlarının orduya dəstəyinə qədər hamısının baş verməsində maraqlı olan qüvvə dövlətdir. Bəs dövlət niyə maraqlıdır? Bu sualın cavabını aşağıda verəcəm.

9. Heç bir ehtiyac olmadığı halda sosial şəbəkələrdə gənclərə yaralı əsgərlərimiz üçün qan verilməsi ilə bağlı çağırışlar oldu. Səhərisi gün təkcə Bakıda 50-60 könüllünün gəlib qan verdiyi Mərkəzi Qan Bankı tərəfindən açıqlandı.

10. İctimai fəal gənclər ordunun yanında olduğumuzu göstərmək üçün simvolik yardım aksiyasına başladılar. Birdən-birə buna da xeyli vətəndaş cəlb olundu və nə qədər adam əlindən gəldiyi qədər azuqə hazırlayıb, könüllülərin ixtiyarına verdi. Onlar da aparıb cəbhə xəttinə çatdırdılar. Ardı da davam edir.

11. Çox maraqlıdır ki, 2013-cü ildə “əsgər ölümlərinə son” adı ilə gedən aksiyalardan 3`cə il sonra Azərbaycanın tələbələri Orduya dəstək aksiyasına qalxdı. Ölkənin ən böyük və qocaman universiteti BDU-da, digər böyük universitetimiz Azərbaycan Dövlət İqtisad Universitetində, daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində, Milli Aviasiya Akademiyasında və ölkənin ən prestijli ali təhsil ocaqlarından olan Dövlət İdarəçilik Akademiyasında və hətta Azərbaycan Diplomatik Akademiyasında yüzlərlə tələbənin qatıldığı aksiyalar təşkil olundu. Siyasi məsələlərdən həmişə yan çizən Azərbaycan universitetlərinin rəhbərlikləri tələbələrin belə toplantısına, aksiyasına, mitinqinə nə əcəb icazə verdilər? Özünüzə heç sual vermədiz? Çox güman ki, Tələbə-Gənclər Təşkilatlarını da qabağa verib, bunları təşkil edən elə rektoratlıqlar özləri idi.

12. Müxtəlif bölgələrə şəhid cənazələri gətirildi. Naxçıvanda, Zaqatalada, Sumqayıtda, Bakıda və digər bölgələrdə dəfn edilən şəhidlərin dəfn mərasimində indiyə qədər çox nadir hallarda yaşanan izdiham yaşandı. Ən diqqətçəkən məqam isə mənim üçün şəhidlərin toy-bayramla uğurlanması oldu. Naxçıvanda böyük maşın karvanı uzun-uzadı siqnal ilə, Sumqayıtda isə vətənpərvər mahnı müşaiəti ilə, insanların güclü alqış sədaları altında dəfn edildi. Bir tərəfdən izdihamın yaşanması, digər tərəfdən isə izdihamın şəhidə məhz bu cür yanaşması, şəhid dəfninə sevinclə, başıdik, qürurlu şəkildə yığışması – psixoloji baxımdan xalqın orduya və qələbəyə, tökülən qanların əvəzsiz qalmamasına olan inamı idi. Hətta iş o yerə çatıb ki, 7 aprelə keçən bu gecədə hazırda – gecə saat 4`də Sumqayıtda hamı küçələrdədir və gələn şəhid cənazəsini qarşılayır. Küçələrdə insan və avtomobil əlindən yer yoxdur.

13. İdman yarışlarında, futbol, voleybol komandaları yarışlara hərbi formada və plakatlarla, posterlərlə çıxdılar.

14. Nəinki Bakıda, həm də müxtəlif bölgələrdə, hətta Bakıətrafı qəsəbələrdə gənclərin piyada və avtomobil yürüşləri keçirildi, sloqanlar atıldı, orduya dəstək ifadə olundu. Hövsan, dalınca bu gün Əhmədlidə yürüş təşkil olundu. Polis maşınları çoxsaylı gənclər kütləsini səssizcə müşaiət edir, hətta “Əhmədli” m/s-dan Ukrayna dairəsinə uzanan Məhəmməd Hadi küçəsini bağlayıb, nəqliyyatın hərəkətinə əngəl olan izdihama müdaxilə eləmir, əksinə, təhlükəsizliyi təmin edirdilər.

15. Aksiyalarda aksiyaların özlərindən qabaq onların hazırlığı da ayrıca diqqət çəkən nüansdır. Bəri başdan deyim ki, bütün bunları bütün aksiyalara aid eləmirəm, ancaq hər hansısa aksiya keçirilirsə və dövlət buna səs çıxarmırsa, deməli, vəziyyətdən razıdır. İndi isə nüans: bütün aksiyalarda çoxsaylı bayraqlar, plakatlar, sloqanlar və s. var idi. Bunlar da bir sıra aksiyaların təşkilatlanmasından, ictimai rəydən doğan və qarşılıqlı olaraq onu tətikləyən düşünülmüş addımlar olmasından xəbər verir. Bu da pək gözəl!

16. Müdafiə Nazirliyi sosial şəbəkələrdə insanların fəallığını görüb, Facebook`da rəsmi səhifəsini təsis edir. Səhifə ilk günündə 80.000-ə qədər yüksəlir. Hazırda isə 123.000-dən artıq izləyicisi var. 2 gündə heç bir reklamsız 123.000 istifadəçi cəlb edən səhifə olaraq Facebook`un Azərbaycan seqmentinin 8 illik tarixində bərabərsiz rekorda imza atır. Nəzərə alanda ki, Facebook`un Azərbaycan seqmentində daha çox əyləncə xarakterli səhifələr ilk beşlikdə qərarlaşıb, AR MN kimi ciddi bir qurumun belə bir sürətli yüksəlişi də diqqət çəkəndir. Bu möhtəşəm aktivlik Qarabağ və müharibəyə xalqın reaksiyasının bir təzahürüdür. Eyni zamanda AR MN saytında məlumatları artıq həm də rus və ingilis dili kimi beynəlxalq dillərdə də qoyaraq informasiya müharibəsində növbəti həmləni də həyata keçirir.

17. İctimai rəy elə yönləndirilib ki, bundan qabaq, “–Nəyimə lazımdı, ə, Qarabağ, uşağıma kim baxacaq?”, “–Övladım şikəst olacaq, dövlət mənə baxandır?” və s. tip düşüncədə olan xalq indi bir güllənin atılmasından sevinir, bircə topun atılması üçün dua edir, səhərə qədər hamı xəbər gözləyir. Xalq olaraq gecəni yatmayan bir ölkə kimi Ginnesə də namizədliyimizi verə bilərik. Xalqın mövqeyi 180 dərəcə dəyişərək atəşkəsin pozulması, hücumların davam etdirilməsi, qızlı-oğlanlı, cavanlı-qocalı hər kəsin vuruşmaq istəyi ilə ifadə olunur. Bundan əvvəlki hadisələrdə xalq niyə bu qədər reaksiya vermirdi? Niyə insanlar çıxıb “hücuma davam” mitinqi keçirmirdilər?

SON SUAL

Bütün yuxarıda sadalananları və unudulanları rəhbər tutaraq soruşuram: İctimai rəydə Qarabağ bum`unun axırı necə olacaq”?

CAVAB

BQM ilə İQM-in ümumi komporativ təhlilindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son beşillikdəki fazasında cəbhədə hərarətin yüksələn xətlə qalxmasından və son olaraq BQM kimi yenə elan edilməmiş, əslində isə faktiki müharibə statusunda olan hazırki hərbi əməliyyatların baş verməsi ilə eş-zamanlı şəkildə (paralel) Bakı başda olmaqla regionlarda, hətta qəribə şəkildə təəccüb yaradaraq Bakıətrafı qəsəbələrdə, ali təhsil ocaqlarında, hətta-hətta mərkəzdə və Şəhidlər Xiyabanında olan avto və piyada yürüşlərindən, bunların təsiri ilə xaricdəki azərbaycanlılardan və Güney Azərbaycandan gələn dəstəklərdən belə bir qənaət hasil olur ki, xalqın orduya dəstəyinin təmin olunmasında dövlət özü maraqlıdır. Niyə? Bu suala bəzi yoldaşlar öz siyasi mövqeləri sarıdan da cavab verə bilərlər. Ancaq yuxarıda dəyişmiş geosiyasi prosesləri qısa xatırlatmışam.

Üstəlik, əks-arqument verirəm ki, Azərbaycan hökumətinin məqsədi qətiyyən kimlərinsə dediyi kimi, “insanların diqqətini ölkədə sosial durumdan yayındırmaq” deyil. Nə prezident seçkisi ilidir, nə də parlement. Heç bələdiyyə seçkisi ili də deyil.

İkincisi isə, tutaq ki, hökumət insanların diqqətini sosial durumdan yayındırmaq istəyir. Onda sual verirəm – bunu niyə devalvasiya gedən vaxtı etmədi? Ən qızğın vaxt bu idi axı.

Üçüncüsü, yenə də tutaq ki, hökumət insanların diqqətini sosial durumdan yayındırmaq istəyir. Onda yenə də sual verməliyəm: əgər məqsəd budursa, onda niyə hadisələr elə də ehtiyac olmadığı halda bu qədər böyük miqyasa çıxarılır?

Dördüncüsü, yenə də və yenə də tutaq ki, hökumət insanların diqqətini sosial durumdan yayındırmaq istəyir. Onda bir daha sual verirəm: bunu eləmək üçün eləcə cəbhədə vəziyyətin bir qədər gərginləşdirilməsi kafi idi, onda niyə ordu irəlilədi?

Beşincisi, təkrar olunan cümləni bir daha xatırladıb, növbəti sualı verirəm: tutaq ki, doğrudan da, məqsəd xalqın diqqətini sosial durumdan yayındırmaq idi – guya lap elə xalq başqa vaxt çıxıb mitinq filan edir – yaxşı, müharibə alovlandı, diqqətimiz yayındı. Müharibə bitdi, diqqət qayıtdı, bax qayıtdı axı. Hə, sonra? Budur yəni plan?..

Əksinə, bu məqsədlə müharibə edirsən, deməli, avtomatik olaraq ciddi uğur qazanmırsan (məqsəd azadetmə olmadığı üçün) və sonra da həm xalqın sosial duruma etirazını alırsan, həm də “– Torpaqları niyə almadın?” – sualı ilə xalqa cavab verməli olursan. Yəni qaş düzəldən yerdə vurub göz çıxartırsan. Açıq sual verim: hakimiyyət bəyəm bu qədər naşıdır?..

Başqa arqument də qoya bilərəm: əgər iqtidarın məqsədi, gerçəkdən də, bəzi yoldaşların iddia etdiyi və ya qorxduğu kimi xalqın diqqətinin sosial məsələlərdən yayındırılması idisə, hökumətdə oturanların ağlı yerindən qaçmayıb ki, xalqı dövlət özü təşviq edərək 90-lardan bu yana olmayan bir şəkildə insanları bir araya gətirib onu yenidən özünə qaytarsın, yenidən birliyi, bərabərliyi, əsl həmrəyliyi, xalqın vahid iradə və gücünü insanlara dadızdırıb, sonra da başını buraxsın ki, “vsyo də”, xalqın diqqəti yayındı. Yəni, bu həmlə o məqsədi daşısa, hakimiyyət üçün çox kəskin nəticələr verər bundan sonrasında – bunu isə iqtidar anlamayacaq qədər xam deyil. Özü də müharibə kimi alovlu, Qarabağ kimi həssas məsələ ilə, şəhid qanı ilə xalqı dirçəltmək, ona qol-qanad vermək çox emosional və başıalovlu izdihamlar ortaya çıxarır. Dediyim kimi, bütün bunlar da göstərir ki, dövlətin iddia edildiyi kimi “xalqın diqqətini yayındırmaq” məqsədi yoxdur.

Eləysə, dövlət nə istəyir? Cavab verirəm: –Qarabağı. Bəli, bəli, biz dövlətdən yox, dövlət özü bizdən Qarabağı istəyir. Bütün əlavə variantların çıxdaş edilməsindən sonra yerdə bircə variant qalır ki, dövlət bizi müharibəyə hazırlayır. Bütün bu qədər kütləvi hazırlıq, total propaqanda, müharibə PR-ı – hamısı xalqı savaşa psixoloji hazırlamaq, daha doğrusu, xalqın ruhunu yüksəldərək orduya emosional güc təşkil etmək, ən əsası isə beynəlxalq qüvvələrin, açıq desəm, RF-nin basqısından, hədələrindən həm iqtidarı, həm də dövləti qorumaq üçün xalqın gücünü aktivləşdirib ümummilli ideal ətrafında cəmləmək üçündür.

Yəni, dövlət böyükləri yaxşı başa düşür ki, biz hansı regiondayıq və bizə hansı təhdidlər ola bilər. Fürsət yaranmış ikən torpaqları almaq, tarixi anı yaxalamaq, yaxaladıqda da istifadə etmək hər bir iqtidar üçün vazkeçilməzdir – xalqın könlünü fəth etmək var işin ucunda. Ancaq bunu edərkən də, həm siyasi hakimiyyətə, həm də dolayısıyla xalqın özünə başqa zərbələrin qarşısını almaq üçün xalqın öz gücü də lazımdır. Bugünə qədər Qarabağdan danışılanda siyasi iradədən danışılırdı. Ancaq hər bir siyasi iradədən də böyük daha bir iradə vardır – XALQIN İRADƏSİ.

Siyasi elmdə bir leqallıq, bir də legitimlik anlayışı var. Leqallıq o şeydir ki, qanunidir, necə lazımdırsa, elədir. Legitimlik isə o şeydir ki, bu şey həm də başqaları tərəfindən qəbul ediləndir. Bəzən bunlardan biri olur, digəri isə olmur. O zaman həmin addım laxlayır. Ən gözəli bu ikisinin bir yerdə olmasıdır. Məsələn, bir erməni milliyətli Azərbaycan vətəndaşı konstitusion hüquqa malikdir ki, Azərbaycan Respublikasının prezidentliyinə öz namizədliyini irəli sürsün. Ancaq bu legitim deyil – çünki xalq bunu qəbul etmir. Deməli, o, uğur qazanmayacaq. Yəni leqallıq hüquqla, legitimlik ictimai rəylə bağlı anlayışdır. Bu günə qədər Qarabağda müharibə aparmaq, hərbi yolla torpaqların azad edilməsi leqal idi – bu dövlət olaraq beynəlxalq hüquq prinsipləri ilə də Azərbaycan dövlətinin ayrılmaz hüququdur. Ancaq bu leqallığın yanında bir də legitimlik – xalqın dəstəyi lazım idi. O yox idi – çünki nə xalq hazır deyildi, nə geosiyasi vəziyyətimiz lazım olan kimi yetişmişdi.

Bütün bu qədər təhlil və izahdan sonra gəlinən qənaət budur ki, bu dava yorğan davası deyil, hər şey əvvəlcədən düşünülüb, müzakirə edilib, planlaşdırılıb və strategiyası hazırlanıb. Ən azı 5 ildir ki, dövlət müharibə istiqamətində işlər görür. Həm də müharibəyə hazırlaşmayan bir dövlət 4 milyardlıq hərbi büdcəyə nə gərək duyurdu ki? O üzdən də, inanmaq çox ağlabatan olardı ki, Azərbaycan dövləti 22 illik atəşkəsdən sonra nəhayət ki, düzgün tarixi anı yaxalayaraq, ordunun gücü, xalqın iradəsi və dövlətin qətiyyəti ilə torpaqlarımızı işğaldan azad etməyə səy göstərir. Bizə düşən isə öz birliyimizdən və gücümüzdən zövq alıb, siyasi aləmdə, beynəlxalq müstəvidə xalqın Azərbaycan dövlətinin yanında olduğunu, hətta xalqın dövlətə Qarabağın daha müharibə yolu ilə azad edilməsi üçün basqı etdiyini göstərməkdir. Bu strategiyanın ölü yerindən ən axırıncı variantı erməniləri sülhə məcbur qoymaqdır. Zira, 5 günlük (ola bilsin davam edəcək) İkinci Qarabağ Müharibəsi bir çox məsələyə aydınlıq gətirdi:

1. Azərbaycan dövləti münaqişənin dondurulmasını qətiyyən qəbul etmir.
2. Azərbaycanın heç də səbri yoxdur və xarici qüvvələrin təzyiqlərinə dözmək fikri yoxdur.
3. Azərbaycan dövləti təkbaşına və sürətli şəkildə torpaqlarını hərbi yolla azad etməyə qadirdir.
4. Azərbaycan ordusunun azad etdiyi strateji nöqtələr həm hərbi, həm diplomatik müstəvidə əlimizi gücləndirir, istəsək daha ağır zərbələr vura bilərik.
5. Ermənistan Azərbaycanla müqayisəyə gəlməyəcək qədər zəifdir və heç kim üçün kömək ediləcək qədər üstün tutulacaq müttəfiq deyil.
6. Azərbaycanın isə dostu-düşməni bəllidir, iri və güclü dövlətlər onu dəstəkləyir.
7. İnformasiya müharibəsində də qalibik, səsimizi çatdıra bilirik, daha “yetim uşaq” böyüyüb.
8. Səfirliklərin xətti və təşkilatçılığı ilə mərkəzdən verilən göstərişlər üzrə müxtəlif ölkələrdə Ermənistan əleyhinə aksiyalar keçirib müharibə məsələsini aktual saxlaya bilirik.
9. Bundan sonrakı mərhələdə müharibənin yenidən alovlanmasını istəmirlərsə, beynəlxalq aktorlar Ermənistanı nəticəvi sülh danışıqlarına razı salmalıdırlar və ən azından mərhələli şəkildə torpaqlar boşaldılmalıdır. (ki, ATƏT-in Minsk qrupu həmsədrləri dünən Azərbaycan prezidenti ilə görüşdə bildirdilər ki, danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır)
10. Xalq dövlətin və ordunun yanındadır və hətta dövlətdən müharibə və səfərbərlik tələb edir.

Bu vaxtacan Qarabağın açarını biz çox uzaqda, Moskvada axtarmışıq, ancaq Qarabağın açarı elə Bakıdadır. Qıfıla salınıb, indi güclü bir əl kimi o açarı axıra kimi burmalıyıq...



Teqlər:





Xəbər lenti