`Davudoğlu yalan danışmayıb...` - Politoloq rəyi

`Davudoğlu yalan danışmayıb...` - Politoloq rəyi
  16 Fevral 2016    Oxunub:2498
Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi növbəti qalmaqala yol açıb. Davudoğlu açıqlamasında Rusiyanın Gürcüstan, Ukrayna, Suriyadan sonra Azərbaycanın ərazi bütövlüyünə də təhlükə yaratdığını bəyan edib.
“Yeni Rusiya siyasətinin konsepsiyası istilaçılıq və aqressivlikdir. Abxaziyada başlayan situasiya Krımda davam etdi. İndi 3 ölkə var ki, Rusiya onların ərazi bütövlüyün pozub: Gürcüstan, Suriya və Ukrayna. Ermənistana verdiyi dəstəkdən dolayı Azərbaycanın da ərazi bütövlüyü Rusiyanın təhdidi altındadır”,-deyə baş nazir bildirib.

Türkiyə hökumət başçısının dediklərinə Rusiyanın reaksiyası gecikməyib. Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında Əhməd Davudoğluna Osmanlı imperiyasının mövcud olmamasını xatırladıb.

“Davudoğlu anlamalıdır ki, Osmanlı imperiyası çoxdandır yoxdur. Regionda bir ölkənin diktəsi keçməyəcək. Çünki bu, müasir prinsiplərə uyğun deyil”.

Rusiya XİN təmsilçisi qeyd edib ki, Rusiya Azərbaycanla dostluq, əməkdaşlıq münasibətləri qurur və Türkiyə bu əlaqələrin zəifləməsini istəyir: “Türkiyə bu əlaqələri korlaya bilməyəcək. Türkiyə yeni Osmanlı imperiyası rolunu oynamağa hazırlaşdı. Amma xatırlamalıdır ki, o vaxtlar bunu “Avropanın Xəstə insanı” adlandırıblar.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyənin baş naziri Qarabağla bağlı həqiqəti söyləyib, yalan danışmayıb: “Rusiya qılıncını sağa-sola çırparaq müxtəlif işlər görür. Türkiyə isə ətrafına müəyyən qüvvələri cəlb edib, Rusiyanın artan təcavüzkar meyllərini ifşa etməyə çalışır. Bəzən Rusiya-Türkiyə gərginliyi fonunda Azərbaycanın adını çəkilməsi tərəddüdlər doğurur ki, bu da Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərər. Bu, heç də belə deyil. Əhməd Davudoğlu həqiqəti deyib. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da bəyan edib ki, Azərbaycan Türkiyə ilə strateji müttəfiq, Rusiya ilə strateji tərfdaşdır. Yəni, ən yüksək səviyyədə münasibətlərin xarakteri açıqlanıb”.

Politoloq qeyd edib ki, Rusiya Türkiyə ilə bir növ əsəb savaşı aparır: “Ona görə də belə bir vəziyyətdə Rusiya Türkiyə tərəfinin açıqlamasını başa düşməlidir. Digər tərəfdən isə Azərbaycan bu məsələdə qətiyyən pəjmürdə olmamalıdır. Çünki, biz belə qənaətdəyik ki, Rusiya Qarabağın alınmasında iştirak edib, problemin həllinin dondurulması və həll yollarının dalana dirənməsinin də günahkarıdır. Ancaq, hesab edirəm ki, Davudoğlunun söylədiklərinə Türkiyə tərəfi cavabdehdir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti