Dini liderlər İlham Əliyevə müraciət etdilər

Dini liderlər İlham Əliyevə müraciət etdilər
  01 Dekabr 2015    Oxunub:4157
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Avropa yəhudilərinin Bakı icmasının sədri Gennadi Zelmanoviç və Alban-udi xristian dini icmasının sədri Robert Mobili Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.
QMİ-nin mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Beynəlxalq tolerantlıq günü münasibətilə multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərə görə yüksək təltifat – “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görüldükləri üçün dövlət başçısına təşəkkür edib, minnətdarlıqlarını çatdırıblar.

Müraciətdə vurğulanır: `Bu gün sivilizasiyaların qovuşduğu Azərbaycanda təşəkkül tapmış davamlı tolerantlıq mühiti cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyətdir. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları ölkəmizdə mövcud olan söz, vicdan və dini etiqad azadlığından, dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanmaqdadırlar. Dini konfessiyaların rəhbərləri bildiriblər ki, qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada eyni zamanda ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni, mənəvi və siyasi qarşıdurmalar, islamofobiya, antisemitizm, ksenofobiya halları da müşahidə olunur.

Təəssüf hissi ilə qeyd etməliyik ki, etnik-siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini radikalizm, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bütövlükdə bəşər sivilizasiyasını təhdid edən hadisələr zəmanəmizin bugünkü acı gerçəyidir. Belə vəziyyətdə mədəniyyətlərarası dialoqa, aparıcı dünya dinlərinin həmrəylik və sülh çağırışlarına ciddi ehtiyac vardır. Əminik ki, Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin nümunəsi kimi təqdim etdiyimiz Azərbaycanın tolerantlıq modeli sivilizasiyalararası dialoqun və mədəni əlaqələrin inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini verməkdədir.

Dövlətimizin bütün dini konfessiyalar üçün yaratdığı eyni şəraitin və bərabər münasibətin ən parlaq təzahürlərindən biri də multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərə görə bizə təqdim etdiyiniz Fəxri Diplomda əksini tapır. Ümidvarıq ki, bütün münaqişə bölgələrinin, o cümlədən əzəli Azərbaycan torpağı olan Qarabağın problemi tezliklə beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə öz ədalətli həllini tapacaq.


Teqlər:  





Xəbər lenti