Nardaran hadisələri ilə bağlı prezidentə müraciət

Nardaran hadisələri ilə bağlı prezidentə müraciət
  03 Dekabr 2015    Oxunub:2921
Dekabrın 3-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qurumun Elmi-Dini Şurasının və Qazılar Şurasının birgə toplantısı keçirilib.

Toplantı “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə toplantıda çıxış edərək bu gün Azərbaycanın digər ölkələrdən öz tolerantlığı və multikultural ənənələri ilə fərqləndiyini bildirib. O əlavə edib ki, bu cür yüksək ənənələrə sahib olan ölkəmiz digər dövlətlər üçün örnəkdir. Azərbaycanda dinə göstərilən xüsusi diqqət və qayğıdan söhbət açan şeyxülislam qeyd edib ki, müstəqillik illərində dövlət vəsaiti hesabına ölkəmizdə təmir edilən və inşa olunan məscidlər, dini abidələr bunun əyani göstəricisidir.

Son günlərdə Nardaran qəsəbəsində baş verən hadisələrdən təəssüflə danışan Allahşükür Paşazadə bildirib ki, QMİ bu hadisələrlə bağlı ilk gündən bəyanat yayıb. Bəyanatda da deyildiyi kimi, həmin hadisələrin dinlə heç bir bağlılığı yoxdur. Bu, dövlət çevrilişi, terrorçuluq cəhdləridir. Biz bu cür cəhdləri qəti şəkildə pisləyirik.

Şeyxülislam Nardaranda sabitliyi bərqərar etmək üçün dövlət tərəfindən görülən bütün tədbirləri dindarların da dəstəklədiklərini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, dövlətimizin öz gələcək strategiyasının səbatlılığını təmin etmək istiqamətində atdığı hər bir addım Azərbaycan vətəndaşlarını, o cümlədən dindarlarımızı qorumaq məqsədi daşıyır. Bu gün ölkəmizdə dinindən, dilindən, milliyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın bir hədəfi var. Bu da azərbaycançılıq ideologiyasıdır. Bu ideologiyanın əsasını ulu öndər Heydər Əliyev qoyub. Azərbaycan xalqı böyük təcrübələrdən keçmiş bu yolun bəhrəsini artıq görüb və görür. Ölkəmizdə tolerantlıq mühitinin qorunmasında Ümummilli Liderin əvəzsiz xidmətləri olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət müşaviri qeyd edib ki, müstəqilliyini bərpa edən zaman Azərbaycanda cəmi 17 məscid var idi. Bu gün isə ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir. Azərbaycanda məzhəb problemi yoxdur, tam tolerantlıq mühiti hökm sürür.

Nardaranda baş verən hadisələrə toxunan Kamal Abdullayev əminliklə bildirib ki, bundan sonra nardaranlılar həqiqi İslam dininin əsaslarına uyğun öz fəaliyyətlərini davam etdirəcəklər.

Dövlət müşaviri deyib ki, heç kim ölkədə öz şəxsi istəklərinə uyğun qayda-qanun yarada bilməz. Bu, qeyri-mümkündür. Kimsə nə vaxtsa dövlətin təməl sütunlarına toxunmaq istəyirsə ona heç vaxt güzəşt olunmayacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan öz Konstitusiyasında dünyəviliyi təsbit edib. Buna görə də ölkəmizdə dövlət-din münasibətləri dünyəvilik prinsipinə söykənir. Bu gün ölkəmizdə dövlətin dinə himayədarlığı açıq-aşkar müşahidə olunur. Biz bəzi İslam ölkələrində gedən prosesləri də müşahidə edirik. O ölkələrdə bəzi qüvvələr İslam adı altında dindən istifadə edərək öz siyasi və digər məqsədlərini həyata keçirmək üçün çalışırlar. Bu cür həssas məqamda biz ciddi addımlar atmalıyıq ki, Azərbaycanda belə halların qarşısını alaq. QMİ bu istiqamətdə mühüm işlər görür. Ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı kifayət qədər güclü hüquqi baza da mövcuddur.

Mübariz Qurbanlı deyib ki, əgər bu gün ölkəmizdə din adından sui-istifadə edilirsə bunun cavabdehliyi də biz din xadimlərinin üzərinə düşür. Biz yol verməməliyik ki, digər dövlətlərdə təlim keçmiş insanlar təhsil aldıqları ölkələrin din-dövlət modelini Azərbaycana gətirsinlər. Yol veməməliyik ki, kimlərsə azərbaycançılıq ideologiyasını arxa plana keçirsinlər. Kimlərinsə ibadət yerlərini siyasət meydanına çevirməsinə imkan vermək olmaz. İslam siyasətə müdaxilə edən din deyil, bizim dinimiz Allah ilə bəndənin bağlılığını ən gözəl şəkildə təmin edən dindir. Bizim dünyəviliyimizə, azərbaycançılıq ideologiyasına müdaxilə edildikdə elm, din xadimləri, siyasət adamları onlara cavab verməlidirlər.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədə qurulub və inkişaf edir. Bu münasibətlərdə heç bir problem yoxdur. Bir qrup insanın din pərdəsi altında dövlətimizin quruluşunu dəyişmək cəhdi yolverilməzdir. Başqa ölkənin dövlət-din modelini Azərbaycana gətirmək istəyən insanlar səhv yoldadırlar.

Komitə sədri deyib: “Adətən biz görmüşük ki, din xadiminin əlində “Qurani-Kərim” və digər müqəddəs kitablar olar. Din xadiminin əlində heç vaxt silah olmaz. Aydın məsələdir ki, bu adamlar din pərdəsi altında başqa məqsədlərə xidmət edirlər. Onlar Azərbaycanda terror aktı həyata keçirmək istəyirlər. Azərbaycanın dövlət quruluşunu dəyişməyə cəhd edirlər. İslam dini terroru qadağan edir. Bizim dinimizlə terrorun heç bir bağlılığı yoxdur. Bu, müqəddəs kitabımızda, peyğəmbərimizin tövsiyələrində birbaşa göstərilir. Onların bu addımları İslama ləkə gətirməkdən başqa bir şey deyil.

S.Novruzov qeyd edib ki, bu gün dünyada İslam dini ilə bağlı ən mötəbər tədbirlər məhz Azərbaycanda keçirilir. Ölkəmizdə dinlə bağlı heç bir problem yoxdur.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, QMİ-nin Elmi-Dini Şurasınin sədri Vasim Məmmədəliyev və bölgələri təmsil edən din xadimləri də çıxışlarında bir qrup təxribatçının ölkəmizdə sabitliyi pozmaq məqsədilə İslam dininin humanist dəyərlərinə zidd olan iğtişaşlar törətmələrini qəti şəkildə pisləyiblər. Bildirilib ki, dövlətin dini dəyərlərə bu qədər diqqət və hörmət göstərdiyi bir vaxtda belə hadisələr ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş qəsddir.

Sonra Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının və Qazılar Şurasının üzvlərinin, Azərbaycanın bölgələrindən olan din xadimlərinin və alimlərin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Müraciətdə deyilir ki, bölgələrdə fəaliyyət göstərən din xadimləri - axund və imamlarımızın ümumi fikrini, habelə elmi-dini ictimaiyyətin rəyini nəzərə alaraq, QMİ Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə, tolerant və multikultural mühitə və məzhəblərarası münasibətlərə zərbə vurmaq, hüquqi, demokratik dövlətin əsaslarını sarsıtmaq niyyəti ilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş terror hadisəsini dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, baş verənləri xarici və daxili pozucu qüvvələr tərəfindən siyasi məqsədlərlə gündəmə gətirilən, cəmiyyətdə nifaq salmaq və dövlət çevrilişinə cəhd kimi qiymətləndirirlər.

Qeyd edilir ki, Azərbaycanın ictimai-siyasi sabitliyinə, tolerant həyat tərzinə xələl gətirə biləcək hər hansı xain əməl layiqli cəzasını almalıdır. Dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən lazımi nəticə çıxararaq öz məkrli niyyətlərinə son qoymalıdırlar. (Azərtac)




Teqlər:  





Xəbər lenti