MTRŞ şərt qoydu: Ya pulu ver, ya da serialı

MTRŞ şərt qoydu: Ya pulu ver, ya da serialı
  31 Mart 2016    Oxunub:3073
İctimai Televiziya serial çəkilişləri üçün ayrılan vəsaiti Milli Televiziya və Radio Şurasına geri qaytaracaq.
Bu barədə AzVision.az-a MTRŞ-ın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə bununla bağlı qərar çıxarıb, amma hələlik vəsait geri qaytarılmayıb: ““Qarabağnamə” çoxseriyalı bədii televiziya filmi yarımçıq dayandırıldığı üçün MTRŞ İTV-ni məhkəməyə vermişdi. Telekanalın qarşısında iki tələb qoyulmuşdu: ya serialı başa çatdırıb münayiş etdirməli, ya da onlar üçün ayrılan vəsait geri qaytarılmalı idi. Məhkəmə artıq qərar qəbul edib. “Qarabağnamə” üçün ayrılan vəsait geri qaytarılmalıdır. Əgər serial nümayiş olunacaqsa, MTRŞ tərəfindən məsələyə baxılacaq”-deyə Toğrul Məmmədov bildirib.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün televiziya kanallarına dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Həmin il MTRŞ İTV-də yayımlanan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filminə 800 min manat vəsait ayırıb. Lakin televiziya filmi yarımçıq dayandırılıb.

Bu il MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verərək həmin film üçün ayrılan vəsaitin 429 min manatının geri qaytarılması barədə tələb irəli sürüb. MTRŞ bu iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə MTRŞ-nın iddiasını təmin edib. Qərarla razılaşmayan şirkət isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti