`Ölkəmizdə dini siyasiləşdirmək istəyirlər` - Dini Komitə

`Ölkəmizdə dini siyasiləşdirmək istəyirlər` - Dini Komitə
  19 Noyabr 2015    Oxunub:1607
`Bu gün Azərbaycanın inkişafına mane olmaq istəyən daxili və xarici qüvvələr ölkədə dini siyasiləşdirməyə cəhdlər göstərirlər`.
AzVision.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. O, qeyd edib ki, Azərbaycan uğurlu inkişaf yolu ilə gedən, regionda lider mövqeyə malik, dünyada enerji təhlükəsizliyinə böyük töhfə verən, dünyəvi güclü bir müsəlman dövlətidir:

`Müasir tariximizə nəzər salsaq görərik ki, ölkəmizə və onun müstəqil siyasətinə qarşı müxtəlif səpkili təzyiq vasitələrindən mütəmadi olaraq istifadə olunub. Günümüzdə isə bu daha çox özünü dinin siyasiləşdirilməsi müstəvisində göstərməkdədir. Belə görünür ki, ölkəmizdə mövcud olan ictmai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulması və iqtisadi inkişaf kimlərisə narahat edir. Məhz bu səbəbdən Yaxın Şərq “ssenarisi”ni ölkəmizə tətbiq etməyi xəyal edən qüvvələrin aktivliyi müşahidə edilir.

Bununla sadəcə ictimai-siyasi sabitliyi pozmaq deyil, eyni zamanda Azərbaycanın zəiflədilməsi, ərazimizdən başqa, o cümlədən qonşu ölkələrə qarşı istifadə edilməsi, beynəlxalq layihələrdə, xüsusilə enerji layihələrində dövlətimizin diktə edən tərəfdən diktə olunan tərəfə çevrilməsi məqsədi güdülür. Lakin heç kim unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafımıza heç bir mənfur qüvvə mane ola bilməz`.

Bu gün müasir dünyada dinin siyasiləşdirilməsi prosesi məqsədyönlü, planlı şəkildə həyata keçirilir deyən Səyavuş Heydərov bildirib ki, məlum güc mərkəzləri, siyasi dairələr tərəfindən geosiyasi, geoiqtisadi maraqların təmin edilməsi məqsədilə müxtəlif bəhanələrlə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi adı altında bir çox ölkələrin daxili işlərinə müdaxilələr olunur:

`Bu da öz növbəsində, böyük toqquşmalara, qanlı qarşıdurmalara və həmin ölkələrdə ictimai-siyasi sabitliyin köklü şəkildə pozulmasına gətirib çıxarır. Biz Yaxın Şərqə, o cümlədən Suriyaya nəzər saldıqda qeyd etdiyimiz proseslərin bariz nümunələri ilə qarşılaşırıq. Belə ki, inkişafa və tərəqqiyə, müasirliyə, yeni cəmiyyət yaratmağa doğru yönəlmiş Suriya kimi bir ölkəyə dəstək olmaq, yardımlar göstərmək əvəzinə, bu ölkənin inkişafının qarşısının alınmasına yönələn dağıdıcı fəaliyyətlərə rəvac verildi və hazırda dinin siyasiləşdirilməsinin acınacaqlı nəticələri hər kəsə məlumdur.

Vurğuladığımız güc mərkəzlərinin ölkənin daxili işinə müdaxilə edərək orada “milli müxalifət” yaratması, daha sonra “İŞİD” terror qruplaşmasının meydana çıxması və terrorçu “dövlət” səviyyəsinədək güclənməsi Suriyanın taleyini həll etdi. Maraqlı məqam ondan ibarətdir ki, bu gün artıq həmin qüvvələr Suriyadakı “milli müaxalifəti” xatırlamır, eləcə də “İŞİD”-ə qarşı mübarizədə “acizlik” nümayiş etdirirlər. Ortada isə xarabalığa çevrilmiş, insanların vəhşicəsinə öldürüldüyü, qaçqın və köçkün vəziyyətinə düşdüyü, bir neçə hissəyə parçalanmış ölkə qalıb`.


Teqlər:  





Xəbər lenti