Gəncədə Qarabağ toplantısı

Gəncədə Qarabağ toplantısı
  04 Aprel 2016    Oxunub:4230
Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib. Təmas xəttindəki mövqelər atəşə tutulub. Dinc sakinlər arasında ölən və yaralananlar var. Lakin qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını aldı, uğurlu hərbi əməliyyatlar nəticəsində böyük hərbi qələbə qazanıldı.
AzVision.az xəbər verir ki, bu fikirlər Gəncə şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda səslənmişdir. O da vurğulanmışdır ki, Azərbaycan xalqı növbəti dəfə sınaq qarşısındadır. Lakin bu dəfəki sınaq xalqı daha möhkəm birləşdirmək əzmindədir. Ali Baş Komandan cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı nitqindəki qətiyyət, hər sözünün böyük gücü, inam insanlarda ruh yüksəkliyi yaratmışdır. Xalq yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə vurmaq iqtidarındadır.

Toplantıda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dedi ki, hər dəfə Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçiriləndə Azərbaycan uğurlu bir layihəyə imza atanda ermənilər təxribata əl atırlar. Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarına uğurlu səfəri və Prezidentin yüksək səviyyədə qəbul edilməsi xain xislətli düşmənlərin təxribatlara əl atmasına səbəb oldu. Növbəti dəfə də təxribat törətməyə səy göstərən ermənilərin niyyəti gözündə qaldı. Düşmən xeyli miqdarda canlı qüvvə itirdi, texnikası məhv edildi. Vəziyyət tam nəzarət altındadır. Elmar Vəliyev vurğuladı ki, düşmənə bundan sonra da layiqli cavab veriləcək. Çünki Azərbaycan ordusu buna qadirdir.

Bu gün Azərbaycan ordusu pərakəndə deyil, daha mütəşəkkildir. Orduda, insanlarda böyük ruh yüksəkliyi var. Bu isə o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır.

Tədbirdə çıxış edən ictimaiyyətin nümayəndələri bildirdilər ki, əslində Ermənistan hakimiyyəti daxili problemlərindən qaçmaq üçün müharibə kartından istifadə edir. Beynəlxalq hüquqa görə hər bir dövlət öz ərazisini qorumaq hüququna malikdir. Biz ordumuza mənəvi arxa olmalıyıq və xalq ordu ilə birlikdədir.

Tədbirin sonunda toplantı iştirakçılarının təklifləri dinlənildi və qanvermə aksiyasının keçirilməsi qərara alındı.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti