Ziyalıların Nardaran hadisələrinə münasibəti

Ziyalıların Nardaran hadisələrinə münasibəti
  02 Dekabr 2015    Oxunub:6488
Nardaranda baş verən hadisələr ölkə gündəminin ən aktual mövzusuna çevrilib. Bu olaya münasibət bildirən siyasətçilər, millət vəkilləri, eləcə ölkə ictimaiyyəti hadisələri pisləyir, dini radikalizmi lənətləyirlər.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Nardaran hadisələrinə münasibətində ciddi bir məqama toxunub. O, ölkə ziyalılarının bu məsələyə münasibət bildirməməsindən gileylənib. Qeyd edib ki, ziyalılar Nardaran olayına münasibət sərgiləməli, bu istiqamətdə çağırışlar etməlidirlər.

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq bir neçə ziyalıdan Nardaran olayına münasibət öyrənib.



Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev AzVision.az-a verdiyi açıqlamada Nardaranda baş verən hadisəni faciə adlandırıb.

Tanınmış yazıçı bildirib ki, Azərbaycanın sakitliyin hökm sürdüyü yeganə ölkədir: “Belə bir hadisənin baş verməsinə çox təəssüf edirəm. Bu kimi hadisələrin olmasından xoşum gəlmir. Orada nəyin, necə olmasını deyə bilmərəm. Amma insanların ölümü faciədir”.

İnsan ölümlərini heçə sayan yazıçıları tənqid edən Ç. Abdullayev onlara başqa işlə məşğul olmağı məsləhət görüb: “Orada faciə baş verib. İnsan ölümü baş veribsə, yazıçı bu hadisəyə yaxşı deyirsə, deməli o yazıçı deyil. Getsin, başqa işlə məşğul olsun. Nardaranda insan ölüb, yaralananlar olub. Təbii ki, buna faciə kimi baxmaq lazımdır”.



Tanınmış şair Aqşin Yeniseyin fikrincə, son vaxtlar Nardaranda və ölkənin bəzi əyalətlərində baş verən hadisələr onu göstərir ki, cəmiyyətin müəyyən zümrələri dövlətin dini tolerantlığına qarşı intolerantlıqla cavab verirlər. Yəni tolerantlığı özlərinin şəxsi mənafelərinin, icma məqsədlərinin üstünlükləri kimi başa düşürlər: “Ümumiyyətlə, başqalarının həyatına, fikir və inancına tolerant olmayanlara qarşı hər hansı güzəşt gələcək faciələr üçün zəmin yaradır. Bundan başqa bu gün özünü psixoloq adlandıran falçıları, şair adlandıran meyxanaçıları, alim adlandıran dindarları özümüz köməkləşib cəmiyyətə sırımışıq. Televiziyalarımız, mətbuatımız bu yolda əlindən gələni edib”.

Aqşin Yeniseyin sözlərinə görə, Azərbaycanda hər iki məktəbə sayca ortalama bir məscid düşür və yeni yetişən gənclik təhsilin, incəsənətin cavab verməli olduğu, amma verə bilmədiyi saullara dində, xurafatda cavab axtarır.

“Odur ki, bir balaca paytaxdan kənara çıxıb məscidlərin və məktəblərin, sadəcə, yaraşığına baxmaq kifayətdir. Bir sözlə, Azərbaycanın Naradaran problemi yoxdur, bir neçə qonşu dövlətin Azərbaycan problemi var”.



“525-ci” qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə hesab edir ki, Nardarana baş verənlər təsadüf deyil, bundan öncə də bu kimi xoşagəlməz hallar yaşanıb.

“Aydın görünür ki, Nardaranda din pərdəsi altında qonşu ölkənin maraqlarına xidmət edən, onların sifarişlərini yerinə yetirən insanlar var. Dövlət orqanları qeyd edirlər ki, hələ bu günə kimi Nardaranda bələdiyyə qurmaq mümkün olmayıb. Məscidlərin hamısı qeydiyyatsızdır. Azərbaycana aid olmayan atributlar, bayraqlar, şüarlar orada öz əksini tapıb. Nardaranlılar dövlətin qanunlarına, bayrağına, atributlarına hörmət etməlidirlər. Hər hansı kənar qüvvələrin təsirlərini müdrik Nardaranlılar oradan uzaqlaşdırmalıdırlar. Bilirəm ki, Nardaranda dünyanı dərk edən insanlar çoxdur. Onlar eksterimist, radikal qüvvələrə, başqa ölkələrin dəyirmanına su tökən güclərə imkan verməməlidirlər. Onlar dövlətin gördüyü tədbirləri dəstəkləməlidirilər. İnanıram ki, bu proseslər yaxşı sonluqla bitəcək və Nardaran Azərbaycanın inkişafına tövhə verən bir kənd kimi bizim yaddaşımıza yazılacaq”.



Tanınmış jurnalist, millət vəkili Sahib Alıyev də Nardaranda baş verənlərə münasibət bildirib. Deputat Nardarandakı vəziyyətin bu həddə çatmasında xarici qüvvələrin əlinin olduğunu hesab edir.

“Təbii ki, kimlikləri də. Ancaq özəlliklə də dövlət rəsmiləri onların adlarını açıqlamırlar. Ona görə yox ki, çəkinilirlər. Nardaranı qarışdıranlar nə qədər qüdrətli olsa da, hər halda bəzən ən sərt dillə tənqid edilən Amerikadan da qüdrətli deyillər. Sadəcə, Azərbaycan bununla öz qonşularıyla birlik-bərabərlik içində yaşamaq istədiyini, onlara dost gözüylə baxdığını göstərir”.

Millət vəkili İran parlamentinin təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının sədr müavini Mənsur Həqiqətpurun Nardaranlıları ixtişaşlara səsləməsi ilə bağlı verdiyi açıqlamaya da münasibət bildirib. O, qeyd edib ki, Mənsur Həqiqətpur kimilər Nardaranla bağlı verdikləri açıqlamalarla oradakı ekstremistlərin arxalarında məhz molla rejiminin dayandığını qabartmağa çalışıb: “ Həqiqətpurlar bilməlidir ki, islamafob çevrələrin nəzərində İranla Azərbaycana elə də fərq qoyulmur. Onlar çox istərdilər ki, bu iki qonşu dövlət həmişə ziddiyyətlər girdabında olsun, bir-birini didib-parçalasın və qüvvətdən salsın. Ona görə də həqiqətən islam təəssübkeşləridirlərsə, həmin çevrələrin maraqlarına cavab verən hərəkətlər etməməli, bəyanatlar səsləndirməməlidirlər. Amma nə yazıqlar ki, torpaqlarımızı işğal altında saxlayan ermənilərə açıq və gizli dəstək verdikləri kimi bunu da edirlər. Ölkəmizin iranlaşmasını istəyən və buna çalışanlar anlamalıdır ki, Azərbaycan heç vaxt İran olmayacaq və bizim daxili işlərimizə bu cür qarışmaqda davam edərlərsə, İran indiki kimi qalmayacaq”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti