Dünyanı şoka salan proqnoz... - Ötən günün xronikası

Dünyanı şoka salan proqnoz... - Ötən günün xronikası
  16 Fevral 2016    Oxunub:4550
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Fevralın 15-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Ermənistan ordusunun sirri ifşa oldu

Ermənistan Müdafiə Nazirliyi işğal altındakı Azərbaycan ərazilərindəki qoşunlarının ön xəttində yeni müşahidə avadanlıqları qurub. Erməni KİV-ləri xəbər verir ki, ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Qarabağa səfəri TV-lərin hazırladığı videoreportajda yeni müşahidə avadanlığı ötəri olsa da yer alıb.

***

Türkiyədə gərgin gecə: 2 məktəb yandırıldı

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma baş verib. Vilayətin İdil rayonunda havanın qaralmasından sonra gərginlik başlayıb.

***

Azərbaycanda siqaret ucuzlaşacaq

“Ölkədə az satılan siqaretlərin qiyməti aşağı düşəcək”. Bunu “European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri, millət vəkili Rüfət Quliyev deyib.

***

Papanın gizli sevgi məktubları tapıldı

Katoliklərin sabiq lideri papa II Jan Pola aid gizli sevgi məktubları aşkarlanıb. Bu barədə dünyanın nüfuzlu BBC telekanalı sənədli film hazırlayıb.



ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

***

Bahar martın 20-si saat 08:30-da gələcək

Baharın Azərbaycana gəlişinin vaxtı məlum olub. AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində baş verəcək.

***

İran 5 ildən sonra Avropaya neft göndərdi

İranın beş ildən sonra ilk dəfə neftlə dolu tankeri Avropaya yola düşüb. Beynəlxalq sanksiyaların qaldırılmasından sonra İran nefti ilə yüklənmiş ilk tanker Fars körfəzindən yola çıxıb və hazırda Avropaya doğru üzür. Tanker “Lukoil” şirkətinin törəmə müəssisəsi “Litasco”ya məxsusdur və tutumu 1 milyon barreldir.

***

Türkiyə Suriyaya qoşun yeritməyəcək

Türkiyə Suriyaya hərbi qüvvə göndərməyi planlaşdırmır. Bunu ölkənin müdafiə naziri İsmət Yılmaz bildirib.

***

`Formula-1` nədir və necə keçirilir - ARAYIŞ

Bu il ölkəmizdə Formula-1 üzrə Dünya Çempionatı debüt edəcək. Bəs Formula-1 nədir? AzVision.az çoxlarının bu barədə ətraflı məlumatının olmamasını nəzərə alaraq, `f-1.az`-ın baş redaktoru Rəhim Əliyevin yazısını təqdim edir.



Yeni ictimai nəzarət mexanizmi hazırlanır

"Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması səbəbindən belə layihənin hazırlanması zəruri idi. İctimai nəzarətlə bağlı qanunvericilikdə müəyyən müddəalar olsa da, bu məsələ tam təkmil formada deyildi”. Bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentdə "İctimai nəzarət haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

***

`Qarabağ Azərbaycana qaytarılmalıdır` - ABŞ-ın mövqeyi

“Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə - BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, və xüsusi olaraq - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi"nə müsahibəsində deyib.

***

Yeni nazir daha bir rəisi işdən çıxardı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov vəzifəsindən azad edilib. Nazirlikdən bildiriblər ki, İdarə rəisinin səlahiyyətlərini müvəqqəti olaraq baş mühəndis İlham Əfəndiyev icra edəcək.

***

20 ölkənin birgə hərbi manevri başlayır

Səudiyyə Ərəbistanına "Raduş Şimal" (Şimalın göy gurultusu) adlı hərbi manevrlərdə iştirak edəcək 20 ərəb və İslam ölkəsinin hərbi birlikləri toplaşır. Bu manevrlər "bölgə tarixinin ən böyük hərbi manevri" adlandırılıb.

***

Mərkəzi Bank manatla bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 15-dən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

***

Həmsədrlər prezidentləri görüşdürmək istəyir

Sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan Prezidentlərinin arasında hər hansı bir dialoqun baş tutması vacibdir. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi"nə müsahibəsində deyib.



Yağışın yaratdığı füsunkar gözəllik... - FOTOSESSİYA

Bir çoxlarımız fikir verməsək də, yağışdan sonra qeyri-adi, əsrarəngiz mənzərələr ortaya çıxır. AzVision.az-ın fotoqrafı Elvin Abdullanın hazırladığı rəngarəng görüntüləri oxucularımıza təqdim edirik:

***

YAP-çı deputatdan Sevgililər günündə sürpriz - FOTO

Millət vəkili Aydın Mirzəzadə 14 fevral Sevgililər gününü özünəməxsus şəkildə qeyd edib. Millət vəkili öz xanımını orjinal şəkildə təbrik edib.

***



Zika virusu Azərbaycanın bir addımlığında
Rusiyada Zika virusuna yoluxma faktı aşkarlanıb. Bu barədə İstehlak Bazarına Nəzarət İdarəsi (Rospotrebnadzor) məlumat yayıb.

***

170 min dollara məmur olmaq istəyən şəxs kimdir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Aparat rəhbəri vəzifəsindən azad edilən Səfər İmanovun dələduzluq əməllərindən ziyan çəkən daha iki nəfər vəkilə müraciət edib. Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

***

Səyyar `ASAN xidmət` 3 rayonda

15 fevral - 15 mart tarixlərində Səyyar "ASAN xidmət" Goranboy, Ağdaş və Xırdalan şəhərlərində səyyar formada vətəndaşlara xidmət göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

***

`Ermənistan Qarabağı Rusiyanın köməyi ilə işğal edib` - Davudoğlu

`Ermənistan Qarabağı Rusiyanın köməyi ilə işğal edib`. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ukraynaya səfəri zamanı deyib. Baş nazirin sözlərinə görə, Rusiya Gürcüstan, Ukrayna və Suriyanın ərazi bütövlüyünü təhdid etməklə məşğuldur.

***

Nardaranla bağlı ciddi qərar verildi

Nardarandakı məscidlərlə bağlı orada yalnız bir icmanın qeydiyyata alınması və digər məscidlərin o icma vasitəsi ilə mütəvəli (nümayəndə) qayda ilə idarə olunması barədə qərar qəbul edilib. Bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

***

`Deputatlara işlənmiş maşınlar verilib` - Siyavuş Novruzov

“Milli Məclisin komitə sədrlərinə verilən xidməti avtomobillər yeni deyil. Həmin maşınlar 2010-cu ildə alınıb”. Bunu Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov deyib.



`ASAN xidmət` 8 milyonu keçdi - FOTOLAR

“ASAN xidmət”ə 8 milyonuncu vətəndaş müraciətini Quba sakini edib. Fevralın 11-də Qubada Səyyar ASAN xidmətdə müraciəti qeydə alınan vətəndaşa bu gün yeni şəxsiyyət vəsiqəsi təqdim olunub.

***

`Həmin şəxs dölü zibilliyə tullayıb` - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi Bakının Nəsimi rayonu ərazisində 2 uşaq rüşeyminin tapılması ilə bağlı KİV-də yayılan xəbərlərə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında embirionların küçəyə atılmasının mümkün olmadığını bildirib.

***

`Ermənilər eşşəkdən törəyib` - Erməni politoloq Miqranyan

Uzun illər Rusiyada, son 8 ildə isə ABŞ-da yaşayan Andranik Miqranyanın Tert.am saytına müsahibə verib. Jurnalist ona saxta erməni “soyqırımı” inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Rusiya Dövlət Dumasına təqdim edildiyini xatırladıb və ardınca onun aqibəti ilə maraqlanıb, eyni zamanda rusları “erməni məsələsi” ilə möhtəkirlik etməyə çalışmaqda qınayıb.

***

2016 tarixdə ən isti il olacaq

Alimlər güman edirlər ki, bu il temperatur rejimi köhnə rekordu qıracaq. Böyük Britaniyalı alimlər yaxın beş ildə Yer kürəsində hava proqnozunu tərtib etməyi qərara alıblar. Tədqiqatçıların fikrincə, planetimizdə orta temperatur rejiminin artımı parnik qazlarının atmosferə hər il daha çox buraxılması ilə bağlıdır.

***

6238 nəfərin ölkədən çıxışına qadağa qoyulub

6238 borclunun Azərbaycanda getmək hüququ məhdudlaşdırılıb. Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında bildirilib.

***

Azərbaycanlı milyarder otelini satdı

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov İstanbulda yerləşən “The Edition” hotelini satıb. Bu barədə iş adamı Türkiyə mətbuatına məlumat verib.

***

İlham Əliyev viza rejimini sadələşdirdi

Azərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.



`Anam üçün çox darıxmışam`- Kəlbəcər girovu

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin göndərdiyi məktub Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən ailəsinə verilib. Bu barədə girovun bacısı İradə Quliyeva məlumat verib.

***

`Türkiyə Azərbaycanla əlaqələrimizi korlaya bilməz` - Rusiya XİN

Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi növbəti müzakirələrə yol açıb. Əhməd Davudoğlu açıqlamasında Rusiyanın Gürcüstan, Ukrayna, Suriyadan sonra Azərbaycanın ərazi bütövlüyünə də təhlükə yaratdığını bəyan edib. Türkiyə hökumət başçısının dediklərinə Rusiyanın reaksiyası gecikməyib.

Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında Əhməd Davudoğluna Osmanlı imperiyasının mövcud olmamasını xatırladıb.

***

`Rusiya-Türkiyə münasibətləri arzuolunan deyil` - Məmmədyarov

“Həm Türkiyə, həm də Rusiya ilə münasibətlər demək olar ki, bütün sahələr üzrə dinamik olaraq inkişaf edir və Azərbaycan hər iki ölkə ilə münasibətlərin dərinləşməsinə xüsusi əhəmiyyət verir. Azərbaycanın strateji müttəfiq kimi Türkiyə və strateji tərəfdaş kimi Rusiya ilə münasibətlərinin tarixi kökləri var və imzalanmış sənədlərin həcmi, eləcə də müntəzəm qarşılıqlı səfərlər güclü münasibətlərin daha bir sübutudur”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun "The Business Year" jurnalına müsahibəsində bəyan edib.

***

Azərbaycanlı biznesmenin “Piramida”sı sökülür

Moskvada şəhərin arxitekturasına zidd olan və sənədləri qaydasında olmayan ticarət obyektlərinin kütləvi söküntüsü kampaniyasında azərbaycanlılar da ziyan çəkir. Çünki belə obyektlərin bir çoxunun sahibi azərbaycanlılardır. Moskvanın mərkəzindəki “Piramida” ticarət mərkəzinin də sökülməsinə qərar verib.

***

ABŞ səfiri həmsədrləri müdafiə etdi

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllinə çalışaraq məsələni irəli aparmaq istəyən bir qrupdur. Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

***

Dünya əhalisinin yarısı işsiz qalacaq - SENSASİYA

Alimlər şok açıqlama verərək yaxın zamanlarda bəşəriyyəti nə gözlədiyini söyləyiblər. Yer kürəsi əhalisinin yarısı 30 il sonra işsiz qalacaq. Çünki əvvəllər yalnız insanın görə bildiyi işləri artıq robotlar yerinə yetirəcək. Belə bir bəyanatla Hyustondakı Rays Universitetinin professoru Moşe Vardi çıxış edib.

***

Yol polisləri də cərimələnəcək - VİDEO

Bəzən texniki vasitələrin qeydə aldığı qayda pozuntuları ilə bağlı tərtib edilən protokollar sürücünün ünvanına göndərilsə də, elektron sistemə vaxtında yerləşdirilmir. Bu isə sonradan sürücülərin narahatlığına səbəb olurdu. Bu problemi həll etmək üçün inzibati xətalar məcəlləsində dəyişikliklər edilib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti