Ermənipərəstlərin Cəmil Həsənliyə verdiyi mükafat

Ermənipərəstlərin Cəmil Həsənliyə verdiyi mükafat
  22 Oktyabr 2015    Oxunub:5129
Müxalifət mətbuatı fəxrlə yazır ki, Milli Şura (MŞ) sədri Cəmil Həsənli ABŞ-ın Beynəlxalq Vudro Vilsin Mərkəzi (Woodrow Wilson İnternational Center) tərəfindən mükafatlandırılıb.

Adı çəkilən təşkilat C.Həsənlini fəaliyyətinə görə, 2015-ci ilin İon Ratiu Demokratiya mükafatının laureatı elan edib.
Vudro Vilsin Mərkəzi MŞ sədrinin mükafat almasına səbəb kimi belə göstərib: “Cəmil Həsənli Azərbaycan parlamentinin sabiq üzvüdür, hazırda Demokratik Qüvələrin Milli Şurasının sədridir, 2013-cü ildə müxalifətin ölkənin hazırki prezidentə rəqibi olub. Bu gün Cəmil Həsənli həbsxanalarda olan siyasi məhbuslara mənəvi və başqa dəstəklər verir”.

Ötən il bu mükafatı ukraynalı bloger Nayem, 2013-cü ildə macar Ancela Kosze, eyni zamanda, polşalı Adam Mixnik, rusiyalı Oleq Kozlovskiy və digərləri alıb.

ABŞ-ın siyasi təşkilatı Cəmil Həsənlini hansı xidmətlərinə görə mükafatlandırıb?

Bu suala cavab tapmadan öncə mükafatın verilmə səbəbinə diqqət yetirək: İon Ratio Demokratiya mükafatının əsas istiqaməti beynəlxalq dəyərlərin dəstəklənməsidir.

Belə başa düşmək olar ki, Cəmil Həsənli təşkilatla beynəlxalq əlaqədə olduğuna görə təltif edilib. Söhbət beynəlxalq əlaqədən gedirsə, burada dayanmaq lazımdır:

MŞ sədri istər müxalifətdə, istərsə də vaxtilə iqtidara yarınan zaman hər hansı aktiv beynəlxalq fəaliyyətlə məşğul olmayıb. O, vaxtını əsasən yazı-pozu işlərinə sərf edib.

C.Həsənli müxalifətin Milli Şurasına sədr qoyulandan sonra da onun ölkə hüdudlarından kənarda hansısa beynəlxalq təşkilatla əməkdaşlığına, önəmli Qərb liderləri ilə görüşünə dair xəbərlərə rast gəlinməyib. O “dəyərli” vaxtını əsasən yaxın silahdaşı Əli Kərimli ilə çayxanalarda, yaxud da “Facebook” sosial şəbəkəsində astrloji statuslar yazmaqla, iqtidarın falına baxmaqla keçirir. Yəni, Cəmil bəyin beynəlxalq təşkilatlarla üzbəüz görüşü, məhsuldar yaxınlığı indiyədək gözə dəyməyib. Ona görə yox ki, MŞ sədri bunu istəməyib, əksinə Qərbin rəsmi dairələri gücsüz və qondarma “lider”ə vaxt ayırmaq niyyətində olmayıb.

Sual oluna bilər ki, onda niyə ABŞ-ın 28-ci prezidentinin adını daşıyan təşkilat ona belə bir mükafat verib?

İlk öncə adıçəkilən təşkilatın fəaliyyətinə diqqət edək:

Vudro Vilson adına ictimai və beynəlxalq əlaqələr məktəbi (The Woodrow Wilson School of Public and International Affairs) Priston Universitetində dövlət siyasəti üzrə beynəlxalq Akademiyadır. Mərkəz ABŞ-ın Nyu-Cersi ştatının Prinston şəhərində yerləşir. Vudro Vilson adına ictimai və beynəlxalq əlaqələr məktəbinin əsası 1930-cu ildə Prinstonda qurulub.

Mərkəz daha çox məktəb funksiyasını yerinə yetirir və tələbələri ictimai və beynəlxalq münasibətlərdə lider kimi formalaşdırmaq istəyən Vudro Vilsonun maraqları əsasında yaradılıb.



Vudro Vilson Mərkəzi 1930-cu ildən etibarən tələbələrə bakalavr, 1948-ci ildən etibarən isə aspirant dərəcəsi verməyə başlayıb. Hazırda Vudro Vilson adına Mərkəzdə həm ABŞ-dan, həm də başqa ölkələrdən olan tələbələr təhsil alır.

Vudro Vilson ABŞ-ın tanınan siyasi mərkəzlərindəndir. Bu təşkilat anti-türk və ermənipərəst mövqeyi ilə seçilir. Ermənilərin etibarlı dostuna çevrilən mərkəz Azərbaycana qarşı qərəzli mövqeyi ilə fərqlənir.

Qərbin digər müxalif təşkilatları kimi Vudro Vilsonnun da əsas missiyası Azərbaycan və bu kimi ölkələrdə vəziyyəti gərginləşdirmək və bunun fonunda müxalifət təmsilçilərini qonorar müqabilində əməkdaşlığa cəlb etməkdir.

Azərbaycan iqtidarına qarşı olan təşkilatın müxalifət “lideri”nə dəstək verməsi bu baxımdan gözləniləndir. Cəmil Həsənli və Əli Kərimli kimi dırnaqarası müxalifət liderlərinin hər addımında iqtidari yersiz yerə tənqid etməsi, ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa hesablanmış çıxışların sifarişçisi də heç şübhəsiz ki, Vudro Vilson və bu kimi təşkilatlardır. Yoxsa nüfuzlu beynəlxalq arenada tanınmayan Həsənliyə bu mükafat niyə verilsin ki?

Tarixə nəzər salsaq görərik ki, 28 may 1919–cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ-ın o zamanki prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib.

Ermənipərəst mövqeyi ilə seçilən ABŞ prezidenti Vudro Vilson hakimiyyəti dövründə Ermənistanın Türkiyəyə ərazi iddialarını dəstəkləyib. V.Vilson Ermənistan üzərində ABŞ-ın mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Lakin 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin arzusunu rədd edib.

Vilsonun düşüncələrinə görə insan haqları “Böyük Ermənistan və ermənilərin xilası”ndan ibarət idi. Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini Vilson təyin edəcəkdi. Lakin elə bu vaxt müzəffər türk ordusu bir-birinin ardınca doğma vilayətlərini güclü hamisi olan düşmənin tapdağından azad edir və məkrli planın reallaşmaq ehtimalını puça çıxarırdı. V.Vilsonun qərarı ilə yaradılmalı olan süni "Müstəqil Ermənistan" iki həftəyə süqut etdi.

Anar Rüstəmov







Teqlər:  





Xəbər lenti