ANS-MTRŞ davası: Günah kimdədir?

ANS-MTRŞ davası: Günah kimdədir?
  27 Yanvar 2016    Oxunub:3325
Ötən həftə Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə ANS telekanalı arasında yaranan qalmaqal mətbuatın əsas müzakirə mövzularından idi. Nuşirəvan Məhərrəmlinin rəhbəri olduğu qurumunun jurnalist Mirşahin Ağayevin “Hesabat” verilişini bağlaması vəziyyəti daha da gərginləşdirdi. Qarşılıqlı ittihamlar, məhkəmə hədələrinə baxmayaraq, cəmi bir gün sonra MTRŞ ANS-lə bağlı qərarını ləğv etdi.

Qalmaqalın miqyası o qədər böyüyüb ki, sosial şəbəkələrdə də bu mövzu ətrafında ciddi müzakirələr aparılır.

ANS-MTRŞ davasında günah kimdədir? Nuşirəvan Məhərrəmli haqlıdır, yoxsa Mirşahin?

AzVision.az bu suallara cavab tapmağa çalışıb.

ANS-MTRŞ qalmaqalına münasibət bildirən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov AzVision.az-a açıqlamasında dövlətin KİV-ə qayğı ilə yanaşdığını bildirib.

Millət vəkilinin fikrincə, Milli Televiziya və Radio Şurasının yaranması və fəaliyyəti dövlət siyasətinin nəticəsidir: “Bu siyasət söz və ifadə azadlığı prinsiplərinin qorunmasını rəhbər tutur. MTRŞ-nin fəaliyyəti bu prinsipdən kənar deyil və ola da bilməz. Bu, mənim qəti mövqeyimdir. ANS-in Azərbaycanın ictimai həyatında, eləcə də ölkədə söz və ifadə azadlığının dərinləşməsində rolu danılmazdır. Düşünürəm ki, telekanalın ənənələrinə sadiqlik ruhu vacibdir. Əlbəttə, zaman-zaman fikir ayrılıqlarının, hətta mübahisələrin də yaranması mümkündür. Media spesifik sahədir. Burada məsələlərə həssas yanaşılmalıdır. Dövlət siyasətini həyata keçirən qurum da həssas olmalıdır, cəmiyyətin dəqiq və qərəzsiz məlumatlandırılması missiyasını üzərinə götürən media da”.



Deputatın fikrincə, mübahisə və münaqişələrin predmetindən asılı olmayaraq dövlətə inam və etimad zədələnməməlidir: “Nəzərə alaq ki, cəmiyyətdə kifayət qədər problemlər var. Media onları işıqlandırmalı və həlli yollarında dövlətə kömək etməlidir. Bu kimi çəkişmələrin televiziyalara necə təsir göstərməsinə gəlincə, tək televiziyalara təsir məsələsini qabartmaq istəməzdim. Çəkişmələrin ümumən cəmiyyətə mənfi təsiri var. Düşünürəm ki, bunun məsuliyyəti, qanunların aliliyi unudulmamalıdır”.

Şair Aqşin Yenisey hesab edir ki, MRTŞ efir polisidir, yəni onun vəzifəsi efirdəki qanun pozuntularının qarşısını almaqdır. Onun fikrincə, “Hesabat”ın bağlanması haqqında verilən qərar bu qurumun şüuraltısında yatan sovet senzura divinin oyanışı idi ki, dərhal həm cəmiyyətin, həm də daha yuxarı dairələrin etirazı ilə qarşılanıb:



“Bütün hallarda Mirşahin həm bir televiziya rəhbərliyində təmsil olunan şəxs kimi, həm də bir jurnalist kimi Azərbaycan cəmiyyətinin ehtiyac duyduğu adamdır. Bu gün Azərbaycan efirinin yalnız MTRŞ-ın xoşuna gələn bayağı verilişlərlə dolmasının səbəbi televiziyalarda Mirşahin səviyyəli jurnalistlərin olmamasıdır. Bu, Şimal Qütbündən belə aydın görünən bir həqiqətdir”-deyə Aqşin Yenisey bldirib.

Televiziya üzrə ekspert Zeynal Məmmədli MTRŞ ilə ANS arasındakı qarşıdurmanın şəxsi qərəzdən irəli gəldiyini deyib: “Teleradionun tənzimlənməsi haqqında qanunda xəbərlər necə olmalıdır? Tərəfsiz,dolğun, plüralist olmalı, xəbər ictimai rəy yaratmalıdır. Amma biz bunların heç birini görmürük”.



Ekspertin sözlərinə görə, telekanalla MTRŞ arasındakı davanın səbəbi araşdırılmalıdır.

“Əgər MTRŞ öz qərarının tam qanuni olduğuna əmindirsə, həmin qərarı niyə ləğv etdi? Ümumiyyətlə MTRŞ ilk növbədə xəbərdarlıqdan çox cəzanı verir. Bu qurum ANS-ə xəbərdarlıq etməli idi. “Hesabat” verilişində MTRŞ-nın əleyhinə fikir səslənibsə, buna görə verilişi bağlamaq düzgün deyil”-deyə Z.Məmmədli bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti