İlham Əliyevin növbəti uğuru: Tehran səfərinin əhəmiyyəti

İlham Əliyevin növbəti uğuru: Tehran səfərinin əhəmiyyəti
  25 Fevral 2016    Oxunub:5125
Ötən gün Azərbaycan prezidenti İlham Əliyev İrana rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticari, energetik, humanitar- mədəni, tibb sahələrini əhatə edən 11 sənəd imzalanıb. Mətbuata bəyanatla çıxış edən Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə ediblər.

Prezident İlham Əliyev vurğulayıb ki, hər iki xalqı tarix, mədəniyyət, ortaq keçmiş, din amili birləşdirir: “Bu möhkəm təməl üzərində münasibətlərimiz qurulur və bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Biz bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daima dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri var. Bu gün həm beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzalkirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik".

Dövlət başçısı İranla əlaqələrin bundan sonra da uğurla davam edəcəyini vurğulayıb: “Cənub-Şərq dəhlizinin açılması ilə bağlı atılan bugünkü addım çox effektlidir. Bu ilin sonunadək Azərbaycan üzərinə düşən vəzifələri icra edəcək, öz dəmir yolumuzu İran xəttinə birləşdirəcəyik”.

Prezident, həmçinin Xəzər dənizinin resurslarının ümumi istifadəsi ilə bağlı da faydalı danışıqların aparıldığını diqqətə çatdırıb: “Xəzər dənizi bizim ümumi sərvətimizdir və o, bizim üçün təhlükəsizlik, sülh və sabitlik mənbəyidir. Azərbaycan enerji sahəsində yaxşı işlər görüb. Bizi parlaq gələcək gözləyir. Bu sahədəki əməkdaşlıq yalnız İran və Azərbaycanın əməkdaşlığı ilə məhdudlaşmır, qonşu ölkələr də bu layihəyə qoşula bilərlər, belə olduğu halda, bu, regional və transmilli layihəyə çeviriləcək”.



Ölkə başçısı çıxışı zamanı qarşılıqlı sərmayə qoyuluşu üçün gözəl imkanların olduğunu deyib. Prezident qeyd edib ki, hər iki ölkədə hazırda ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır, belə olduğu halda qarşılıqlı sərmayə, maliyyə, bank, sığorta, turizm və əczaçılıq sektorlarında da əməkdaşlıq üçün gözəl imkanlar var.

“Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Nə qədər bizim birliyimiz güclü olsa, təhlükəsizlik bir o qədər yüksək səviyyədə qorunacaq”.

İran prezidenti Həsən Ruhani də ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı tərəf olduğunu söyləyib. Bildirib ki, Azərbaycan prezidenti ilə görüş zamanı vacib siyasi məsələlər, habelə iqtisadi və mədəni sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib: “Cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizi ilə bağlı ilin sonunadək vacib irəliləyişin şahidi olacağıq”.

İran prezidenti energetika, neft-qaz, Xəzərin ehtiyatlarının bölünməsi və birgə istifadəsi barədə konstruktiv danışıqların aparıldığını bildirib. Görüşdə İslam dini ilə bağlı məsələlər və Suriya böhranı da müzakirə edilib.



Azərbaycan prezidentinin İran səfərini şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, hər iki ölkə üçün əlaqələrin inkişafı faydalıdır: “Səfər zamanı 11 sazişin imzalanması və bu istiqamətdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi müsbət haldır. Xüsusilə investisiya qoyuluşu və enerji məsələlərində əməkdaşlığın inkişaf etdilməsi ilə bağlı imzalanmış sənədlər mühüm əhəmiyyətə malikdir. İran sözünün üstündə durarsa, Azərbaycan Xəzərin İran sektorunda, eləcə də quruda neft və qaz axtarışları ilə bağlı geoloji kəşfiyyat işləri apara bilər. Hətta lazım gələrsə, dənizdə neft quyularının qazılmasında da iştirak edə bilər. Çünki, İranda belə bir texnologiya yoxdur”.

İranın qaz satışı üçün Avropa bazarlarına çıxmaq niyyətində olduğunu deyən politoloq bildirib ki, bunun üçün Azərbaycan ərazisindən istifadə Tehran üçün ən doğru addımdır.



“İran Avropanın qaz bazarına çıxmaq üçün Ermənistan ərazisini istifadə etməyə çalışır. Amma, Azərbaycan ərazisində keçmişdə İrandan SSRİ-yə qaz ötürən xətt işlək vəziyyətdədir. Hesab edirəm ki, İran qazının Avropa bazarlarına və Gürcüstana ötürülməsi üçün bu xəttdən istifadə etmək mümkündür. Amma, bu məsələ ətrafında açıq fikir bildirilmədi. Ümumən səfər ikili ticarət əlaqələrinin inkişafına böyük töhfə verəcək”.

Q.Hüseynli hesab edir ki, səfər zamanı xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də islamafobiya ilə bağlı ölkə başçılarının fikir mübadiləsidir.

“Xristian təəssübkeşliyi zəminində İslam ölkələrinə qarşı aparılan mübarizə ətrafında müzakirələr aparıldı. Amma, bunun bariz nümunəsi kimi Ermənistanın hərəkətləri göz önünə gətirilmədi. Çünki, islamafobiyanın ən praktik misalı İranın şimal qonşuları arasında baş verir. Bu nöqteyi-nəzərdən Ermənistanın faşizm səviyyəsinə qalxmış islamafobiyasını Həsən Ruhani geniş tənqid etməli idi, amma bunu etmədir. Düşünürəm ki, prezidentin səfəri İran-Azərbaycan münasibətlərinin inkişafına böyük təkan verəcək”.



Millət vəkili Sahib Alıyevin sözlərinə görə, İran üzərindən sanksiyalar götürüldükdən sonra həm böyük dövlətlər, həm də region dövlətləri bu ölkə ilə sıx əməkdaşlığa can atırlar: “Region ölkələri İranın karbo-hidrogen ehtiyatlarının Avropaya çatdırılmasında və yeni formalaşmaqda olan nəqliyyat dəhlizində tranzit rolu oynamaq niyyətindədirlər. Belə ölkələrdən biri Ermənistandır. Bu məsələdə Ermənistanı həm Qərbdəki, həm də İrandakı bəzi dairələr dəstəkləyir. Amma, Azərbaycan prezidenti İlham Əliyevin səfəri göstərdi ki, söhbət cənub-şimal nəqliyyat dəhlizindən gedirsə, rəsmi Tehran bu məsələdə ən vazkeçilməz ölkə rolunda Azərbaycanı görür.

Həsən Ruhaninin bu ilin sonuna qədər İranı Azərbaycanla birləşdirəcək dəmiryolu xəttinin başa çatacağını bildirməsi də bundan xəbər verir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarı və layihənin reallaşmasında mühüm rol oynayan tərəf kimi Azərbaycan bu məsələdə eyni rolda çıxış edir. Xəzər dənizi sahilində ən böyük limanın Ələtdə yaradıldığını nəzərə alsaq, dənizdən yüklərin daşınması baxımdan Ermənistan Azərbaycanla müqayisə oluna bilməyəcək səviyyədədir”.

Karbo-hidrogen ehtiyatlarının tranziti ilə bağlı məsələyə toxunan deputatın fikrincə, nəinki İran neftinin Avropa bazarına çatdırılmasında, eyni zamanda neft yataqlarının birgə istehsalında da Azərbaycanla müəyyən razılaşmalar var. Bu o deməkdir ki, regionun enerji xəritəsində çox böyük dəyişikliklər baş verə, yəni Azərbaycan üzərindən Avropaya qaz və neft nəqli qat-qat arta bilər.



Millət vəkili hesab edir ki, prezident İlham Əliyevin İran səfəri son dərəcə məhsuldar keçib: “Bu səfər hər iki ölkənin əlaqələrində yeni bir mərhələnin başlanğıcı rolunu oynayacaq. Azərbaycan tərəfinin buna hazır olduğu göz qabağındadır. İranın hazırkı praqmatik rəhbərliyi də Azərbaycanın regiondakı rolunu, yerini bilir və Azərbaycanın İrana necə yanaşdığını dəqiq qiymətləndirəcə biləcək.

Biz istəyirik ki, İran heç vaxt sanksiyalarla üzləşməsin, böyük güclərin hədəfi rolunda çıxış etməsin. Prezident İlham Əliyev də çıxışında vurğuladı ki, Azərbaycan İrana sanksiya tətbiq edilməsinin əleyhinə olub. Həqiqətən, Azərbaycan bu mövqeyinə görə təzyiqlərlə üzləşib. Hesab edirəm ki, əgər İranda da Azərbaycana yanaşma bizim qonşu ölkəyə münasibətimiz kimi olsa, hər iki ölkənin əlaqələrində yeni bir mərhələnin başlandığını görəcəyik. Bu, hər iki ölkənin maraqlarına eyni dərəcədə cavab verir”.

Hazırda bölgədə davam edən çətin iqtisadi və geosiyasi vəziyyətdə Azərbaycan-İran yaxınlaşması, ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi prezidentin İlham Əliyevin növbəti uğurlu siyasətinin nəticəsidir. Ölkə başçısının İran səfəri Tehrana böyük ümidlər bağlayan Ermənistana sarsıdcı zərbə oldu.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti