`Azərbaycan demokratiyaya sadiqdir` - İlham Əliyev

`Azərbaycan demokratiyaya sadiqdir` - İlham Əliyev
  24 Noyabr 2015    Oxunub:2232
ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik səmərə verməsə də, diplomatik və siyasi səylər davam etdiriləcək

“V çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibəti ilə sizi təbrik edirəm. Noya brın 1-də keçirilən seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib, bunu beynəlxalq müşahidəçilər də təsdiq edib”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V çağırış Milli Məclisin ilk sessiyasında çıxışında deyib. Dövlət başçısı bildirib ki, bu seçkilərlə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb:

“Azərbaycan demokratiyaya sadiqdir və ölkəmizdə bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir. Son illər ölkədə gedən inkişaf prosesləri bu seçkinin nəticələrinə də mühüm təsir göstərib”.

Prezident İlham Əliyev deyib ki, ölkəmizin beynəlxalq nüfuzu artır, dünyada etibarlı tərəfdaş kimi tanınır: “Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edir bu da vətəndaşların həyatına təsir edir. Yoxsulluq və işsizliyə qarşı mübarizə sahəsində Azərbaycan ciddi nailiyyətlər qazanıb. Bütün bu uğurların təməlində sabitlik dayanır”.

“Azərbaycanda millətlər və dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Bu məsələdə dövlət siyasəti ilə ictimai dəstək vəhdət təşkil edir” deyən Dövlət başçısı bildirib ki, V çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durur: “Hələ də problemlər var və əsas diqqət həmin problemlərin həllinə yönəlməlidir. Bu sırada ilk yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tutur. Ermənistan münaqişənin nizamlanmasında maraqlı deyil. Beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın”.

Prezident İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik səmərə vermir: “Bununla belə, diplomatik və siyasi səylər davam etdiriləcək. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibdir”. Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritetdir: “Bu, ölkəmizin təhlükəsizliyi üçün vacibdir”.

`Heç bir kənar qüvvə Azərbaycanın siyasətinə təsir edə bilməz. Ölkəyə qarşı aparılan çirkin kampaniyalara ən gözəl cavab Azərbaycan reallıqlarıdır` deyən İlham Əliyev dünyada vəziyyətin, güclər nisbətinin dəyişdiyini, Azərbaycanda isə təhlükəsizliyin təmin edildiyini, eləcə də ölkənin özünün hər bir xarici müdaxilədən qorumaq iqtidarında olduğunu bildirib. Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycanın daha da inkişaf etdirilməsi baxımından sistem xarakterli islahatlar, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdirilir:

"İqtisadi sahədə qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstərililməlidir, bölgələrdə infrastruktur və sosial təyinatlı layihələrin həyata keçirilməsi əhəmiyyətlidir. Cənub Qaz Dəhlizinin reallaşması ölkənin imkanlarını daha da genişləndirəcək, bölgələrdə, qitədə gedən proseslərə Azərbaycanın təsir imkanlarını artıracaq, bundan əlavə Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycan mühüm rol oynayacaq".


Teqlər:  





Xəbər lenti