Nardaranda bu gün nə baş verib?

Nardaranda bu gün nə baş verib?
  04 Dekabr 2015    Oxunub:4664
"Nardaranda həyat əvvəlki vəziyyətinə qayıtmağa başlayıb. Bu gün səhər "Azərişıq", "Azəriqaz" İstehsalat Birliyinin, həmçinin də "Azərsu" ASC-nin əməkdaşları kəndə gəliblər. Hazırda hər üç qurum tərəfindən kənddə abadlıq işləri aparılır".
AzVision.az xəbər verir ki, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ans press-ə deyib. Onun sözlərinə görə, qurumlar daha çox kənddə olan sayğacların yenilənməsini həyata keçirirlər:

"Kənd sakinlərinin evlərində istər qaz, istər də elektrik sayğaclarından yanan, xarab olan, nasaz vəziyyətdə olanlar var idi. Hazırda müvafiq qurumların əməkdaşları kənddə həmin sayğacların dəyişdirilməsi ilə məşğuldur. Kəndin bəzi yerlərinə müşahidə kameraları da quraşdırılır. Bir sözlə kənddə qızğın iş gedir".

Natiq Kərimov bütün bu işlərlə yanaşı kənddə hələ də elektrik enerjisinin bərpa edilmədiyini bildirib. Ancaq polis postları və bu postlarda insanların yoxlanılması halları hələ də davam edir.

Xatırladaq ki, Nardaranda noyabr ayının 26-da atışma olub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 5 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Bununla yanaşı, həmin əməliyyatda 2 polis də vəfat edib.

Dekabr ayının 1-də saat 08.00-da isə qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Əməliyyat ölkə başçısı İlham Əliyevin birbaşa nəzarətindədir və əməliyyatın gedişi haqda prezidentə məruzə edilir.


Teqlər:





Xəbər lenti