`Donuz qripi`nə görə Azərbaycanda həyəcan

`Donuz qripi`nə görə Azərbaycanda həyəcan
  04 Yanvar 2016    Oxunub:2181
Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində yerləşən Qoşatəpə sərhəd-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.
Buna səbəb Türkiyənin Adana əyalətində H1N1 virusuna (donuz qripi) yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsidir.

Məntəqəyə xüsusi həkim briqadaları cəlb olunub. Türkiyəyə məxsus yük maşınları məntəqəyə daxil olarkən həkim briqadaları tərəfindən yoxlanılır və zəruri dezinfeksiya tədbirlərindən sonra Azərbaycan ərazisinə buraxılır.

Biləsuvar Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə, bayram günlərinə baxmayaraq, qurumun baytar briqadaları “donuz qripi” ilə əlaqədar sərhədyanı kəndlərdə dezinfeksiya işlərinə cəlb olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq ərazidə sahə baytar həkimlərindən ibarət növbətçilik sistemi yaradılıb.

Qoşatəpə sərhəd-keçid məntəqəsində ölkə ərazisinə daxil olan bütün vətəndaşlar da müayinə olunur. Bu müayinələr təkcə "donuz qripi"nin deyil, digər yoluxucu xəstəliklərin qarşısını almaq məqsədi daşıyır.

Bir müddət əvvəl İranda yayılan bu xəstəlik 35 nəfərin ölməsinə səbəb olub. Bu barədə ölkənin Səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari deyib.

Onun sözlərinə əsasən, virus İranın iki əyalətində geniş yayılıb. Bunlar cənub-qərb əyalətləridir. Girman vilayətinin inzibati mərkəzində virusdan 28 nəfər, Sistan və Bəlucistan vilayətlərində isə daha 5 nəfər ölüb. Ölüm sayının artacağı istisna edilmir.

İran səhiyyə nazirliyi bildirmişdi ki, virusun tezliklə Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətlərinə və paytaxt Tehrana da yayılacağı gözlənilir.Ölkənin səhiyyə müəssisələrinə virusa yoluxmuş 600-dan çox xəstə daxil olub.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə ANS PRESS-ə bildirmişdilər ki, "Azərbaycanda "donuz qripi" xəstəliyinin yayılma ehtimalı yoxdur.

"Bilirik ki, İranda donuz qripi yayılıb. Lakin narahatlığa heç bir əsas yoxdur. Nazirlik hər an belə halları nəzarət altında saxlayır. İrana sərhəd olan ərazilərdə də səhiyyə yüksək səviyyədə təşkil olunub", - deyə Səfayə Əhmədova əlavə etdi.

Onun sözlərinə görə, təkcə, virusların yayıldığı vaxtda deyil, ümumiyyətlə, hər zaman Səhiyyə Nazirliyi xəstəlikləri nəzarətdə saxlayır və bu istiqamətdə lazımi tədbirlər görülür.

“Donuz qripi" - insanlar arasında yayılan müxtəlif A/H1N1 viruslarının qarışığından yaranan xəstəlikdir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. (Ans)


Teqlər:  





Xəbər lenti