Nardaran separatizmi

Nardaran separatizmi
  29 Noyabr 2015    Oxunub:3690
Taleh Şahsuvarlı

Əyalətdən bir nəfər şəhərə gəlir. Bir qohumunun evinə getmək üçün metroya düşür. Elə bu əsnada stansiyadakı vaqonların qapısı bağlanır və qatar hərəkət edir. Əyalətdən gələn adam isə düşünür ki, onun qatara minməsinə qəsdən mane olublar, maşinist qapıları bilərəkdən bağlayıb və səbəb onu daşımamaq istəyi olub.


Nardaranda keçirilmiş əməliyyat və əməliyyatdan sonra qəsəbədə yaranmış vəziyyətlə bağlı xəbərləri izlədikcə bu əhvalat düşür yadıma. Nardaran sakinləri nədən özlərini “dışlanmış” sayır və niyə normal intervalla hərəkət edən qatara çata bilməmələrini hiddətə çevirir və Azərbaycan Respublikası ilə bağlı hər şeyə qıcıqla yanaşırlar? Hə, deyilə bilər ki, Nardaran əyalət deyil, Bakının düz qırağındadır, nardaranlılar da şəhər əhlidir.

Yuxarıdakı əhvalatı hər nə qədər sosial-psixoloji konteksdə nəql etsəm də, mən bu məsələyə münasibətdə heç də deyilənlərin tərəfində deyiləm. Türkiyədə dəniz sahillərindəki irili-xırdalı bütün yaşayış məntəqələrinin əhalisi digər bölgələrdəki vətəndaşlardan öz dünyəviliyinə, müasirliyinə, təhsil səviyyəsinə və tolerantlığına görə seçilir. Türkiyədəki dəniz sahillərindəki bütün bölgələr turizmdən qazanır.

Bəs, Xəzərin sahilində yerləşən Nardaran necə? Ha fikirləşirəm universitetdən, mətbuatdan, QHT sektorundan, çeşidli xarici səfərlərə birgə getdiyimiz qruplardan tanıdığım bir nardaranlı xatırlamıram. Həyatımda heç zaman bir kimsənin Nardaran çimərliklərinə getdiyini, orada ürəyincə istirahət etdiyini eşitməmişəm. Bir neçə dəfə yolum düşüb, içindən keçmişəm, hər dəfə özümü Azərbaycandan kənar bir yerdə, orta çağlarda hiss etmişəm. Onu da xatırlayıram ki, Nardaran camaatının adından danışanlar bir yazısından dolayı mərhum Rafiq Tağının başının kəsilməsini münasib görürdülər.

Bəli, Azərbaycan inkişaf edib, Bakı dəyişib, cəmiyyətimiz müasirləşib, demokratik ideallara qısa vaxtda tam qovuşmağımız mümkünsüz olsa da, özümüzü dünyada multikultural dəyərləri mənimsəyən bir xalq kimi təsdiq edirik. Bu prosesdə Nardaranın yeri və rolu nədən ibarətdir? Əfsuslar olsun ki, bu yaşayış məntəqəsinin adı az-çox mütərəqqi düşünən hər kəsdə əndişə, vahimə yaradır. Əhali qızlarını məktəbə vermir, Təhsil Nazirliyinin qarşısında sekulyar tədris modelinə qarşı dəyənəkli aksiyaya çıxır, kommunal xidmətlərə görə haqq ödəmir, Ana Yasanı və qanunlar bir kənara atır və əvəzində dini və kriminal qaydalar tətbiq edir.

Bu vəziyyəti aradan qaldırmağa, İranın casus şəbəkəsinin paytaxtımızın bir addımlığında dünyəvi dövlətimizə “təzyiq camaatı” formalaşdırmasına mane olmağa mükəlləf Milli Təhlükəsizlik Nazirliyinin başı bac-xəraca qarışmışdı, məlumumuz. Dövlətimiz təzəcə formalaşırdı, içəridən-dışarıdan sabitliyə təhlükə törədə biləcək sosial qruplara qarşı mərkəzi hakimiyyət hövsələ ilə yanaşırdı, bunu da başa düşürük. Amma pırıl-pırıl cocuqların məktəbdə dəqiq və humanitar fənnlər öyrənməsinə əngəl olub, onları meydana “Hüseynçi” kimi çıxarmaq nə demək? Son günlər Nardaranda çəkilmiş görüntülərdəki o uşaqların gələcəyini baltalamaq, onları potensial qatilə, narkomana, terrorçuya çevirmək elə İmam Hüseynin övladlarını Kərbalada qətlə yetirmək kimi bir iş deyilmi?

Mənim bir mövqeyim birmənalıdır: Bir dövlət öz ərazisindəki heç bir yaşayış massivində bu sayaq “psevdomuxtar” bir rejimin qurulmasına imkan verməməlidir. Azərbaycan Respublikası adlı dövlətimiz öz suverenliyini Nardaran kəndində də bərpa etməli, bunun üçün gərəkən bütün vasitələrdən, o cümlədən gücdən istifadə etməkdən çəkinməməlidir. Taleh Bağırovun həbsi üçün keçirilmiş əməliyyatdan sonra bu kənddə yaranmış “bezpredel”ə, açığa çıxmış köklü problemlərə göz yummaq olmaz. Axı bunlara necə “olağan hal” kimi yanaşmaq olar: bir qrup terrorist dəstəkçisi, casus, provakator yığışıb kəndə gələn yolu bağlayır, dövlət qurumlarının ərazidəki fəaliyyətini iflic edir, guya “ağsaqqal” statusunda ortaya çıxanlar isə hüquq-mühafizə orqanlarına, cəmiyyət düzəninə meydan oxuyur? Çox önəmli bir məqama diqqət etmənizi istəyirəm. Nardaranda dövlət qurumlarının fəaliyyətini iflic edənlər deyirlər: “Kənd Hacı Talehi qanadlarının altına almışdı”.

Özləri etiraf edirlər ki, əslən İsmayıllının əhalisinin çoxu türk olmayan Lahıc kəndindən olan, yəni Nardaranla bağlarının “üçüncü əl” tərəfindən hörüldüyü quşqusuz görsənən Hacı Taleh hüquq-mühafizə orqanlarından gizlənmək üçün həmin kəndə sığınıbmış. Bu nüans Hacı Talehin üzvü olduğu Milli Şuranın rəhbərlərinin- Cəmil Həsənlinin, Əli Kərimlinin onu müdafiə üçün dövriyyəyə buraxdıqları “həbs etmək istəyirdilərsə, niyə polisə çağırmırdılar” sualını da yersiz edir. Madam Hacı Taleh belə cəsarətli, belə ürəkli, qanundankənar işlər törətmədiyinə belə əmin idisə, Nardaranda niyə gizlənirdi? Oturardı evində, yığardı ölkə mediasının daşa basıldığı, daxili mediada çalışan jurnalistlərin təpikləndiyi halda Nardarandan canlı yayım təşkil edən “Azadlıq” radiosunun, “Meydan TV”-nin reportyorlarını başına, deyərdi ki, burdayam, məni həbs etmək istəyənlər gəlsin, qollarımı qandallasın!..

Amma Bağırov belə bağırmadı. Bağırdılar ki, Hacı Taleh həbs olunsa, ölkədə qan su yerinə axacaq. Anadolu türkləri demiş, pərşəmbənin gəlişi çərşənbədən bəlli idi. Pərşənbə, yəni cümə axşamı günü Hacı Talehin çevrəsindəki terroristlərlə mübarizədə iki polisimiz qəhrəmancasına həlak oldu. Həlak olan polislərimizin qanı buxarlanarkən istər İranın xəfiyyələri, istərsə də Qərbin “beçinci kolon” üyələri hay-küy saldılar, “adlar açıqlanmır, əməliyyatçılardan kimsə ölməyib” dedilər. Bir qədər sonra isimlər cəmiyyətə bəlli oldu. Ertəsi gün şəhidlərimiz Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyinin iştirak etdiyi bir mərasimlə dəfn olundu. Prezident İlham Əliyev hər iki polisi ölümlərindən sonra təltif etdi. Amma eyni zümrə polis qatillərinə haqq qazandırmaq üçün yenə də susmadı.

Fikir verin, nə yazırlar: İranın xüsusi xidmət orqanları tərəfindən idarə olunan və İranda fəaliyyət göstərən sayt Nardarandakı terrorçular haqqında: "Haqqını tələb edən dərhal vətən xaini nə də ki, İrana işləyən olmur..." Milli Şuranın eyni hadisə haqqında bəyanatından: "Azərbaycan hakimiyyəti Nardaranda konkret bir qrup şəxsin dövlət çevrilişinə cəhd etdiyini, şəriət dövləti qurmaq istədiyini, İrandan yönəldildiyini iddia edir. Biz bu iddiaları əsassız hesab edirik". Həmin sayt: "Nardaran qəsəbəsinə basqın edən polislər özləri bu oyunu qurub, camaatda silah və sürsət olmayıb! Özləri bu cinayəti törədib, sonra da desinlər ki, ekstremist və terrorçu qüvvələr tərəfindən bizə silahlı müqavimət oldu..."

Milli Şuranın bəyanatından: "Hər zaman dinc, sivil mübarizənin tərəfdarı kimi çıxış edən Taleh Bağırzadəyə və tərəfdarlarına qarşı səsləndirilən ittihamları əsassız, saxta və uydurma hesab edir, bütövlükdə hadisəni hakimiyyətin inanclı vətəndaşlarımıza qarşı təxribatı hesab edirik". Milli Şuranın bəyanatında, rəhbərlərinin hadisəyə münasibətində İranın xüsusi xidmət orqanları tərəfindən irəli sürülən xeyli tezis var, hamısını sadalamayaq. Qayıdaq o məsələyə ki, Nardaran Hacı Taleh və onun silahlı bandasını dövlətin qanunlarından və orqanlarından gizlətmək üçün hansı “qanad”a sahibdir? O “qanad”ınsa necə və niyə təşkil edildiyi artıq heç kimə sirr deyil: İran sekulyar dövlətimizə qarşı Nardaranda mütəşəkkil dəstə formalaşdırıb. İndi isə vaxtdır, vətənimizin, xalqımızın bir parçası olan Nardaranı və nardaranlıları əsarət altında saxlayan o dəstənin bütün üzvlərinin ifşa, mühakimə və cəmiyətdən təcrud olunmalıdır.

Bəli, biz- Azərbaycan Respublikasının əksər vətəndaşları öz ölkəmizin çeşidli dini və siyasi qruplar vasitəsi ilə islam inqilabına, narıncı çevrilişlərə çəkilməsini, cəmiyyətimizin xaos və anarxiyaya sürüklənməsini istəmirik. Heç kim iddia etmir ki, Azərbaycanda hər şey idealdır, hər yer güllük-gülüstandır, hər adam hüququn aliliyindən faydalana bilir. Heç şübhəsiz, görüləsi çox iş, gediləcək çox uzun yol qarşımızda. Zira, artıq ağlı başında olan hər kəs görür və başa düşür ki, islamın siyasiləşməsi və silahlanması Azərbaycan üçün ciddi təhlükədir.

Lap başlanğıcda qoyduğumuz suala (Nardaran sakinləri nədən özlərini “dışlanmış” sayır və niyə əslində normal intervalla hərəkət edən qatara çata bilməmələrini hiddətə çevirir və Azərbaycan Respublikası ilə bağlı hər şeyə qızğınlıqla yanaşırlar?) cavabı da məhz bu təhlükənin içində axtarmaq lazımdır. Açıq demək lazımdır, “Nardaran sindromu”nun nüvəsində islam yatır. Nə qədər ki, Azərbaycan ziyalısı, aydını, intellektualı “əsl islam bu deyil” deyə elmi dünyagörüşü dinin ayağına verəcək, bu və bu cür sindromlardan xilas olmaq da çətinləşəcək.

Əlbəttə, dinsiz və dindarsız cəmiyyət olmur. Vicdan və etiqad azadlığına hüquqi təminat verən Azərbaycan Respublikasını da ateist məmləkətə çevirməyə heç kim çağırış etmir. Sovetlər dönəmində sıxışdırılmış din müstəqillikdən sonra öz yerini tapmağa və bərkiməyə çalışır. Bu, təəccüblü və təhlükəli deyil. Bir misal çəkim. Etiqadından asılı olmayaraq heç kimin Hacı Şahin Həsənlinin fəaliyyətinə etirazı yoxdur. O da şiə məzhəbli din xadimidir, moizələr, xütbələr oxuyur, ilahiyyatçı statusunda islamla bağlı mövqe sərgiləyir.

Hacı Şahinin dəsti-xəttində bariz nəzərə çarpan budur ki, o, öz inancını təbliğ edir və bu fəaliyyətində qanunlardan kənara çıxmır. Bir az da dərinə getsək, Azərbaycana İran, Səudiyyə Ərəbistanı, Türkiyə təriqətçilərinin zəhərini daşımır. Min illərdir dədə-babalarımız inandığı islam adına şəriəti və fiqhi deyil, halallıq, ehtiram, yardımlaşma kimi dəyərləri ön plana çıxarır. Nəticədə, istər dövlət, istərsə də cəmiyyət adına Hacı Şahinə “gözün üstündə qaşın var” deyən yoxdur. Amma gəlin məsələyə bir də geniş açıdan baxaq.

Din o cəmiyyətlərdə təhlükə yaratmır ki: a) öz missiyasını bilmiş olsun və siyasətdən uzaq dursun; b) Toplumda sekulyarların sayı dindarlardan çox olsun. Bütün tarix, xüsusən də son 10 ildə yaşananlar isbat edir ki, məsciddən başlayan siyasi mübarizənin son dayanacağı demokratiya deyil. Fəqət demokratiya dövlət adına mühakimə edən hakim qarşısında yada düşən konyuktur anlayış da deyil- vətəndaşlıq bilinci və məsuliyyətinə arxalanan doktrinadır. Bəs, bu doktrinanın nə qədər səmimi təəssübkeşi, tərəfdarı var ölkəmizdə? Haradan maliyyələşməsindən asılı olmayaraq, nə qədər sekulyarlığa sadiq media var məmləkətimizdə?

Düzünü deyim, mən Nardarandakı mövcud gərginliyin önümüzdəki həftə içində çözüləcəyinə, terrorçulara dəstək verənlərin həbs olunacağına, dövlətlə vətəndaşlar arasında qarşıdurma yaratmaq cəhdlərinin iflasa uğrayacağına, hətta həmin bölgəmizlə bağlı innovativ layihələrə start veriləcəyinə inanıram. Doğrusu, dindar kəsimə potensial tərəfdar kütləsi kimi baxaraq əllaməliyə başlamış Əli Kərimli, dini icmalarla ilişgilərində “Hacı” titulunu qabardan İsa Qəmbərdən, islamı dinc vasitələrlə siyasiləşdirən Hacı İlqardan, lap elə məzhəbi bəlli olmayan konstruktiv parlament müxalifətçisi Fazil Mustafadan narahat deyiləm. Çünki adlarını çəkdiyim girəvə gözləyənlərin heç birinin siyasi resursları müxalif düşərgədə sekulyarlığa bağlılığı ilə ön plana çıxan və təqdir qazanan Qüdrət Həsənquliyevin təşkilatlanma imkanlarından çox deyil. Sadəcə bir məsələdən narahatam- dünya Marsda salınacaq yaşayış massivləri barədə baş sındırır, biz isə xəbər portallarından Nardaranda qaz borularının necə döyəcləndiyini seyr edirik...

Yeri gəlmişkən, o qaz borularının döyəclənməsi təsadüfi, kütləvi psixozdan qaynaqlanan məqsədsiz bir hərəkət deyildi. Hər evə uzanan qaz borularının döyəclənməsi ilə sakinlər meydana çağrılırdı... Bunu həm də sekulyar dövlətçiliyimiz üçün həyəcan siqnalı kimi qarşılamaq lazımdır.


Teqlər:





Xəbər lenti