`MTN-nin ləğv edilməsi doğru addımdır` - Keçmiş MTN-çi
Keçmiş MTN əməkdaşı, politoloq Arzu Nağıyev AzVision.az-a açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində xarici və daxili kəşfiyyat strukturları bir-birindən ayrıdır: “Azərbaycan miqyasında Milli Təhlükəsizlik Nazirliyi kimi böyük bir təşkilatın saxlanılması məqsədə müvafiq deyildi. Məhz buna görə də prezident İlham Əliyevin vaxtında verdiyi sərəncamla bu struktur iki ayrı quruma çevrildi. Hesab edirəm ki, MTN-nin ləğv edilməsi doğru addımdır. Bu, günün tələblərinə görə yerində verilmiş qərardır”.
A. Nağıyev deyib ki, yaxın vaxtlarda yaradılan xidmətlərdə struktur dəyişikliyi aparılacaq: “Bundan sonra hər iki xidmət öz işi ilə məşğul olacaq. Bu xidmətlərin yaradılması ilə onların çevikliyi artacaq. Dövlətin təhlükəsizlik tədbirləri daha da möhkəmlənəcək. Bu qurumlar öz işlərini mükəmməl şəkildə qurmalıdırlar. Hesab edirəm ki, DTX və XTX MTN-dən fərqli olaraq iqtisadiyyat, siyasət və başqa məsələlərlə məşğul olmayacaqlar”.
Elvin Abdulqədirov