`Jurnalistlər məsuliyyətə cəlb olunacaq` - Siyavuş Novruzov

`Jurnalistlər məsuliyyətə cəlb olunacaq` - Siyavuş Novruzov
  04 Dekabr 2015    Oxunub:3471
“Azərbaycanda dinlə dövlət ayrı olsa da, dövlət hər zaman dinin yanındadır”
AzVision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Dini esktremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı komitə sədri bildirib ki, bəzi hallarda din pərdəsi adı altında ayrı-ayrı millətlər, təşkilatlar öz ideyalarını Azərbaycanda idxal etməyə cəhd göstərirlər: “Din atı altında digər ölkələrdə vuruşub, sonradan Azərbaycana qayıdanlar çoxdur. Onlar da orada gördükləri və öyrəndikləri təlimləri burada tədbiq etmək istəyirlər. Son zamanlar dünyaya nəzər saldıqda görərik ki, İslam adı altında ayrı-ayrı təşkilatlar öz məqsədlərini və məkirli niyyətlərini burada həyata keçirməyə çalışırlar. Yeni qanun layihəsi də bu məkrli fikirlərin qarşısının alınmasına yönələn bir addımdır”.

S.Novruzov qeyd edib ki, yeni qanun layihənin Nardaran hadisələri ilə heç bir əlaqəsi yoxdur: “Çünki bu qanun layihəsi əvvəldən də düşünülürdü. Ona görə də gərək bir müddət əvvəl qanun layihəsini qəbul edərdik. Çünki dövlətin atdığı hər bir addım insanların təhlükəsizliyinə yönəlir”.

Milli Məclisin üzvü vurğulayıb ki, son hadisələr bir daha göstərdi ki, vətəndaşlarımız ayıq-sayıq olmalıdır: “Açıq şəkildə görülür ki, bəziləri dövlətçilik əleyhinə çıxırlar. Nardarandakı hadisələrin dinə heç bir aidiyyəti yoxdur. Oradakı hadisələr sadəcə terrordur”.

S.Novruzov həmçinin bildirib ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasından dəqiqləşdirilməmiş məlumat yayan jurnalistlər məsuliyyətə cəlb olunacaq.

Millət vəkili qeyd edib ki, jurnalistlər bu məsələdə məsuliyyətli olmalıdırlar: “Heç kimə imkan vermək olmaz ki, qanundan kənar hansısa dini idarəetmə yaratsın. Azərbaycan vətəndaşları səs verərək, dövlət quruluşunu müəyyən ediblər. Ancaq hardasa dini təlim keçmiş insanlar ayrı-ayrı yerlərdə dövlət quruluşumuzun pozulması yönündə açıq-aşkar fəaliyyət göstərirlər. Ayrı-ayrı dövlətlərin ərazisində təlim keçən insanlar bu işləri görürlər”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti