Əfv komissiyasının tərkibi dəyişəcək

Əfv komissiyasının tərkibi dəyişəcək
  28 Yanvar 2016    Oxunub:2977
Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibinə yenidən baxıla bilər.

Bu barədə AzVision.az-a komissiyadan məlumat verilib.

Bildirilib ki, bir neçə üzvün dünyasını dəyişməsi ilə əlaqədar komissiyanın tərkibinin yenidən formalaşdırılması gözlənilir.

Qeyd edək ki, 21 nəfərdən ibarət olan Əfv komissiyasının bir neçə üzvü dünyasını dəyişib, iki nəfər isə komissiyadan çıxarılıb.

Hüseyn Cavidin ev muzeyinin direktoru Turan Cavid, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, AMEA-nın Dilçilik İnstitutunun sabiq direktoru Ağamusa Axundov, Zahid Qaralov dünyasını dəyişib.

Ombudsman Elmira Süleymanova isə bir müddət əvvəl Əfv Komissiyasının tərkibindən çıxıb.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da komissiyanın üzvülüyündən çıxarılıb.

Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə Əfv Komissiyasının tərkibinə yenidən baxılmalı olduğunu bildirib.

Deputat hesab edir ki, komissiya işlək, bacarıqlı və savadlı şəxslərdən ibarət olmalıdır: “Komissiyanın tərkibində millət vəkilləri, QHT nümayəndələri iştirak edirlər. Yeni tərkibdə Azərbaycanın qanunlarını, hüquq sistemini mükəmməl bilən şəxslər təmsil olunmalıdır. Ziyalı baxışı ilə hər şey tamamlana bilməz. Burada faktlara, törədilən əmələ, ərizələrə hüquqi qiymət verilməsi, onun ictimai təhlükəlilik dərəcəsi, azadlığa çıxan şəxsin cəmiyyət üçün yararlı olub-olmaması məsələsi müzakirə predmeti olmalıdır. Hesab edirəm ki, Əfv Komissiyasına yenidən baxılmalıdır”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti