Mirşahin MTRŞ-nı məhkəməyə verir - “Hesabat” qalmaqalı

Mirşahin MTRŞ-nı məhkəməyə verir - “Hesabat”  qalmaqalı
  23 Yanvar 2016    Oxunub:2564
"Milli Televiziya və Radio Şurası ilə ANS televiziyası arasında problem uzun müddətdir yaranıb. Bu, o vaxt olub ki, ANS milli serialların çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsait barədə MTRŞ-ya suallar ünvanladı. Hətta məktub da göndərdik. Amma MTRŞ bundan yayındı".
Bu sözləri ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mirşahin Ağayev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, milli serialların çəkilməsi üçün dövlət tərəfindən ANS-ə 40 min manat ayrılmışdı.

"MTRŞ bununla bağlı göndərdiyimiz məktuba cavab vermək əvəzinə ANS-ə xəbərdarlıq və məzəmmətlər etməyə başladı. MTRŞ-nin qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub. Düzdür, Şura başqa kanallarla da bağlı qərarlar qəbul edib, ancaq əsasən ANS barədə qərarlar verib, qadağalar qoyub. Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir. Biz qanun çərçivəsində sabah məhkəməyə müraciət edəcəyik", - deyə Mir Şahin Ağayev bildirib.

ANS TV-nin hüquqlarını müdafiə edən hüquqşünas Sevda Məhərrəmova isə bildirdi ki, bu gün ANS-in əməkdaşlarını MTRŞ-nin iclasından qovublar və qərarı onlar olmadan veriblər.

Xatırladaq ki, MTRŞ-nin bu gün keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq, Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.


Teqlər:  





Xəbər lenti