“İranın rəsmi mövqeyi əsasdır” - Mübariz Qurbanlı

“İranın rəsmi mövqeyi əsasdır” - Mübariz Qurbanlı
  07 Dekabr 2015    Oxunub:1841
“Xaricdə dini təhsil alanlar bundan sonra Azərbaycandakı məscidlərdə hər hansı formada xütbə və moizə verilməsində iştirak edə və məsciddə rəhbər vəzifə tuta bilməz” .
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bu cür təhsil almış şəxslər təbii ki, başqa sahələrdə çalışa bilərlər:

“Bu məsələdə kimsə onlara hər hansı formada manəçilik törətməyəcək. Azərbaycanda dini təhsil verən mədrəsələrimiz var. O cümlədən Bakı İslam Universiteti var. Biz təklif vermişik ki, Bakı İslam Universiteti bazasında ödənişsiz ali dini təhsil verən dini təhsil ocağı yaradılsın”.

M. Qurbanlı eyni zamanda Nardaran hadisələri zamanı saxlanılan şəxslərin İranda bəzi dairələr tərəfindən qəhrəman kimi təqdim olunmasına münasibət bildirib: “Biz hesab edirik ki, İranın rəsmi mövqeyi əsasdır və İran İslam Respublikasının rəsmilərinin açıqlamaları belədir ki, Nardaranda baş verən hadisələrdə bu ölkənin hər hansı formada iştirakı yoxdur. Əslində dolayısı ilə İran tərəfi də Nardaranda təxribatçı, ekstremist qrupların hərəkətlərini pislədiyini bəyan edir.

Amma bütün ölkələrdə siyasi mühit yekcins deyil. Bizim Ermənistan istisna olmaqla, heç bir dövlətlə qarşıdurmamız yoxdur. Qonşularımızla dost münasibətlərimiz var. İran İslam Respublikasında hansısa din adamının bəyanatı hələ bu dövlətin mövqeyi demək deyil. İranda bu cür hərəkətləri edənlər, bu təşəbbüsü göstərənlər bu dövlətin Azərbaycanla münasibətlərinə xələl gətirmiş olurlar”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti