Misir hara gedir? – TƏHLİL

Misir hara gedir? – TƏHLİL
  03 İyul 2013    Oxunub:1683
Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin devrilməsindən sonra ölkənin taleyinə hələ də bir aydınlıq gəlməyib. Vəziyyətin nə ilə nəticələnəcəyi haqda hər hansı fikir söyləmək isə indiki halda demək olar, mümkün deyil. Çünki, baş verən olayların ardından, Misirdə daha demokratik ölkəyə çevriləcəyilə yanaşı, diktatura tipli hakimiyyətin formalaşa biləcəyi də istisna olunmur.

Bu mənada, bu gün Misirdə baş verən hadisələri düzgün qiymətləndirmək böyük əhəmiyyətə malikdir. Bəzi təhlillərdə iddia olunduğu kimi, Misirdə Hüsnü Mübarəkdən sonra yaşanan bu mübarizələri islamçı – dünyəvi çəkişməsi, ya da yeni demokratlarla köhnə rejim tərəfdarlarının arasındakı mübarizə olduğunu anlamaq üçün baş verənlərin ən xırda detallarını da incələmək lazımdır.

Onu da qeyd edək ki, ölkədəki müxalif liderlərindən heç biri Konstitusiyada yer alan şəriət qanunlarına qarşı çıxmır. Bu, Hüsnü Mübarəkin hakimiyyəti dövründə də belə idi. Yəni bu liderlərdən heç biri din və dövlətin bir-birindən tamamilə ayrı olduğu bir hakimiyyətin yaradılmasının tərəfdarı deyildi.

Müxalifət təşkilatları yaradan şəxslər arasında fərqli dinə qulluq edənlər var və onlar dövlət quruluşunda da fərqli təxəyyülə sahibdirlər. Ancaq, bu gün Misirin prezidenti, "Müsəlman qardaşlar” hərəkatının siyasi qolu olan Azadlıq və Ədalət Partiyasının lideri Məhəmməd Mursi tərəfdarları ilə müxalifət tərəfdarları arasında baş verən çəkişmələr “dini-dünyəvi qarşıdurma” kimi təqdim oluna bilməz. Çünki ölkə rəhbərliyinə qarşı çıxanlar arasında "köhnə rejimin qalıqları" da qalmaqdadır.

Bəs, görəsən bu gün müxalifət nümayəndələri Məhəmməd Mursi hökumətini nə üçün tənqid atəşinə tutub? Müxalifləri hiddətləndirən başlıca səbəb “Müsəlman qardaşlar” hərəkatının hakimiyyətə dəstək olmasıdırmı?

Hüsnü Mübarəkin devrilməsində iştirak edən liberal və solçu qruplardan olan gənclər, liderlərini dinləmədən aksiyada iştirak etmiş olsalar da, “Müsəlman qardaşlar” hərəkatının müxalifətə sonradan dəstək verməsi inqilaba başlıca mane olub. Və müxalifətçilər hələ də “Müsəlman qardaşlar hərəkatı”nın inqilabı onların əllərindən aldığını iddia edirlər. Bəs görəsən müxalifətin bu nəticəyə gəlməsinə səbəb nədir?

Birincisi, müxalifət “Müsəlman qardaşlar” hərəkatının ən çox səs toplayacağından əmin olduğu üçün, parlament və prezident seçkilərinin tələm-tələsik həyata keçirildiyinə ımindir. Ən vacibi isə budur ki, hakimiyət əleyhdarları Misir konstitusiyasının ratifikasiya olunmasından narahatlıq keçirirlər. Onlar, müvəqqəti olaraq bir yol xəritəsi cızıb və yeni siyasi şəraitlə bağlı “Müsəlman qardaşlar hərəkatı”nın hər hansı bir razılaşma əldə etmədiklərini iddia edir. Başqa bir tərəfdən, hakimiyətin əleyhinə olan müxalif qüvvələr onlara səs verməyən vətəndaşlardan hələ də ümidlərini kəsməyib.

Msirdəki səsvermə zamanı qarışıqlıq yaradan başqa bir amil isə, sələfilərin səs üstünlükləri oldu. Bu qrupa aid edilən Nur Partiyasının gözlənildiyindən daha çox səs toplaması vəziyyəti daha da gərginləşdirdi. İlk növbədə, Sələfilərin topladığı səslər liberal və solçu qrupları ölkədəki dəyişikliyə görə narahatlığa sövq etdi. İkinci tərəfdən, son illər demokratik prinsipləri ideologiyalarına inteqrasiya etməyə çalışan “Müsəlman qardaşlar hərəkatı” Sələfilərə meyillənmək narahatlığı ilə üz-üzə qalıblar.

Sələfilərin səs üstünlüyünü də nəzərə alsaq, Msirdə formalaşan qütbləşməni daha aydın sezmək olar.

Xülasə, bu gün Misir Hüsnü Mübarəkin devrilməsini təmin edən müxalif qruplar arasında baş qaldıran qütbləşmənin nəticəsində qeyri-sabitlik dövrü yaşayır. Bu vəziyyət ölkənin üzləşdiyi sosial-iqtisadi problemləri daha da artırıb. Bu problemlər ancaq güclü siyasi hakimiyyətin formalaşacağı təqdirdə aradan qaldırıla bilər. Hazırda isə Misirdə bu, heç üfüqdə də görünmür.

Mirvari Nəcəf
AzVision.az



Teqlər:





Xəbər lenti