Xaricə gedən turistlərin sayı azalır

Xaricə gedən turistlərin sayı azalır
  07 Yanvar 2016    Oxunub:1961
Bu il Yeni il bayramı günlərində Azərbaycandan xaricə gedən turistlərin sayında ötən illərlə müqayisədə azalma müşahidə edilib.

AzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, turizm şirkətlərinin verdikləri məlumatlara əsasən, dünyada ictimai-siyasi vəziyyətin qeyri-sabit olması, baş verən iqtisadi böhranla əlaqədar bu ilki Yeni il bayramı günlərində Azərbaycandan Yaxın Şərq, Qərbi, Orta və Şərqi Avropa ölkələrinə gedən turistlərin sayı çox az olub. Azərbaycan turistləri Yaxın Şərq ölkələrindən yalnız Birləşmiş Ərəb Əmirliklərinə - Dubaya gediblər.

M.Ağakərimov qeyd edib ki, Azərbaycan turistləri ötən illərdə olduğu kimi yenə də Türkiyədə istirahət etməyə üstünlük veriblər. Azərbaycan turistləri istirahət üçün bu ölkənin İstanbul, Bodrum, Quşadası bölgələrini seçiblər. “Donuz qripi”nin aşkarlandığı Adana vilayətinə gedən Azərbaycan turistlərinin sayı isə olduqca az olub.

M.Ağakərimov qeyd edib ki, Azərbaycandan getmə turizm üzrə əsas azalma Fransa, Çexiya, Sloveniya, Monteneqro üzrə müşahidə edilib. Bir necə il əvvəl Azərbaycandan adları sadalanan ölkələrə daha çox turistin səfər etdiyini, həmin istiqamətlər üzrə hətta çarter reyslərinin də təşkil olunduğunu deyən mütəxəssis qeyd edib ki, bu il çox az sayda Azərbaycan turisti Yeni il bayramı günlərində Avropa ölkələrində - Çexiya, Fransa, Almaniyada, MDB ölkələrindən - Rusiya, Belarus, Gürcüstanda dincəlib.

Mütəxəssis hesab edir ki, gələcəkdə Azərbaycan turistlərinin ümumiyyətlə, ölkə daxilində istirahət etməyə daha çox üstünlük verəcəyi proqnozlaşdırılır: “Çünki Azərbaycan özünün turizm potensialını hələ tam göstərməyib. O, özünü getdikcə daha çox göstərəcək. Bu məsələdə iqtisadi amil də rol oynayacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti