“Alimlərin qarşısında duran vəzifələr çoxdur”

“Alimlərin qarşısında duran vəzifələr çoxdur”
  09 Noyabr 2015    Oxunub:2759
Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib. AzVision.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.

Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.

Prezident İlham Əliyev yubiley münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı Milli Elmlər Akademiyasının 70 il ərzində uğurlu yol keçdiyini, bu gün də ölkənin inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verdiklərini, onların elmi fəaliyyəti sayəsində müxtəlif sahələrdə ən müasir texnologiyaların tətbiq edildiyini bildirdi. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində Akademiyaya münasibətin yaxşı olmadığını xatırlatdı. Diqqətə çatdırdı ki, o vaxtkı rəhbərlik qurumun fəaliyyətinə ehtiyac olmadığı qənaətində idi. Dövlətimizin başçısı yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmə və elm adamlarına yüksək dəyər verildiyini və bu gün də bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğuladı.

Ölkənin tərəqqisində alimlərimizin rolundan danışan Prezident İlham Əliyev yeni təhlükələr və təhdidlərin mövcud olduğu dünyada hər bir ölkənin öz daxili resurslarına arxalanmasının vacibliyini qeyd etdi. Bildirdi ki, dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər ərzində neft-qaz amilindən asıllığı azaltmağa çalışır və buna nail olur.

“Əminəm ki, gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək”, - deyən dövlətimizin başçısı növbəti ilərdə də iqtisadi inkişafın dayanıqlılığı istiqamətində səylər göstəriləcəyini, heç kəsdən asılı olmamaq üçün daxili resurslardan istifadə ediləcəyini vurğuladı.

Prezident İlham Əliyev dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz dəyərli təkliflərini verməyə çağırdı. Dövlətimizin başçısı demoqrafik inkişaf əsas götürülərək alimlərin indidən yeni strategiya üzərində işləmələrinin zəruriliyini qeyd etdi, onları qeyri-neft sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı fəal olmağa çağırdı. “Sənaye və kənd təsərrüfatı sahələri bizim gələcək inkişafımızı təmin edəcək”, - deyən Prezident İlham Əliyev bildirdi ki, kosmik sənayedə beynəlxalq əməkdaşlıq dərinləşməlidir. Dövlətimizin başçısı hərbi sənaye sahəsində də Azərbaycan alimlərinin fəaliyyəti üçün geniş meydanın olduğunu söylədi. Qeyd etdi ki, bu gün ölkəmiz mindən çox adda hərbi təyinatlı məhsul istehsal edir və Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal hesabına həyata keçirilir.

Prezident İlham Əliyev ölkə üçün strateji əhəmiyyət daşıyan neft-qaz sahəsində də alimlərin ən yeni texnologiyalardan istifadə etmək məqsədilə dünya təcrübəsi ilə tanış olmağa çağırdı. “Alimlər qarşısında duran vəzifələr çoxdur. Əsas istək odur ki, Azərbaycan elmi inkişaf etsin və ümumi inkişafımıza töhfəsini versin”, - deyən dövlətimizin başçısı humanitar elmlərin önəmini də vurğuladı. Bildirdi ki, multikulturalizm, Azərbaycan dilinin saflığının qorunması, zəngin tariximiz haqqında dünyaya daha dolğun məlumatın çatdırılmasında alimlərimiz fəal olmalıdırlar.

Milli Elmlər Akmademiyasının prezidenti, akademik Akif Əlizadə yubiley mərasimində iştirak etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi, bu günlərdə dövlətimizin başçısının Sərəncamı ilə alimlərin böyük bir qrupunun mükafatlandırıldığını söylədi və bunu elmə, alimlərə verilən yüksək qiymət kimi dəyərləndirdi. Akif Əlizadə Akademiya əməkdaşlarının 70 illik yubileyə əli boş gəlmədiklərini, dəyərli əsərlər hazırladıqlarını diqqətə çatdırdı. Akademiyanın prezidenti bir daha elmə və elm adamlarına göstərilən diqqət və qayğıya görə alimlər adından Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut Milli Elmlər Akademiyasının zəngin tarixi, Azərbaycan alimlərinin müxtəlif sahələrdə, o cümlədən fizika, biofizika, kosmik sənaye sahələrində əldə etdikləri nailiyyətlərdən məlumatlı olduğunu qeyd etdi, azərbaycanlı alimlərlə əməkdaşlığa maraq göstərdiyini söylədi.

Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev rəhbərlik etdiyi elm ocağının təbrik məktubunu oxudu. “Azərbaycan öz alimləri ilə fəxr etməlidir”, - deyən Viktor Matveyev azərbaycanlı həmkarları ilə əlaqələrindən, həyata keçirilən birgə layihələrdən danışdı, elmə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.


Teqlər:  





Xəbər lenti