Nazirlikdən `donuz qripi` açıqlaması: Diqqətli olun

  25 Yanvar 2016    Oxunub : 2021
Nazirlikdən `donuz qripi` açıqlaması: Diqqətli olun
Səhiyyə Nazirliyi "donuz qripi" ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlərin icrasını gücləndirib.
Bu barədə AzVision.az- a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində ağır formalı kəskin respirator xəstəliyə yoluxması şübhəli olanların müalicəsi, o cümlədən, hospitallaşdırılması üçün xüsusi palataların ayrılması, dərman ehtiyatının yaradılması, virusa yoluxması şübhəli olan xəstələrin laborator müayinəsinin aparılması, tibb müəssisələrində dezinfeksiya rejiminin gücləndirilməsi istiqamətində işlər görülüb.

Həyata keçirilən tədbirlər çərçivəsində respublikanın şəhər və rayonlarında zəruri profilaktik, qabaqlayıcı tədbirlər həyata keçirilib. Respublikanın bütün sərhəd ərazilərində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd XidmətiFövqəladə Hallar Nazirliyi ilə işgüzar əməkdaşlıq yaradılıb. Sərhəd-keçid məntəqələrində müvafiq profilaktik tədbirlər görülüb, xüsusi avadanlıq qurulub, gündəlik nəzarət təşkil edilib və aidiyyəti mütəxəssislərə zəruri metodiki yardım göstərilib.

Tibb işçilərinin xəstəliyə qarşı diqqətini və sayıqlığını artırmaq məqsədi ilə respublikanın bütün şəhər və rayonlarının tibb işçilərinə epidemik qrip xəstəliyi barədə təlimlər keçirilib.

İxtisaslaşdırılmış müəssisələrdə ağır kəskin respirator viruslu xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılmış, səhiyyə müəssisələri epidemik virusa qarşı dərman preparatları və tibbi ləvazimatlarla təchiz olunub. Yalnız yanvar ayı ərzində bu tibb müəssisələrində 100-dən artıq ağır formada kəskin respirator virus infeksiyalı şəxs müalicə olunaraq sağaldılıb.

PZR (Polimeras zəncirvari reaksiya avadanlığı) və digər müasir avadanlıqla təchiz edilmiş virusoloji laboratoriyalarda 200-dən artıq şübhəli xəstələrdən götürülmüş nümunələrin müayinəsi təşkil olunmuşdur. Laborator tədqiqatları nəticəsində A(H1N1) virusu aşkar edilməmiş, dövr edən viruslar arasında isə mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil etdiyi müəyyən edilib.

Epidemioloji prosesə dinamik müşahidənin aparılması məqsədi ilə respublikanın iri şəhərlərində kəskin respirator virus infeksiya üzərində gündəlik monitorinq aparılır və nəticələr təhlil edilir. Mövsümlə əlaqədar xəstəliyin bir qədər artmasına baxmayaraq, onun səviyyəsi epidemioloji həddən aşağıdır.

"Nəzərə almaq lazımdır ki, epidemik qrip mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yayılan virusun intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur. Xatırlatmaq istərdik ki, mövsümi qrip zamanı ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, epidemik virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən də ağ ciyər zədələnir", - nazirlikdən bildirilib.

Səhiyyə Nazirliyi ölkədə epidemioloji vəziyyəti daim nəzarət altında saxlayır, zəruri tədbirlərin icrasını davam etdirir.

AzVision.az

Teqlər: